AZ

Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI

Təyyarəmizin Rusiya HHM-ləri tərəfindən vurulması təsdiqini tapır; Moskva isə izi itirməyə çalışır

Dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə ilə bağlı istintaq komissiyası ilkin nəticələri hələ açıqlamasa da, qəzanın gerçək səbəbinə şübhə yeri qalmayıb. Çoxsaylı və təkzibolunmaz dəlillər, müxtəlif təşkilatların yaydıqları açıqlamalar, faktlar sərnişin təyyarəsinin Rusiya HHM qüvvələrinin vurduğunu təsdiqləyir. Səhvən, yoxsa bilərəkdən, bu, artıq başqa sualdır.

Qalır indi Rusiya tərəfindən gerçəyin açıq etirafı və üzrxahlığı. Təzminat və günahkarların cəzalandırılması da öz yerində. Əgər Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddursa (Ən azından 22 fevral 2022-ci il Moskva Bəyannaməsi bunu diktə edir), o zaman məntiqlə iki ölkə arasında bütün məsələlər şəffaf və açıq olmalıdır.

Yada salaq ki, illər öncə Suriyada Türkiyə səhvən Rusiyaya məxsus təyyarəni vurmuşdu. Özü də bu mülki yox, hərbi təyyarə idi. Lakin döyüş şəraitində vurulmasına baxmayaraq, qardaş ölkə buna görə Rusiyaya üzrxahlıq etmişdi.

Qazaxıstanda

Yaxud 44 günlük müharibə zamanı Rusiyaya məxsus olan, əvvəlcədən xəbərdarlıq etmədən döyüş zonasına girən və Azərbaycanın mövqelərinə yaxınlaşarkən vurulan hərbi helikopter. Bu əslində təxribatçı bir uçuş idi. Amma buna rəğmən, Azərbaycan Rusiyaya üzrxahlıq etdi, cinayət içi açıldı, kompensasiyalar verildi və s.

İndi isə söhbət mülki təyyarədən və onlarla günahsız insanın ölümündən gedir. Rusiya bu faktları görməzdən gələ bilməz. Ən düzgün seçim səmimi etiraf və üzrxahlıqdır. Məsələnin tək həlli yolu yalnız budur.

Bəs Rusiya özündə güc tapıb buna gedəcəkmi? Bu məsələdə Rusiya tərəfdən ilk reaksiya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan gəldi. O bildirib ki, İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək. Peskov Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb. Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb.

“Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik informasiya ancaq onlardan gələ bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Azərbaycan araşdırmaların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib. Məlumata görə, artıq türkiyəli mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib.Türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcək.

Çingiz

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında deyib ki, faktlar təsdiqini tapana qədər məsələlər ehtimallar üzərində qurulur: “Görünən odur ki, təyyarəmiz vurulub. Onun təxribatçılar, Rusiya Hərbi Hava Qüvvələri, yaxud da Azərbaycanın Rusiya ilə arasını vurmağa çalışan qüvvələr tərəfindən vurulduğu bilinmir. Ona görə də Peskov kimi rəsmi şəxslərin bu cür çıxışları protokol qaydalarına uyğundur. Bu o demək deyil ki, təyyarənin Rusiya ərazisində vurulmasına görə bu ölkə Azərbaycandan üzr istəməyəcək və beynəlxalq qaydalara uyğun olaraq kompensasiya ödənilməyəcək. Bu birmənalıdır, olacaq, üzr istəyəcəklər və  beynəlxalq aviasiya qanunlarına uyğun olaraq kompensasiya ödəyəcəklər. Hələlik rəsmi qurumların açıqlaması olmadığına görə, Peskovun bu cür danışmasını Rusiyanın gələcəkdə də bu hadisəyə görə bir üzr istəməsi, kompensasiya ödəməsi məsələsini kənara qoyacaq.

Birmənalı olaraq təyyarəmiz Rusiya tərəfindən hansısa silahla vurulub. Lakin onun qəsdən və ya səhvən edildiyi hələ bilinmir.  Amma bütün hallarda mülkü aviasiya qanunlarına uyğun olaraq, ölkəsinin ərazisində digər dövlətin mülkü aviasiyasının uçan obyektləri varsa, onun təhlükəsizliyinə zəmanət verilməli və ekstremal situasiyalarda onun normal enişinə şərait yaradılmalıdır. Amma bunları biz Rusiya tərəfindən görmədik.  Çünki pilotlar müəyyən yerlərə eniş istəyib, lakin icazə verilməyib və Aktauya yönləndirilib. Bəlkə də bunun arxasında qəzanın Xəzər dənizində baş verməsi və izlərin itirilməsi durur. Bunların hamısı istintaqın işidir. 

Vladimir Putinə bu məsələ ilə bağlı rəsmi arayış təqdim edənə qədər o gözləyəcək və hansısa bir şərh verməyəcək".

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu bildirir ki, rəsmi Moskva bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər: “Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki ”xəbər" yaydılar - “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. O da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb? 2015-ci ildə Rusiyaya bağlı Donbass separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurdular. Moskva bugünə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq.

Rusiya-Azərbaycan

Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Böyük ehtimallab Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi. Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil. Güllə izləri var, izi azdıra bilməzlər. Ümid edirdilər ki, təyyarə Xəzər dənizində batar, amma batmadı.  Deyə bilməzlər ki, səhvən vurulub.  Səhvən vurulubsa niyə imkan verməyiblər ki, Mahaçqala və Mineralnıye Vodıda təyyarə ensin.

İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi. Bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Lakin sonunda etiraf edəcəklər, sadəcə vaxt udmağa çalışırlar.

Ola bilsin ki, etiraf da etməsinlər, “quş sürüsü” kimi nağılları danışmağa başlasınlar. Bu Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir göstərəcək".

Ancaq hələlik görünən budur ki, Rusiya təyyarə qəzasına görə məsuliyyəti üzərindən atmağa çalışır.

“Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası ”Kovyor" planının həyata keçirilməsinə başlamışdı".

Musavat.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov  məlumat yayıb.

“Kovyor” planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s.

Ekspertlər hesab edirlər ki, bu kimi açıqlamalarla Rusiya günahı öz üzərindən atmağa çalışır.

Şahanə RƏHİMLİ,
Musavat.com

Seçilən
7
1
musavat.com

2Mənbələr