AZ

"Küknar ağacına pərəstiş etmək, şaxta babadan ruzi ummaq..." - Dinimizdə Yeni il haramdır?

Bir çoxları Yeni ilin müsəlmanlar tərəfindən qeyd olunmasını yanlış hesab edir. Onların fikrincə bu, xristianlara aid bayramdır, ona görə də Yeni il günü süfrə açmaq, bayram ab-havasında olmaq məqbul deyil. 

Bəs doğrudan da, müsəlmanlar Yenii ili bayram kimi qeyd etməməlidirlər?

Bu barədə ilahiyyatçı Tural İrfan Redaktor.az-a açıqlamasında bildirdi ki, İslam dinində əsas vacib bayramlar Qurban və Ramazandır. Amma bu, o demək deyil ki, başqa bayramları qeyd etmək olmaz:

"Dinimiz hər xalqın, millətin bayramlarına, hətta digər dini inanclara hörmətlə yanaşır. Məsələn, Aşura günü Nuh peyğəmbər tufandan xilas olaraq quruya çıxıb və gəmidə qalmış bütün ərzağı bir qazana yığıb bişiriblər. Hədik bişirmək buradan qalıb. Qurban bayramı İbrahim peyğəmbərin oğlunu qurban kəsmək istəməsi tarixi ilə əlaqədardır. Milad bayramı da İsanın doğumu ilə bağlıdır, həm də dünyada yeni ilin əvvəlidir. Burada bir qəbahət yoxdur".

Onun sözlərinə görə, İslam dinin, əxlaqın, əqidənin əksinə olan ənənələrdən çəkinməyi əmr edir:

"Bu bayramda günah işlər görüləcəksə, küfr ediləcəksə, onda qeyd etmək olmaz. Küknar ağacı bəzəyib ona pərəstiş etmək, şaxta babadan ruzi ummaq fikrini uşaqların beyninə həkk etmək kimi bidətləri din rədd edir.
Fəqət bu Yeni ilin Quranda, yaxud digər mənbələrdə qadağan edilməsi fikri yoxdur. Müsəlmanlar da keçirə bilər. İmam Əli buyurur ki, savab iş gördüyünüz hər gün bayramdır... 
Əgər insanlar həmin gün sevinirsə, bir-birinə əl tutur şənlənirsə, elə İslam da bunu deyir. Sadəcə məsələ xüsusi gün seçmək məsələsidir ki, burada qəbahət yoxdur. Çünki bir kafirin, ateistin yox, məhz İslamın da qəbul etdiyi peyğəmbərin mövlududur bu gün".

İlahiyyatçı qeyd etdi ki, İslam dini mövlud, matəm qeyd etməyi lazım bilmir. Hətta İslam peyğəmbərinin belə mövludunu qeyd etmək əmr edilməyib:

"Bu Yeni il artıq hansısa bir dinin, xalqın bayramı kimi yox, bütün dünyada yeni il olaraq beynəlxalq bayram kimi qeyd olunur. İnsanlar həmrəy olur, sevinir, yardımlaşır. Nəticə olaraq deyə bilərik ki, bu bayramda süfrə açıb şənlənmək İslama müxalif deyil. Amma gərək orada İslamın haram etdiyi işlər görülməsin. Əgər bu bayramı bəhanə edərək insanlar günlərlə içki içib fəsad çıxaracaqsa, bəzi pozğun əməllərə mürtəkib olacaqsa, öz dinini, adətlərini tərk edəcəksə, bu zaman haram sayıla bilər. Ancaq normal insanların ədəb və əxlaq çərçivəsində bu və ya bu kimi bayramları qeyd etməsində səhv yoxdur. Bu, əksinə digər insanlarla həmrəylikdir, vəhdətdir ki, İslam da məhz elə bunu əmr edir".

Sevinc İBRAHİMZADƏ

Seçilən
5
redaktor.az

1Mənbələr