Məlumat verildiyi kimi, dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. İnsanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirib. Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, dekabrın 26-da ölkədə bir günlük matəm elan olunub.
Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin ölkəmizə gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımlar atılmaqdadır. Hazırda hadisə ilə bağlı yaradılmış kommisiya tədiqiqatları davam etdirir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında bildirib: “Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Təyyarənin daxilində füzelyajda müxtəlif kəsici, yaxud da hansısa kənar cismin dəyməsi nəticəsində müxtəlif zədələri müşahidə etmək olur. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”. Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Nazir, həmçinin qeyd edib: “İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də daha çox insanın xilas edilməsi mümkün olub”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.
Qərb isə öz ənənəsinə uyğun olaraq faciədən yararlanmaq niyyətindədir. Yeri gəlmişkən, bir məsələni vurğulayaq, qəza baş verəndə Qərb bu məsələyə dırnaqarası yanaşdı, hətta demək olar ki, əhəmiyyət vermədi. Yəni, bu olaya sıradan bir qəza kimi baxdı. Hətta uzun illər ərzində Azərbaycana, həm də Rusiyaya qarşı qarayaxma kampaniyaları aparan beynəlxalq media subyektləri də bu mövzuda susdular. Amma xaricdə məskunlaşan və “söyüş müxalifəti” adlandırılan platformaların bu qəzaya yanaşması qeyri-insani oldu. Hətta onlar bu qəzadan hökuməti qınamaq üçün fürsət kimi yararlanmağa çalışdılar.
Amma təyyarənin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulması barədə məlumatlar gedən kimi, Qərbin istər rəsmi dairələrində, istərsə də mediasında xüsusi canlanma yarandı. Şübhəsiz, bu da bir daha göstərir ki, Qərb bu hadisəni öz maraqları dairəsində hallandırmağa çalışır. Yəni, Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənmək istəyən, Rusiyanı həmin bölgədən sıxışdırıb çıxarmağa çalışan Qərb sözügedən ölkənin əleyhinə qaldırmaqla öz çirkin niyyətinə çatmaq istəyir. Elə bu səbəbdən baş vermiş hadisəni faciə kimi deyil, manipulyasiya imkanları kimi görür, faciədən qazanc güdür. Rəsmi Bakı isə belə yanaşmanı qəbul etmir və bu hadisənin manipulyasiya edilməsinə qarşıdır.
Qvami Məhəbbətoğlu, “İki sahil”