Qızını boşatdırdığı üçün arvadını öldürdü - Bakıda qandonduran AİLƏ DRAMI
Qısa arayış...
2024-cü il yanvarın 11-də Bakının Qaradağ rayonunda qətl hadisəsi olub. Prokurorluq və polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı məlum olub ki, cinayət Qobustan qəsəbəsi, massiv 1, ev 76-da baş verib. Qonaq otağında üzərində çoxsaylı bıçaq xəsarətləri ilə 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın meyiti aşkar edilib.
Həmin axşam 11-ci Polis Bölməsinə könüllü gələn Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Zaman Zeynalov cinayəti törətdiyini etiraf edib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Zaman Zeynalov aralarındakı ailə mübahisələrinin yaranmasında arvadı Pərvanə Zeynalovanı günahkar bilərək, nifrət hisslərinin təsiri altında ondan qisas almaq qərarına gəlib. Yanvarın 11-i saat 19 radələrində yaşadığı evin qonaq otağında üzərindəki məişət təyinatlı bıçaqla 6 dəfə zərbə vuraraq, qadını öldürüb.
İş üzrə dindirilmiş Zaman Zeynalov bildirib ki, Pərvanə Zeynalova ilə 1992-ci ildə ailə həyatı qurub. Nikahdan 4 övladları dünyaya gəlib:
“Ailə həyatı qurduğum ilk vaxtlar normal münasibətimiz olsa da, təxminən 3 ildən sonra hadisə baş verən zamanadək aramızda narazılıq yarandı. Arvadım evdə ciddi səbəb olmadan mübahisə, söz-söhbət yaradırdı, mən isə övladlarıma görə hər şeyə göz yumurdum. Axırıncı dəfə mübahisəmiz qızım Səmanın boşanması ilə bağlı oldu. Belə ki, Pərvanə qızımın ailəsini dağıtdı. Boşatdırdıqdan sonra yoldaşım istəyib ki, qızım kirayə mənzildə qalsın, amma mənim etirazımdan sonra övladım ya bizimlə birgə, bəzən isə qardaşım Amətin evində yaşadı. Səmanın ailəsinin dağılmasında səbəbkar olduğunu düşündüyüm üçün arvadımı bağışlamadım. 6-7 ay olar ki, Pərvanəni öldürmək istəyirdim.
Zaman Zeynalov
Hətta böyük oğlum Amətə zəng edib “ananla yola getmirik, imkan vermir rahat yaşayam” dedim. 2024-cü il yanvarın 11-də oğlum Rusiyadan Bakıya gəldi. Həmin gün axşam işdən çıxıb, yaşadığım Qobustan qəsəbəsinə qayıtdım. Arvadımı öldürməyi qərarlaşdırdım. Həyətə keçərək qızım Səda ilə görüşüb evdə kimin olub-olmadığını soruşdum. O dedi ki, anası qonaq otağındadır, qardaşı Qamət isə öz otağında yatıb. Qonaq otağına keçəndə yoldaşımın divanda uzanıb əlindəki telefona baxdığını gördüm. Yaxınlaşıb “niyə belə səhvlərə yol verdiyini?” soruşanda, Pərvanə “yaxşı eləmişəm, sənlik heç nə yoxdur, nə edirəmsə düz edirəm” dedi. Onun sözlərindən əsəbiləşərək, cibimdən açılıb-qatlanan bıçağı çıxartdım. Uzanıqlı halda olan arvadımın çiyninə və boynuna yuxarıdan aşağı istiqamətdə bir neçə dəfə var gücü ilə zərbələr endirdim. Boyun hissəsindən təzyiqlə axan qan ətrafa, divanın üstünə və arxasına səpələndi. İlk zərbələrdən sonra Pərvanə ayağa qalxmaq istəsə də, mən xəsarətlər yetirməkdə davam etdiyimdən o, döşəmənin üzərinə yıxıldı. Sonra bıçağı qatlayaraq cibimə qoydum. Otağın qapısını örtərək həyətə, ordan da küçəyə çıxdım. Bir az getdikdən sonra böyük oğlum Amət qaça-qaça mənə çatıb, nə etdiyimi? soruşanda, ona yalnız “öldürdüm” dedim. Bir az qəsəbə dəmiryolunda oturub fikirləşdim, sonra ayağa qalxıb, yolumu davam etdim. Marketdən yarım litrlik araq aldım və başıma çəkərək bir qədər içdim. 2-3 saatdan sonra 11-ci bölməyə getdim. Əməlimdən peşman olduğumu söyləyib bildirdim ki, arvadım öz hərəkətləri ilə məni bu cinayəti törətməyə vadar etdi. Pərvanə Zeynalovanı öldürməyimi heç kim görməyib”.
Şahid Səda Zeynalova ifadəsində göstərib ki, dəhlizdə olanda atası ona “o biri otağa keçməsini, onun anası ilə işi olmasını” deyib:
“Atam qonaq otağına girib qapını tam şəkildə örtdü. Dəhlizdə dayanıb onları dinlədim, lakin mübahisə səsi eşitmədim. 2-3 dəqiqədən sonra anamın qışqırdığını eşitdim. Qonaq otağına girməyə qorxduğum üçün qaçıb qardaşım Qaməti silkələyib oyatmağa çalışdım. Lakin o oyanmadı. Sonra qonaq otağının qapısını açaraq otağa daxil oldum və işığı yandırdım. Atamın qapının sol tərəfində dayanmasını, anamın divanın yanında, döşəmədə yıxılıb qaldığını gördüm. Qışqırıb həyətə qaçdım. Ağlayaraq qardaşım Amət Zeynalovun evinə getdim, ona atamın anamı öldürdüyünü bildirdim. Qardaşımın arvadı təcili yardıma zəng edərək, məlumat verdi”.
Məhkəmə iclasında Zaman Zeynalov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, arvadı birinci dəfə Səma nişanlanandan sonra üzüyü qaytarıb. 2-ci dəfə yenidən qızını evləndirmək lazım olduğunu söyləyəndə onunla razılaşıb. Qızı köçəndən bir ay sonra cehizlərini yığıb, evə qayıdıb. 5 ay Pərvanədən belə etməməsini xahiş etsə də, qadın dediyindən dönməyib və işinə qarışmamasını bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Budaq Mustafayev ifadəsində göstərib ki, kiçik bacısı Pərvanə Zeynalova bir neçə dəfə boşanmaq istəyib:
“Axırıncı dəfə Pərvanə ilə Zamanın arasındakı mübahisəyə qızlarının boşanması səbəb olub. Zaman övladının ailəsinin dağılmasında günahı Pərvanədə gördüyü üçün tez-tez aralarında mübahisələri yaranırdı. Zaman həmin məsələyə görə bacımdan inciyib və hadisə baş verən günədək küsülü olublar. Yanvarın 11-i saat 22 radələrində Pərvanənin öldürülməsini eşitdim. Evlərinin qarşısına çatanda çoxlu sayda qəsəbə sakinlərini, qonşuları və polis əməkdaşlarını gördüm”.
Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay cəza verilməsini istəyib.
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Zaman Zeynalovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zaman Zeynalov 9 il müddətinə azadlıqdan məhrum olunub.