AZ

Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanın turizm mərkəzlərinə mediatur təşkil edib

Naxçıvan, 28 dekabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının turizm mərkəzlərinə mediatur təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mediatur iştirakçıları əvvəlcə “Ağbulaq” İstirahət Mərkəzinə yollanıblar. Mərkəzlə əyani tanışlıq zamanı qeyd olunub ki, mərkəzdə eyni vaxtda 80 nəfəri qəbul edə bilən 38 otaq var. Otaqlar müasir avadanlıqlarla təchiz olunub. Həmçinin 3 restoran, 2 əyləncə parkı, kafe-bar, minifutbol və voleybol meydançaları da gələnlərin istifadəsindədir.

Vurğulanıb ki, istirahət mərkəzinin nəzdində Ağbulaq Xizək Mərkəzi də fəaliyyət göstərir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən Mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 59 oturacaq quraşdırılıb. Xizək Mərkəzi yüksəkkeyfiyyətli avadanlıq və xüsusi geyimlərlə təchiz olunub. Bir sözlə, “Ağbulaq” İstirahət Mərkəzində həm qış aylarında, həm də yay mövsümündə mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

“Duzdağ” istirahət kompleksi ilə tanışlıq zamanı məlumat verilib ki, kompleks ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir. Hoteldə 144 otaq və 7 villa var. İstirahət kompleksindəki akvapark, sürüş zolağı, oyun zalı və kafedən ibarət Duzdağ Kartinq Mərkəzi, Duzdağ Hotel Spa Mərkəzi, minifutbol meydançası buraya üz tutanların ixtiyarındadır.

“Duzdağ” Fizioterapiya Mərkəzinə gələn qonaqlara bildirilib ki, labirint şəklində, ümumi uzunluğu 42 kilometr olan Duzdağın yeraltı hissəsi girişdən 350 metr məsafədə, 110 metr dərinlikdədir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzu bir çox xəstəliklərin, o cümlədən bronxial astma, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit, allergik rinit və digər xəstəliklərin müalicə və profilaktikasında faydalıdır. Mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.

 

 

Seçilən
9
azertag.az

1Mənbələr