AZ

2024-cü il Azərbaycan tarixinə qürurverici hadisələri yazdı

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir 

Dövlət başçısı İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etdi ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz: «Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.»

Cənab İlham Əliyev həmin müsahibəsində, həmçinin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir.

Fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə Prezident seçildi. Prezident seçkilərinin qürurverici məqamlarından biri də bu oldu ki, cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. «Qalib xalqın qalib Lideri» devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi növbəti dövrün hədəflərinin uğurla icra ediləcəyinə, Azərbaycanın tarixinə daha möhtəşəm səhifələrin yazılacağına əminliyi artırdı. Dövlətimizin başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikrinə istinad etsək, prezident seçkiləri yeni dövrə xeyir-duasını verdi. Fevralın 14-də keçirilən andiçmə mərasimində Azərbaycanın son 20 ildə qazandığı uğurların təhlilini verən cənab İlham Əliyev bütün vədlərin yerinə yetirildiyini, yeni hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırdı. Bütün sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi yeni dövrün uğurla davam etməsini şərtləndirir. Prezident İlham Əliyev andiçmə mərasimində vurğuladı ki, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətlərinin olacağına şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarını və qarşıda dayanan hədəfləri diqqətə çatdırdı. İqtisadi inkişaf bütün sahələrdə uğurlu addımların atılmasına stimul verir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl orduları sırasında yer alması iqtisadi inkişafımız barədə aydın təsəvvür yaradır. Çünki hərbi gücümüzün artırılması özlüyündə böyük məbləğdə vəsait tələb edir ki, Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Ordunun maddi texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verməsi günümüzün əsas çağırışları sırasındadır. Bütün tədbirlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Belə ki, iqtisadi inkişafa malik olmaq üçün sabitliyin olması əsas faktordur. Sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Sabitliyin yaradılması isə xalq-iqtidar birliyindən asılıdır. Ölkəmizdə bu birlik sabitliyin, inkişafın, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artırılması üçün vacib şərtdir. Dövlətimizin başçısı İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bildirdi ki, hər yerdə, beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə ədalət olmalıdır. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.

O da qeyd edildi ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Cənab İlham Əliyev andiçmə mərasimində bu çağırışı da etdi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir, dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində səsləndirilən fikirlər, imzalanan sənədlər də Azərbaycanın iqtisadi qüdrətinin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinin, etibarlı tərəfdaş kimi nüfuzunun artmasının aydın mənzərəsini yaratdı. «Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

Bu statistik rəqəmi də xüsusi qeyd etməliyik ki, səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edir. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Azərbaycandan təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənəcək. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar axtarır. Onlar Azərbaycanın simasında məhz bunu görürlər. Ölkəmizin sözü imzası qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. 

Azərbaycan hazırda yaşıl enerjiyə keçid ilə diqqətdədir. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edildi. Bu il çərçivəsində keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir oldu. Onun təşkili və keçirilməsi üçün cəmi 11 ay vaxt sərf edildi ki, bu müddətdə hər bir iştirakçını heyrətləndirən hazırlıq işləri görüldü. COP29-un liderlər Sammitindəki çıxışında dövlətimizin başçısı İlham Əliyev əminliklə qeyd etdi ki, Azərbaycan COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olacaq. COP29-da iştirak etmək üçün 197 ölkədən 76 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun təsdiqi oldu. COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı iki həftə davam edən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliyin - Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasını nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Uğurlu nəticələrin miqyası genişdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, əminliklə deyə bilərik ki, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün böyük stimul yaratdı.

Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında «COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!» sərlövhəli paylaşımında bildirdi ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. «Yaşıl dünya naminə həmrəylik» şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. «Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. 120 ölkənin yekdil qərarı ilə dörd il BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı olmasına əsas verdi. Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Cari ilin xarici siyasət uğurlarından bəhs edərkən qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin 2024-cü ildə xarici ölkəyə ilk səfəri Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniya oldu. Bu səfər çərçivəsində cənab İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında xeyli sayda görüşləri keçirildi. Görüşlərdə Azərbaycanın sülh təşəbbüsləri, enerji təhlükəsizliyindəki rolu və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edildi. Həmin görüşlərdən biri də Ermənistanın baş naziri ilə keçirilən ikitərəfli görüş oldu.

Bu səfərdən sonra dövlətimizn başçısı İlham Əliyev qardaş Türkiyəyə səfər etdi. Səfər zamanı imzalanan sənədlər Azərbaycan-Türkiyə əməkdaşlığının strateji xarakterini daha da gücləndirdi. Türkiyə-Azərbaycan Universitetinin yaradılması təhsil sahəsində əlaqələri yeni mərhələyə qaldıraraq gənc kadrların yetişdirilməsinə töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyevin cari ildə iki dəfə Almaniyaya, iki dəfə Türkiyəyə, iki dəfə Qazaxıstana, həmçinin Misirə, Pakistana, Böyük Britaniyaya, Özbəkistana, İtaliyaya və Qırğızıstana səfərləri oldu.

Cənab İlham Əliyevə Kazan şəhərində Tatarıstanın ali dövlət mükafatı olan «Dostluq» ordeni, Bişkekdə isə «Çingiz Aytmatov» ordeni təqdim olundu. Bu mükafatlar dövlətimizin başçısının beynəlxalq əlaqələrdəki uğurlarının və regionlararası əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına, humanist dəyərlərin təbliğinə verdiyi töhfələrin əyani təsdiqi, Ona beynəlxalq səviyyədə göstərilən böyük hörmətin və ehtiramın ifadəsi kimi dəyərləndirildi.

2024-cü ilin mühüm siyasi hadisələrindən biri də sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə növbədənkənar seçkilər oldu. Bütün ölkə ərazisində keçirilən bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğurlu səhifəni yazdı. Cənab İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qarşısında dayanan hədəflərdən geniş bəhs edərək bildirdi ki, bunlara nail olmaq üçün iqtisadiyyat inkişaf etdirilməlidir. Əsas hədəf Azərbaycan iqtisadiyyatını daim şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Bütün bunlar sübut edir ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyil.

Sentyabrın 20-də - Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak etdi, Universitetin müəllim və tələbə heyəti ilə görüşdü. Həmin görüşdə dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi: «Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!»

Bu statistik rəqəm də açıqlanır ki, 2024-cü ildə Azərbaycanda 130 beynəlxalq tədbir keçirildi. Hər bir tədbir Azərbaycanın təqdimatında öz sözünü dedi. Tədbirlərin əhatə etdikləri sahələrə və mövzulara diqqət yetirdikdə Azərbaycanın bütün istiqamətlərdə təcrübəsinin nümunə olduğunu əminliklə qeyd edə bilərik. Bakıda ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında yaşıl enerjiyə keçid məsələləri əsas müzakirə mövzusu oldu. Bu il keçirilən tədbirlər sırasında «Parçalanmış dünyanın bərpası» mövzusunda XI Qlobal Bakı Forumunu da xüsusi qeyd etməliyik. Şuşada keçirilən 2-ci Qlobal Media Forumu da cari ilin mühüm tədbirləri sırasındadır. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forumdakı çıxışında dövlətimizin başçısı İlham Əliyev jurnalistin «Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir» sualını cavablandırarkən bildirdi ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik? Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik: «Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.» Dövlətimizin başçısı müsahibədə türk dünyasının birliyinə diqqəti yönəldərək vurğuladı ki, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır, daha möhkəm olur. İnşallah, belə də olacaq.

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır. Belə bir əminlik də ifadə edildi ki, bu gün imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Ümumiyyətlə, tədbirlərin miqyası geniş və əhatə etdikləri mövzular rəngarəng oldu. Onların hər biri müasir dövrün çağırışlarını özündə ehtiva etməklə Azərbaycanın malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Dostlarımızın bütün qitələrdə sayı artır.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
20
ikisahil.az

1Mənbələr