AZ

Yeni il süfrəsi qurmaq baha başa gələcək: məhsulların qiyməti bu qədər artıb

Günlər keçdi, aylar bir-birini əvəz etdi, növbəti il artıq təqvimin astanasında dayanıb. Hər kəs köhnə problemləri elə köhnə ildə "azdırıb" yeni ilə keçmək istəyir. Həmişə olduğu kimi dərd-sərsiz, qayğısız bir ilə ümid edirik. Amma o vaxta qədər ki, yeni il axşamında süfrələrimizi bəzəyəcək təamların, naz-nemətin satıldığı bazarlara ayaq basırıq. Piştaxtalardakı qiymətlər bizə yeni il gəlməmiş "köhnə mallar, təzə qiymət" dedirdir. Çünki hər il olduğu kimi bu il də ərzaq qiymətlərində artım müşahidə olunub.

Vətəndaşların bayramla əlaqədar kənd təsərrüfatı və digər yerli qida məhsullarına olan tələbatlarını ödəmək üçün hər il olduğun kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Tədarük və Təchizat ASC” ilə birgə paytaxtın bir neçə yerində “Kənddən şəhərə” yarmarkaları təşkil edib.

Publika.az-ın əməkdaşları Gənclik metrostansiyasının çıxışında yerləşən yarmarkada qiymətlərlə maraqlanaraq bir ailənin Yeni il bayramı süfrəsinin neçə manata ərsəyə gələcəyini hesablayıb.

Girişdə yerləşdirilən məlumat lövhəsində məhsulların qiyməti ilə tanış olmaq mümkündür. Bununla yanaşı, fermerlər özləri də məhsulların keyfiyyəti ilə bağlı dolğun məlumat verirlər.

Keçək qiymətlərə...

Yeməklərin hazırlanmasında əsas məhsul olan mal ətinin qiyməti 17-20 manat təşkil edir. Bu qiymətlər market və qəssab mağazalarına görə dəyişir. Quzu əti isə 20 manat civarındadır.

Digər əsas məhsullardan olan kərə yağının qiyməti kiloqramına görə orta hesabla 16-25 manat, yarmarkada satılan nehrə yağının qiyməti isə 15-17 manatdır. Süfrənin əsas atributunu təşkil edən plov üçün istifadə edilən düyü 4-5, lobya qurusu 5-6, noxud 4, əncir qurusu 15 manatdır.

Salatlarda və soyuq yeməklərdə istifadə edilən marketlərdə satılan məhsullardan olan mayonezin qiyməti 1.70 (200 ml) – 2.90 (400 ml) arasındadır.

Yarmarkada isə, salatların digər tərkib hissələri olan zeytun (kiloqrama görə) 12-18, pendir çeşidləri (kiloqrama görə) 4 manatdan 15 manata qədər dəyişir. Turşuların qiyməti 2-10 manatdır. Yumurta 20-40 qəpik civarında, göyərti növləri 15 qəpiklə 30 qəpik arasında dəyişir.

Konservləşdirilmiş market məhsullardan olan qarğıdalı konservi (350-850 ml) 2.40-7 manatdır.

Meyvələrdən alma 0.50-2.50, armud 1.30-2, üzüm 2.50-3, portağal 0.80-2.50, naringi 0.80-2.80 manatdır.

Seçilən
15
1
publika.az

2Mənbələr