AZ

"Belə çıxır ki, Rusiya həmin zonada öz hava məkanına tam nəzarət etmir" -Deputatdan sərt REAKSİYA

"Mülki təyyarələrin vurulması ilə bağlı ən önəmli beynəlxalq humanitar hüquqda sənəd 1944-cü ildəki Çikaqo Konvensiyası hesab olunur. Bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarını tənzimləyən əsas sənəddir".

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznı üzərində Rusiya HHM tərəfindən raketlə vurulmasından danışarkən dedi.

O, həmin konvensiya və Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması məsələsinə də münasibət bildirdi.

"Çikaqo Konvensiyasının üçüncü maddəsində konkret deyilir ki, hətta münaqişə olan zonalarda belə mülki hava gəmilərinə atəş açmaq, onlara qarşı hansısa bir addım atmaq qətiyyən yolverilməzdir və qadağan edilmişdir. Bu da həm də beynəlxalq humanitar hüquqla Rusiyanın üzərinə əlavə bir məsuliyyət qoyur ki, başa düşdük ki, siz təyyarəni vurmusunuz, heç olmasa, beynəlxalq humanitar hüquq və beynəlxalq adət hüququna görə məsuliyyətinizi dərk etməli, həmin təyyarənin qəza enişinə nail olmalı və bunun üçün köməklik göstərməli idiniz, amma onlar əksini etdilər. Nəinki bu qəza enişinə imkan yaratmadılar, hətta naviqasiya sistemini, idarəetmə sistemini kor edərək müvafiq radioelektron mübarizə sistemindən istifadə etməklə Xəzər dənizi üzərində göndərdiniz. Bax, bu, həmin 44-cü il Konvensiyasının əleyhinədir".

Deputat Rusiya tərəfindən həyata keçirilən, ancaq sözügedən Konvensiyanın əleyhinə olan başqa hadisələri də xatırlatdı:

"Rusiya hərbi qırıcısı 1983-cü ilin 1 sentyabr tarixində Koreya hava reysinə məxsus mülki hava gəmisini atəşə tutmuşdu, onu məhv etmişdi. Ancaq bundan sonra Sovet İttifaqı vaxtları heç bir məsuliyyət, heç bir kompensasiya ödəməmişdi ki, bu da dünyada ajiotaja səbəb olmuşdu. Yaxud 2014-cü ildə Şərqi Ukrayna səması üzərində rusiyalı separatçılar tərəfindən Malayziya hava gəmisi vurulmuşdu. Bu, tamamilə qəbuledilməz və yolverilməz bir haldır. Həmin hava gəmisinin vurulmasından sonra hətta BMT-nin Təhlükəsizlik Şurası 2166 saylı qətnamə qəbul etmişdir ki, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Buna yol vermək olmaz. Digər bir məsələ isə 1988-ci ildə ABŞ hərbi gəmisinin İrana məxsus mülki təyyarəni vurması olub. Sonradan mülki təyyarənin vurulması ilə bağlı ABŞ üzr istəmiş və kompensasiya ödəmişdi. Yəni 1970-ci il Haaqa, 1971-ci il konvensiyaları var ki, bunlara görə də mülki təyyarələrin, xüsusilə də hava gəmilərinin təhlükəsizliyi təmin edilməlidir".

Tural Gəncəliyev qeyd etdi ki, Rusiya tərəfi Qroznı üzərində və Şimali Qafqaz səması üzərində gərginlik olması ilə bağlı xəbərdarlıq edilməli idi:

"Orada uçuş qadağası edilməli idi. Əgər siz artıq hava gəmisini vurmusunuzsa, həmin hava gəmisinin təhlükəsiz şəraitdə enişinə şərait yaratmalıyınız. Bu, Rusiyanın üzərinə düşən mükəlləfiyyət, öhdəlik idi. Beynəlxalq adət hüququ bilavasitə bu hadisə baş verərkən dövlətlərin məsuliyyətini və hərbi hədəfi mülki hədəflərdən fərqləndirmək mükəlləfiyyətini məhz dövlətlərin öz üzərinə qoyur. Nəzərə alsaq ki, burada Rusiyanın hava məkanından söhbət gedir. Beynəlxalq hüquqa görə, Rusiya orada tam öz hava məkanına nəzarət edirdi. Yəni başqa ölkə, başqa qruplaşmalar oradan gəlib atəş aça bilməzlər. Belə çıxır ki, onda Rusiya həmin o zonada öz hava məkanına tam nəzarət etmir. Bu nə deməkdir? Beynəlxalq hüququn siyasi, humanitar, moral, mənəvi - hansı tərəfindən baxsaq, Rusiyanın burada məsuliyyəti açıq-aşkardır".

Sevinc İBRAHİMZADƏ

Seçilən
7
redaktor.az

1Mənbələr