Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın SİA-ya müsahibəsini təqdim edirik:
- Yeni il süfrəsi necə təşkil olunmalıdır?
- Təbii ki, bayrama hazırlaşmaq dedikdə insanlar bol çeşidli qidaların hazırlanması, süfrənin fərqli nemətlərlə doldurulmasını düşünür. Amma nəzərə almaq lazımdır ki, bizim orqanizmimiz standart çalışma mexanizminə malikdir. Bayramda daha çox yemək qəbul edək, orqanizmimiz bunu normal qəbul edəcək deyə bir şey yoxdur. Ona görə, yaxşı olar ki, əgər biz sağlam olmaq istəyiriksə, mütləq sağlam qidalanmamıza bayram günlərində də diqqət edək. Xüsusilə, xroniki xəstəliyi olan insanlar, şəkərli diabet xəstələri, bir çox xəstəliyi olan insanlarla yanaşı immun sistemi aşağı olan, azyaşlı və yuxarı yaşdakı insanlar daha diqqətli olmalıdır. Çünki dünyada qida zəhərlənməsindən əziyyət çəkən insanların əksəriyyəti bayram günlərində say etibarilə daha çoxluq təşkil edir. Bu da evdə hazırlanan qidaların doğru saxlanılmamasından tutmuş qida qəbulunda miqdarı aşmaqdan qaynaqlanan zəhərlənmələrdir. Yaxşı olar ki, bayramda bir növ ana yemək və bir növ salatın hazırlanmasına diqqət etsinlər. Nəzərə alaq ki, bizdə də bayram günləri ard-arda bir neçə gün olacaq. Bir gündə bütün qidaları hazırlamaq yerinə menyular şəklində hər gün istehlak edəcəkləri qədər təzə qidalar hazırlayıb qəbul etsinlər.
- Bayram ərəfəsində insanlar istəyirlər ki, bütün qidalardan istifadə etsinlər. Bəzən də olur ki, bütün qidalardan hazırlayırlar, həmin qidaları həftələrlə, soyuducuya qoyub illərlə yeyirlər. Bu, nə dərəcədə düzgündür? Zəhərlənmə ehtimalı varmı?
- Qidanı bişirərkən istehlak edəcəyimiz qədər bişirib yedikdə bu zaman o sağlam və keyfiyyətli qida ola bilər. Ancaq onu bir sonrakı günlərə saxladıqda, hələ ki düzgün şəkildə saxlanılmırsa, dəfələrlə isidilib sonra dondurulursa, bu zaman qidanın tərkibində bakteriyalar, mikroorqanizmlər sürətlə çoxalır. Nəzərə alaq ki, bir yemək fərqli qida məhsullarından hazırlanır. Ət, tərəvəzlər fərqli tərkibdə olduğu üçün bişirildikdə tez zamanda keyfiyyətini itirir. Həm də qidalılıq dəyəri çox aşağı düşür. Ona görə bu şəkildə qidalardan istifadə edən insanlarda davamlı olaraq həzm problemləri, mədə-bağırsaq sisteminin pozulması, yeməyi qəbul etdikdən sonra bəzən baş ağrısı, bəzən qarın nahiyəsində ağrı, bəzən şişkinlik olur. Bu kimi şikayətlər olduqda düşünmürlər ki, bu, köhnə yeməkdən qaynaqlanan məsələ ola bilər. Yaxşı olar ki, köhnə yeməklərə üstünlük verməsinlər. Hər yeməyin təzə bişirilməsinə, bişirildikdən sonra da doğru şəkildə saxlanılmasına diqqət etsinlər.
- Bayram günlərində ən çox zəhərlənmələr hansı qidalardan olur?
- Ən çox mayonezli salatlardan qaynaqlanan zəhərlənmədir. Çünki mayonezli salatları hazırlayarkən onun hazırlanma prosesindən tutmuş qəbul ediləcəyinə qədər 6 saat ərzində qəbul olunmalıdır. Bəzən deyirik ki, otaq temperaturunda iki saata qədər saxlanıla bilər. Amma bu otaq temperaturu 20-21 dərəcə nəzərdə tutulur. Əgər temperatur yuxarıdırsa, bu, məhsulun tez xarab olmasına gətirib çıxarır. Digər məsələ turşular, konservləşdirilmiş məhsullardır. Hər zaman risk mənbəyidir. Xanımlar konservləşdirilmiş məhsulları evdə hazırlayarkən bəzən sanitar-gigiyenik normalara əməl etmirlər. Rəngi, dadı dəyişmiş məhsulu "heç nə olmaz" deyə qəbul edirlər və zəhərlənmələrə gətirib çıxarır. Əgər qapaqda şişmə varsa, suda bulanıqlıq varsa, çöküntü varsa, onlardan istifadə etmək olmaz. Mayonez və ketçupun üzərində 6 aydan 1 ilə qədər son istifadə müddəti göstərilsə də, açıldıqdan sonra 3 gün və daha tez müddətdə bitirilməlidir. Soyuducuda saxladıqları halda buna əməl etmirlər. Elə bilirlər ki, daha uzun müddət saxlamaq olar. Bu da zəhərlənməyə səbəb ola bilər.
- Təcili tibbi yardım gələnə qədər insanlar zəhərləndiklərini hiss etdikdə nələr etməlidirlər?
- Baxır ki, hansı məhsuldan zəhərlənmədir. Çünki bir çox zəhərlənmələr daha kəskin və ölümlə nəticələnə bilən səbəblərə gətirib çıxarır. Bunlara turşudan və göbələkdən zəhərlənmə aiddir. Mümkün qədər tez zamanda həkimə müraciət etmək lazımdır. Daha çox mayenin verilməsi ilə yanaşı həmin möhtəviyatın qusdurulması həyata keçirilməlidir. Aktivləşdirilmiş kömürü də kiloqrama görə qəbul edirlər ki, amma ən yaxşı üsulu həkimə müraciət etməkdir.
- Sağlam həyat tərzi keçirmək üçün nələrə diqqət etməliyik?
- Ümumiyyətlə, sağlam həyat tərzi bir günlük, bir həftəlik, indi dəbdə olan 21 günlük məsələ deyil. İnsan ömür boyu istifadə edəcəyi qidalardan, sevdiyi idman növündən istifadə edərək və bunu davamlı edə biləcəyi şəkildə seçməlidir. Bu, hər bir insanın yaşadığı yerə görə, işinə görə, eləcə də coğrafi mövqeyinə, yaşına, cinsinə görə fərqli olmalıdır. İnsanlar buna müvəqqəti çəki vermək üçün üz tuturlar. Bu şəkildə olmamalıdır. Çünki biz gündəlik fiziki aktivliyi nəzərdə tuturuqsa, bu, gündəlik 30-40 dəqiqəlik yürüyüşlə yanaşı, yüngül, orqanizmə fayda verəcək idman hərəkətləri də olmalıdır. Eyni zamanda qida qəbulunun porsiyaları günlük bəlli olmalıdır ki, bizə nə qədər kalori lazımdır. 20-25 yaşa qədər olan insanlar gündə üç dəfə əsas yemək qəbul edirsə, 25 yaşdan yuxarı insanların iki dəfə əsas yemək qəbul etmələri ən önəmli məsələlərdən biridir. Ancaq bir çox insanlar işləyir, oxuyursa, buna əməl etmir, daha çox axşam saatlarında qida qəbul edirlər. Bu da sağlam həyat tərzinə zidd olan amillərdən biridir. Günlük iş rejiminə, həyat tərzinə uyğun olaraq qəbul edəcəkləri qida saatlarında qidanın yanında olmasını bəlli etməlidir. Çünki qidalanma hər gün davamlı baş verən prosesdir. Hər gün bunu nəzərə almaq üçün planlama etmək lazımdır. Bu artıq vərdişə çevrildikdən sonra heç də çətin olmur.
- Həmçinin un və çörək istehlakı ilə bağlı tövsiyələriniz də maraqlıdır. Azərbaycanda istehsal olunan zavod çörəkləri keyfiyyətcə qənaətbəxşdirmi?
- Un, çörək, paxlalılar gün ərzində karbohidrat miqdarını tənzimləyən qidalardır. Gün ərzində də hər bir insan enerjili olması üçün karbohidrata ehtiyac duyur. İnsan karbohidratı un məmulatlarından da, quru meyvələrin, eləcə də meyvələrin tərkibindəki şəkərdən də qəbul edə bilər. Keyfiyyətli və mənşəyi bəlli olan yerdən alınan çörəkdirsə, günün birinci yarısında istifadə etsinlər. Səhər və günorta qəbul olunan un məmulatları daha tez həzm olunur və enerjiyə çevrilir. Amma axşam saatlarında maddələr mübadiləsinin sürəti aşağı düşdüyünə görə, eyni zamanda hərəkətlilik azadlığına görə axşam saatlarında qəbul edilən kaloriyə çevrilir. Hər bir insan fərqli miqdarda qəbul etməlidir. Ümumi götürsək, səhərlər 1-2 dilim şəklində, günorta 1 dilim qəbul etmək, axşam isə qəbul etməmək daha faydalıdır.