AZ

"Üzür istəmək böyüklükdür" - DEPUTAT

"Üzür istəmək böyüklükdür" - DEPUTAT"Nümayiş olunan videokadrlardakı görüntülər, təyyarənin içərisində və gövdə hissəsindəki qəlpə yerləri, şahidlərin ifadələri, kapitanın Qroznı hava limanının dispetçeri ilə danışığının stenoqramması sübut edir ki, təyyarə vurulub. Konkret olaraq, kim tərəfindən vurulması istintaq tərəfindən araşdırılandan sonra məlum olacaq".

Bunu Sonxeber.az-a deputat Nəsib Məhəməliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, bu səhlənkarlığın elementləridir:

"Düşünmürəm ki, Rusiya rəhbərliyi tərəfindən sərnişin təyyarəsinin vurulması barədə tapşırıq verilib. Çünki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir və münasibətlərin pozulması, gərginlik nə Rusiyaya, nə də Azərbaycana lazım deyil. Bununla yanaşı, hansısa təxribatı da istisna etmək olmaz. Mənə elə gəlir ki, burada səhlənkarlıq elementləri var. Rusiya-Ukrayna müharibəsi gedir. Hər iki dövlət dronlar vasitəsilə bir-birilərinin şəhərlərini, hava limanlarını və s. atəş altında saxlayır. Bütün bunlar məlum məsələlərdir. Bizi maraqlandıran suallara cavab verilməlidir. Hər şeydən əvvəl Qroznı hava məkanının qapadılması ilə bağlı, Bakı niyə məlumatlandırılmayıb və uçuşa icazə verilib? Nəyə görə, təyyarə vurulandan sonra Qroznı hava limanına eniş etməyə icazə verilməyib? Kapitanın çoxsaylı xahişlərinə rəğmən yaxınlıqdakı şəhərlərə yox, Xəzər dənizinin üzərindən, 600 km uzaqlıqda yerləşən Aktauya istiqamətləndirilib, naviqasiya sistemləri söndürülüb və s.
Hesab edirəm ki, Rusiya böyük, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan dövlət olduğunu sübut etməlidir. Kimliyindən asılı olmayaraq, obyektiv araşdırma aparmalı, günahkarları məsuliyyətə cəlb etməlidir. Beynəlxalq normalara uyğun olaraq üzür istəməli, qəzada həlak olanların ailələrinə, xəsarət alanlara və dəymiş ziyana görə Azərbaycan dövlətinə kompensasiya ödəməlidir. Üzür istəmək böyüklükdür. Biz, 2020- ci ildə 44 günlük müharibədən sonra səhvən Rusiyaya məxsus helikopteri vurmuşduq və üzür istədik, zərəri də ödədik.
Yeri gəlmişkən, vurulan təyyarənin sərnişinləri arasında mənim təmsil olunduğum Balakən rayonunun 15 sakini olmuşdur. Onlardan 9-u dünyasını dəyişmiş, 6 nəfər xəsarət almışdır. Mən indi yoldayam. Səhər həmin ailələrə baş çəkəcəyəm. Qəza baş verən andan, Prezident İlham Əliyev dövlət komissiyasının yaradılması, mövcud problemlərin həll edilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Zərər çəkmiş ailələr diqqət mərkəzindədirlər. Kimlərinsə, özfəaliyyət şəklində maddi yardım etməsinə ehtiyac yoxdur. Azərbaycan dövləti nə lazımdırsa, onu edir və edəcək. Bir daha təkrar edirəm, bütün məsələlər sivil qaydada, beynəlxalq normalara uyğun şəkildə rəsmi Moskva tərəfindən tənzimlənməlidir".

Vüsalə İbrahimli

Seçilən
3
2
sonxeber.az

3Mənbələr