AZ

Sülhün yolu açılır: Açıq qalan məsələlər ciddi şəkildə azalıb

Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışını yayıb. XİN-in hesabatında vurğulanıb ki, Azərbaycan-Ermənistan arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Qeyd edilib ki, nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. 


İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub. Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyaların əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Həm ikitərəfli, həm də üçtərəfli formatda görüşlər baş tutub

Hesabatda bildirilib ki, il ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycan Respublikasının milli maraqlarına uyğun şəkildə irəlilədilib. Qeyd edilib ki, 2024-cü ildə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 17 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə həm ikitərəfli, həm də üçtərəfli formatda, 24 oktyabrda Kazanda BRICS-in 16-cı Sammiti çərçivəsində ikitərəfli görüşlər baş tutub. Ali səviyyədə keçirilən görüşlərdə verilmiş tapşırıqlara uyğun olaraq, xarici işlər nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması ilə bağlı təmaslar davam etdirilib. İl ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü ilin 28-29 fevral tarixlərində Berlində, 10-11 may tarixlərində Almatıda, 10 iyul tarixində isə NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabr tarixində BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabr tarixində isə İstanbulda keçirilən “3+3” toplantısı çərçivəsində olmaqla, ümumilikdə beş görüş baş tutub. Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib.

"Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalır"

XİN-in bildirişində vurğulanıb ki, ikitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə revanşizm tendensiyası davam etdirilir. Həmçinin, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqdadır: "Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir. Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib", - məlumatda vurğulanıb.

XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb

Azərbaycan XİN Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mövcud vəziyyəti açıqlayıb: "Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində 2024-cü il ərzində işlər davam etdirilib. 12 yanvar tarixində Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsində “Enerji Xartiyası Müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. 19 noyabr tarixində Azərbaycan hökuməti “Enerji Xartiyası Müqaviləsi” çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb edir. 12 aprel tarixində Daimi Arbitraj Məhkəməsində “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu arbitraj iddiasında Azərbaycan Respublikası Ermənistan Respublikasından Azərbaycanın ətraf mühitinə vurduğu zərər və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə qarşı tərəfin məsuliyyətinin təsbit edilməsini və maddi təzminat ödənilməsini tələb edir. 15-26 aprel tarixlərində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı davam edən icraatlar çərçivəsində Məhkəmənin yurisdiksiyası və qaldırılmış iddialarla bağlı ilkin etirazlara dair dinləmələr baş tutub və cari ilin 12 noyabr tarixində Məhkəmə sözügedən ilkin etirazlara dair qərarlarını elan edib. Məhkəmənin qərarı ilə Ermənistanın mina və gizli mina tələlərinin yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdləri rədd edilib. Eyni zamanda qərara əsasən, Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq".

"Azərbaycan Respublikası müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib"

Xarici İşlər Nazirliyinin buraxılışında əksini tapıb ki, 2024-cü il ərzində beynəlxalq münasibətlər sistemində artan siyasi və iqtisadi gərginliklər, beynəlxalq hüququn aşınması, beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda, milli təhlükəsizliyə qarşı risk və hədələrin neytrallaşdırılması, xarici siyasət maraqlarının effektiv şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib: "Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini gücləndirib. 2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib".

"Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayır"

Bildirilib ki, il ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi fəaliyyət davam etdirilib: "Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib. 2024-cü il, həmçinin Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30-cu ildönümü ilə əlamətdar olub və silsilə tədbirlər təşkil edilib".

"Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır"

Hesabatda bəyan edilib ki, 2020-2024-cü illər ərzində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunmuş vətəndaşlarımızın sayı 172 nəfəri uşaq və 52 nəfəri qadın olmaqla 224 nəfərə çatıb. Eyni zamanda, Suriyada Əsəd rejiminin çökməsindən sonra Suriyada Azərbaycan vətəndaşlarının dəqiq sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, son illər ərzində İraq Respublikasından 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla, ümumilikdə 295 nəfər Azərbaycan Respublikasının vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. 


Seçilən
17
sherg.az

1Mənbələr