AZ

Uçuşlar ləğv edildikdə biletlərin aqibəti necə olur? - AÇIQLAMA

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qroznı üzərində Rusiya HHM tərəfindən raketlə vurulmasından sonra ölkəmizə məxsus bu aviaşirkət Rusiyanın bir neçə şəhərinə uçuşları dayandırdı. 

Bəs bu kimi hallarda təyyarəyə öncədən bilet alanları nə gözləyir?

Mövzu ilə əlaqədar turizm eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu cür hallar daha əvvəl də olub. Onun sözlərinə görə, bu vaxtlarda insanlar təmkinli olmalı və yaranmış vəziyyəti dəyərləndirməlidirlər:

"Hər bir halda burada aviaşirkətdən asılı olmayan səbəblər də var. Çünki aviaşirkətlər bileti satdığında belə bir halla rastlaşacaqları nəzərdə tutulmayıb. Ümumiyyətlə, hər bir vətəndaş aldığı bileti təyyarə uçmadığı halda ödədiyi məbləği tam şəkildə geri ala bilir. Yəni bu aviaşirkətin satış siyasətinə uyğun olaraq yeni qoyduğu qaydadır. Bəzi aviaşirkətlər də var ki, bunu vauçer şəklində sərnişinə təqdim edir. Vətəndaş nə zamansa həmin aviaşirkətdən istifadə etdiyində verilən vauçerdən istifadə edib yenidən uçuş həyata keçirə bilər".

Ekspertin sözlərinə görə, "Azərbaycan Hava Yolları"nın mövcud durumu ilə bağlı bütün vəziyyətdə insanlara yardım edilir:

"Yazılan biletlərin tam şəkildə geri qaytarılmasına şərait yaradılır. İstər aviakassalarda, istər turizm şirkətlərində yazılan, istərsə də veb saytlarda yazılan biletlərlə bağlı sərnişin problem yaşamır. "Azərbaycan Hava Yolları" hər hansı bir neqativ hal baş verdiyində, müəyyən səbəblərdən dolayı uçuşların təxirə düşməsində və s. vətəndaşların yanında olub. Biz bunu koronavirus epidemiyası vaxtı da, müharibə şəraitində olanda da bir neçə reysin təxirə salınması zamanı müşahidə etmişik".

Rəhman Quliyev qeyd etdi ki, heç bir turistin hüquqlarının pozulmasından belə söhbət gedə bilməz.

"Bütün vətəndaşların ödənişləri tam şəkildə geri qayıdıb. Bir neçə il bundan qabaq Ukrayna-Rusiya müharibəsi başlayan zaman "Azərbaycan Hava Yolları"nın bütün Rusiya uçuşları təxirə salındı və sonra tədricən bərpa olundu. Həmin vaxtda "Azərbaycan Hava Yolları" bütün satılan biletlərin vətəndaşlara pullarını geri qaytarılmasını təmin etdi və vaxtlarının dəyişdirilməsinə şərait yaratdı. Təbii ki, bu hal başqa aviaşirkətlərdə də baş verə bilər. Biz bunu arzulamırıq. Yəni biz istəyirik ki, bütün aviaşirkətlər müştərək olaraq turizm şirkətlərinə və eyni zamanda vətəndaşlarla davamlı əməkdaşlıq etsin. Çünki aviaşirkətlərin fəaliyyəti ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edən faktorlardan biridir", - deyə ekspert vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Seçilən
8
redaktor.az

1Mənbələr