Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir.
Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir, eyni zamanda, hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyənləşdirib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.
Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərarın qəbul edilməsi bu müstəsna xidmətlərdən biridir.
Ümummilli Lider Heydər Əliyev deyirdi :“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdə öz sözünü dedi.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndi, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrildi. Bu fəaliyyətin təməlində xalqa bağlılıq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının cəmiyyətdə daha da bərqərar olması kimi strateji amil dayandı. Prezident İlham Əliyev çalışır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi ənənələrini, tarixini yaşatsınlar, inkişaf etdirsinlər. Bu da bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından ən mühüm şərtlərdən biridir.
Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur. Məhz onun bu sahədə həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ətrafında birliyimiz və həmrəyliyimiz bizləri Qələbəyə aparan əsas amillərdən oldu. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Bu birlik bizlərə güc, inam, qətiyyət verdi. Gücümüz tükənməz, həmrəyliyimiz əbədi olsun. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!