“Barselona”nın Dani Olmonu bu mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirə bilmədiyi haqda məlumat vermişdik.
Gundem.az xəbər verir ki, klub əmin idi ki, “Nike” ilə yüksək səviyyəli müqavilə La Liqanın Olmonu, eləcə də hücumçu Pau Viktoru qeydiyyatdan keçirə biləcəyinə maliyyə zəmanəti verəcək.
Lakin kataloniyalılara rədd cavabı verilib. Bu məsələni həll etmək üçün klub rəhbərliyinin cəmisi 4 günü qaldığı bildirilir.
Əgər alınmasa, Olmo yanvarın 1-də komandanı azad agent kimi tərk edə bilər – avqustda “Leypsiq”dən transfer olunan yarımmüdafiəçinin qeydiyyatı ilə bağlı problemləri nəzərə alaraq, belə bir bənd onun müqaviləsinə daxil edilib.
İspan futbolçu üçün təxminən 60 milyon avro ödənilib.
Düzdür, Olmo özü bir neçə dəfə vəziyyətdən istifadə edib pulsuz getmək istəmədiyini, “Barselona”da oynamağa davam etmək istədiyini bildirmişdi.
Bu mövsüm Dani 6 qol vurub və 1 məhsuldar ötürmə edib.