Naxçıvan, 29 dekabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası gücləndirilir və eyni zamanda yeni geolokasiyalar istifadəyə verilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Təcili Tibbi Yardım Xidməti bugünədək 8 geolokasiyada fəaliyyət göstərirdi. Bu gün Nehrəm Qəsəbə Ailə Sağlamlıq Mərkəzində də yeni geolokasiya fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov ötən qısa dövrdə muxtar respublikada səhiyyə sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bu islahatların davamı olaraq bu gün həyata keçirilən yenilik, Təcili Tibbi Yardım Xidmətinin şəbəkəsinin genişləndirilməsi və sakinlərin tibbi yardıma əlçatanlığının artırılması baxımından çox vacibdir.
Nazir qeyd edib ki, Ailə Sağlamlıq mərkəzlərinin daxili təchizatı ilə bağlı bir sıra satınalmalar həyata keçirilib. Bütün Ailə Sağlamlıq mərkəzləri rentgen, hemotoloji analizator, EKQ, USM, ailə həkimləri üçün tam təchizatlı çanta və digər zəruri avadanlıqlarla təmin olunacaq.
Qeyd edək ki, Nehrəm qəsəbəsində yeni yaradılan geolokasiya Araz, Güznüt, Çeşməbasar kəndlərindən olan 20 min 417 vətəndaşa xidmət göstərəcək. Bu gün həmçinin Cəhri Qəsəbə Ailə Sağlamlıq Mərkəzində də geolokasiya fəaliyyətə başlayıb. Bu geolokasiya üzrə Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov, Gərməçataq kəndindən olan 14 min 792 nəfərə xidmət göstəriləcək. Yaxın günlərdə Əbrəqunus, Kolanı, Xanlıqlar və Sabir Kənd Ailə Sağlamlıq mərkəzlərində də yeni geolokasiyaların fəaliyyətə başlaması nəzərdə tutulub.
Bu genişlənmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.