AZ

Analitik: Münaqişənin nəticəsi yalnız Rusiya və Ukraynanın səylərindən asılı deyil

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ukrayna ilə münasibətlərin nizamlanmasında boş söhbətlərlə kifayətlənə bilməz:
"Atəşkəs indi heç bir yerə aparmayan yol olardı, yekun hüquqi razılaşmalar tələb olunur. Ukraynaya atəşkəs silahlarla təmin edilmək üçün vaxt qazanmağa görə lazımdır". 

Lavrovun açıqlaması ilə bağlı "Sherg.az"a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibədə aydın şəkildə görünür ki, soyuq qış aylarında Rusiyanın mövqeyi güclənir:

"Burada Rusiya ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadəsi və geniş hərbi resurslara malik olması ön plandadır. Ukrayna isə mübarizəni daha çox vətənpərvərlik ruhu, torpaq bütövlüyünün qorunması və xalqın azadlıq əzmi ilə davam etdirir. Lakin Ukrayna hərbi potensial baxımından Rusiya ilə müqayisədə zəifdir. Qış aylarında Rusiya ordusunun manevr qabiliyyəti və logistika imkanları əhəmiyyətli dərəcədə artır ki, bu da Moskvanın müzakirə masasına oturmaqda o qədər də maraqlı olmamasına gətirib çıxarır. Digər tərəfdən, Ukrayna canlı qüvvə itkiləri ilə üzləşir, Qərbdən gələn hərbi və maliyyə dəstəyi isə kifayət qədər deyil. Xüsusilə ABŞ-da administrasiya dəyişiklikləri ilə göstərilən yardımın davam edəcəyi ilə bağlı qeyri-müəyyənliklər, Kiyev üçün əlavə çətinliklər yaradır. Bütün bunlar isə Ukrayna da ruh düşkünlüyünə səbəb olur". 

Ekspert əlavə edib ki, Kreml hesab edir ki, Donald Tramp hakimiyyətə gəldiyi təqdirdə, müharibənin dayandırılması üçün addımlar atıla bilər:
"Bu ehtimalı nəzərə alaraq Rusiya, danışaq masasına oturana qədər bütün gücünü səfərbər edib nəzarət etdiyi ərazilərin miqyasını genişləndirməyə çalışacaq. Lavrovun açıqlamasından da görünür ki, Moskva müvəqqəti olaraq atəşkəsə razılaşsa, Ukraynanın bu müddət ərzində hərbi gücünü artırmağa, yeni silahlar əldə etməyə və döyüş qabiliyyətini bərpa etməyə çalışacığını düşünür. Ukrayna xalqı hər hansı siyasi rəhbərlikdən asılı olmayaraq, işğal edilmiş torpaqlarını geri qaytarmaq məqsədindən vaz keçməyəcək. Hesab edirəm ki, münaqişənin nəticəsi yalnız Rusiya və Ukraynanın səylərindən yox, beynəlxalq siyasətdəki güc balansından da asılı olacaq. Gələcəkdə bu prosesin necə inkişaf edəcəyi, beynəlxalq ictimaiyyətin atacağı addımlarla müəyyənləşəcək".
Seçilən
15
sherg.az

1Mənbələr