AZ

Nərimanovda Bələdiyyə Seçkiləri ilə əlaqədar görüş keçirilib - FOTOLAR » AzadMedia.az



Bakı, 28 dekabr — Azadmedia.az


YAP Nərimanov rayon təşkilatında 2025-ci ilin 29 yanvar tarixində keçiriləcək Azərbaycan Respublikası Bələdiyyə Seçkiləri ilə əlaqədar YAP tərəfindən Nərimanov rayonu üzrə namizədliyi irəli sürülmüş şəxslərə namizədin qeydə alınmasına dair vəsiqələr təqdim olunub.
Azadmedia.az məlumat verir ki, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək bildirib ki, demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti seçkilərinə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir. Əminliklə söyləmək olar ki, Bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yadda qalacaq. Təşkilat sədri namizədlərə öz hüquq və vəzifələri haqda geniş məlumat verdi, həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq hər bir namizədə öz işində məsuliyyətli olmağı tövsiyyə etdi.
Görüşdə YAP tərəfindən Nərimanov rayonu üzrə namizədliyi irəli sürülmüş şəxslər bildiriblər ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın unitar dövlət kimi formalaşmasında müstəsna xidmətləri olan, Qalib xalqın, qalib Lideri cənab Prezidentin strateji siyasi xəttinin reallaşmasında xüsusi rol oynayan və artıq ümumxalq statusu qazanmış böyük partiyadır. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar, 800 mindən artıq partiya üzvünü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının uğurlarıdır, desək yanılmarıq. YAP ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən seçkilərdə uğurlar qazanır, müasir seçki texnologiyalarını öyrənərək özünün seçki kampaniyalarında tətbiq edir. Qeyd olunub ki, qarşıdan gələn Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlıq və uğurlu seçki kampaniyasının həyata keçirilməsi nəticə etibarilə partiyamızın tarixinə daha bir parlaq nailiyyət kimi yazılacaq.
Tədbirin sonunda YAP tərəfindən Nərimanov rayonu üzrə namizədliyi irəli sürülmüş şəxslərə namizədliyin qeydə alınmasına dair vəsiqələr təqdim olunub.

Seçilən
2
1
azadmedia.az

2Mənbələr