Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.
Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.
İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. İlk muzey Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Tarix muzeyi adı ilə də tanınan Tağıyevin ev muzeyidir.
Bir çox sivilizasiyaların təsiri, o cümlədən qədim tarixə malik olan Azərbaycanda mədəniyyətin müxtəlifliyi də özünü göstərir. Bu səbəbdən ölkəyə gələn turistlər bu mədəni zənginliyin şahidi olmaq üçün muzeyləri gəzməyə üstünlük verirlər
Bəs bu il ölkədaxili muzeyləri neçə nəfər ziyarət edib?
Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət nazirliyindən bildirilib ki, il ərzində ölkəmizdə fəaliyyət göstərən muzeylərə yerli və xarici olmaqla 656 634 ziyarətçi gəlib.
Onu da qeyd edək ki, regionlarda fəaliyyət göstərən muzeylərə maraq daha çox olub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən muzeyləri 265 896 nəfər, regionlarda fəaliyyət göstərən muzeyləri isə 390 738 nəfər ziyarət edib.