TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.
Cəlb olunan vəsait TuranBank-a istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
“Əminik ki, imzalanmış müqavilə müştərilərimizə rəqabətədavamlı maliyyə alətləri təqdim etməklə Azərbaycanda idxal-ixrac fəaliyyətini daha da stimullaşdıracaq və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək.”- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün bildirək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış bu müqavilə sayca dördüncü sazişdir. Belə ki, Bank əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb edib.
Qeyd edək ki, Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.