AZ

"Dini təhsil adı altında uşaqlara nələr aşılanır"?- Nazirin şübhələri əsassız ola bilərmi?..

Image

Tural İrfan: “Dini sahədə sadəcə kadr hazırlığını artırmaq üçün işlər görülməlidir”

“Təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

O qeyd edib ki, dini sahədə kadr hazırlığına xüsusi önəm verilməlidir. 

Maraqlıdır, dini sahədə kadr hazırlığı hansı səviyyədədir? 

“…orta məktəblərdə bəzi müəllimlərin uşaqlara dini təbliğat aparması kimi mövzuya toxunursa, bu yolverilməzdir”

Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dini sahədə hazırda ölkədə təhsil çox yüksək səviyyədədir. Əvvəllər bir qədər çətinliklər vardı və dini təhsil üçün xaricə üz tutanlar olurdu ki, onların qayıdıb apardığı təbliğat zərər verirdi. Ancaq hazırda Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir, orada yüksək səviyyədə dini və dünyəvi təhsil verilir: “Mən bilmirəm elm və təhsil naziri hansı təhsil müəssisələrindən danışır. Orta məktəblərdə dini təhsil verilmir, həmçinin dini təmayüllü olmayan ali təhsil müəssisələrində də belədir. Din adı altında hansı təhsil ocağında uşaqlara naməlum məlumatlar aşılanır? Nazirin sözü qeyri-müəyyəndir. Yox, əgər orta məktəblərdə bəzi müəllimlərin uşaqlara dini təbliğat aparması kimi mövzuya toxunursa, bəli, bu yolverilməzdir. Çünki orta təhsil dünyəvidir və müəllim də ilahiyyatçı deyil. Onun şagirdə təbliğ etdiyi dini məlumat məzhəbçilik və radikalizmə, xurafata və cəhalətə yol aça bilər. Odur ki, hər kəs öz işini görsə yaxşıdır. İslam aləmində 680 məzhəb və təriqət var. Müəllimin biri bu məktəbdə filan məzhəbin nəzərincə dini təbliğ edəcək, digəri başqa məzhəbin baxışını təbliğ edəcək. Və nəticədə nifaq, ixtilaf, dini ayrıseçkilik, fəsad meydana çıxacaq. Ona görə dini öyrənmək istəyənlər müvafiq dini kollec və institutlara üz tuta bilər”.

Ekspert hesab edir ki, dini sahədə sadəcə kadr hazırlığını artmaq üçün işlər görülməlidir. Bölgələrdə qadın dini ayin icraçılarının azlıq təşkil etməsi müşahidə olunur. Bunun nəticəsində də cahil və xurafatçıların yas məclislərində meydan sulaması baş verir: “Nazir deyirsə ki, biz bilmirik nə aşılanır uşaqlara, bu ona yaraşan söz deyil. Təhsil naziri bu sahədə nə baş verirsə onu bilməlidir. Lazımdırsa siniflərə müşahidə kamerası qoysunlar, görsünlər hər bayramda uşaqlardan nə qədər pul yığırlar və orta məktəblərdə vəziyyət hara gedir. Nazir sanki əsas problemlərdən yayınaraq, heç aidiyyəti olmayan mövzuya toxunub. Bu gün orta məktəblərdə acınacaqlı vəziyyətdir və hesab edirəm ki, təhsili bu ağır vəziyyətə də məhz indiki nazir salıb. Kasıb uşaqlardan bayramlarda müəllimlər üçün pul, hədiyyə tələb edilir və alınır. Təhsil səviyyəsi tamamilə aşağıdır. Elə bir məktəb yoxdur ki, oranın şagirdləri əlavə repititor yanına getməsin. Yəni orta təhsil tamamilə məhv edilib. Əsla ciddi nəzarət yoxdur. Təhsil Nazirliyinin mövcudluğu orta məktəblərə baxanda hiss olunmur. Təbii ki, nazir təhsil sahəsini belə xaotik duruma gətirəndə müəllimin orta məktəbdə uşaqlara nə aşıladığından özünün də xəbəri olmayacaq. Niyə demir ki, hər bayramda rüşvət vermək də aşılanır uşaqlara? Belə bir durumda müəllim uşaqlara nə desən aşılayar. Bəlkə hansısa müəllim aşılayıb ki, dində rüşvət almaq günahdır? Mən də bilmirəm nazirin qeyri-müəyyən sözünün altında nə var. Əgər bilmirsinizsə ki, şagirdə din adı altında nə aşılanır, onda bilmədiyiniz şey haqqında şübhə yaratmağa nə lüzum var? Ümumiyyətlə onu deyə bilərəm ki, orta təhsil ölkədə çox bərbaddır”.

Günel CƏLİLOVA





Seçilən
5
baki-xeber.com

1Mənbələr