"Qaçaqmalçılıqla məşğul olanları axtarırsınızsa, ölkə idarəçiliyindəkilərə üz tutun…”
"AbzasMedia” işi ilə bağlı həbsdə olan 7 jurnalistin – nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova, "Azadlıq” radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə və "Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının məhkəməsi keçirilib.
Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyilə, Leyla Əsgərova-Məmmədova və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası baxır.
Dekabrın 17-də məhkəmənin hazırlıq iclasında jurnalistlər Novruz Kərimov və Rasim Sadıxova etiraz edərək işlərinə bu hakimlərin baxmasını istəmədiklərini bildirmişdilər. Lakin onların etirazı təmin olunmamışdı.
Budəfəki məhkəmə iclasında da Sevinc Vaqifqızı eyni etirazı səsləndirib.
O bildirib ki, adları çəkilən hakimlər illərdir siyasi sifarişlə təqsirsiz adamlar haqqında hökmlər çıxarır.
Onların imza atdıqları hökmlərlə xeyli ictimai-siyasi fəal, jurnalist heç bir cinayət törətmədiyi halda, həbsdə qalıb: "Rasim Sadıxov, siz siyasi həbslərdə ad çıxarmış hakimlərdən birisiniz. İntiqam Əliyev haqqında hökmdə rolunuzu ötən məhkəmədə də dedim. Onun 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdınız. Lakin Avropa Məhkəməsi o işdə Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıdı, sübut olundu ki, o hökmü siz siyasi sifariş əsasında vermisiniz. Siz azad iradə ilə ədalətli mühakimə aparmırsınız. Eyni sözlər Novruz Kərimova da aiddir. O da jurnalist Pərviz Həşimli, Əvəz Zeynallı haqqında ədalətsiz hökmlərə imza atmış biridir. Ləğv olunmuş MTN-in əməkdaşı olub. MTN-in imicini düzəltmək üçün adını dəyişdilər, yenə xeyri olmadı. Siyasi sifarişlə iş görən, keçmişi təmiz olmayan adamların bizim kimi təmiz adamları mühakimə eləməsini istəmirik”.
Digər təqsirləndirilən şəxslər də etirazı müdafiə edib. Lakin hakimlər onlara verilən etirazın baxılmamış saxlanılması haqda qərar çıxarıb.
Daha sonra vəkil Şəhla Hümbətova prosesi izləməyə gələn, lakin məhkəmə zalına buraxılmayan jurnalistlərlə bağlı vəsatət qaldırıb.
Vəkil bildirib ki, bu, məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır.
Müdafiəçinin sözlərinə görə, "AbzasMedia” ilə bağlı cinayət işinin məhkəməsi ictimai əhəmiyyətli işdir.
Onun işıqlandırılması da zəruridir.
Bu məhkəmə prosesində media nümayəndələrinin iştirakına qadağa qoyulması isə başadüşülən deyil: "Ötən məhkəmə iclasına da jurnalistləri buraxmayıblar. Onlara bildiriblər ki, belə göstəriş verilib. Niyə? Səbəb nədir? Hazırda da çöldə xeyli jurnalist var və onları buraxmırlar. Həm Konstitusiya, həm də ölkənin qoşulduğu Avropa Konvensiyasının 6-cı maddəsi tələb edir ki, məhkəmə prosesi açıq keçirilsin. Açıq məhkəmə prosesində isə hər kəsin, o cümlədən də jurnalistlərin iştirak etmək hüququ var”.
Təqsirləndirilən jurnalistlər bildiriblər ki, əgər çöldə qalan həmkarları içəri buraxılmasa, özləri də prosesdə iştirakdan imtina edəcəklər.
"Onlar buraxılmasalar, biz də məhkəmə zalını tərk edəcəyik”, – Sevinc Vaqifqızı bildirib.
Ülvi Həsənli deyib ki, əgər məhkəmə prosesində baş verənləri ictimaiyyətdən gizlətmək istəyirlərsə, o zaman elə hakimlərlə prokuror Kürdəxanı təcridxanasına gəlsinlər, orada istədikləri hökmü oxuyub getsinlər.
Hakimlər qısa müşavirədən sonra jurnalistlərin məhkəmədə iştirakına icazə verib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.
Məhəmməd Kekalovun vəkili Qalib Hüseynli vəsatətində yazıb ki, müvəkkili istintaqda səmimi ifadələr verib, cinayətin açılmasında rol oynayıb. Onun ev dustaqlığına buraxılmasını xahiş edir.
Hafiz Babalının vəkili Rəsul Cəfərov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə qalması üçün maddi və prosessual əsaslar yoxdur.
Onun sözlərinə görə, Hafiz Babalının nə məhkəmədən yayınacaq, nə də şahidlərə, digər proses iştirakçılarına təsir göstərmək imkanı var.
Elnarə Qasımovanın vəkili Günay İsmayılova da müvəkkili haqqında həbsə alternativ qətimkan tədbirinin seçilməsini xahiş edib.
Digər vəkillər də təqsirləndirilən şəxslərin hamısının ev dustaqlığına buraxılmasını istəyib. Lakin Məhəmməd Kekalovun vəkilinin əsaslandırması ilə razılaşmayıblar: "Onunla bağlı vəsatətin nəticə hissəsilə razılaşırıq, ev dustaqlığına buraxılsın. Amma əsaslandırma hissəsilə razılaşmırıq. Hansı cinayətdən söhbət gedir ki, onu da ifşa eləsin?”
Ev dustaqlığı ilə bağlı vəsatətlərin heç biri təmin olunmayıb.
Daha sonra prokuror Rauf Malışov ittiham aktını elan edib.
İttihamda yazılıb ki, dövlət qeydiyyatına alınmamış "AbzasMedia” adlı qurumun təsisçisi və icraçı direktoru kimi Ülvi Həsənli, Sevinc Abbasova, Məhəmməd Kekalov və digərlərini cəlb edib.
Bildirilir ki, xarici donor təşkilatlarından qrant layihələri üzrə vəsaitlər əldə ediblər: "Həmin vəsaitlər həm xaricdən nağd şəkildə gətirilib, həm də Bakıda banklardan kartlar vasitəsilə çıxarılıb”.
Eyni zamanda, kartlar vasitəsilə 82 min 467 manatın çıxarıldığı, 541 min manatın isə qaçaqmalçılıq yolu ilə gətirildiyi iddia olunur.
"AbzasMedia” rəhbərliyinə qarşı həmçinin 64 min manatdan artıq vergidən yayınma ittihamı irəli sürülüb.
Dövlət Vergi Xidməti də bu məhkəmədə mülki iddiaçı qismində tanınıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 213 (vergidən yayınma), 320.1 (saxta sənəd hazırlama və ya istifadə) maddələrilə ittihamlar irəli sürülüb.
Hakim Rasim Sadıxov təqsirləndirilən jurnalistlərə bu maddələrin hər birinin sanksiyasında nəzərdə tutulan cəzalar barədə məlumat verib.
Daha sonra onlardan ittihama münasibətlərini – özlərini təqsirli bilib-bilmədiklərini soruşub.
Ülvi Həsənli bildirib ki, onlar "AbzasMedia”nın korrupsiya araşdırmalarına görə həbs olunublar.
O deyib ki, ittihamın mahiyyəti aydın deyil: "Biz hökumətin başında dayanan adamların korrupsiya əməllərini ifşa eləmişik. Bütün dünya-aləm də bunu bilir. Prokurorluq nə don geyindirir, geyindirsin, dəxli yoxdur. Hökumət özü-özünü rüsvay edir. Sərhəddən keçməyən adamları qaçaqmalçılıqda necə ittiham eləmək olar?”
Sevinc Vaqifqızı xatırladıb ki, ortada heç bir sübut-dəlil yoxdur.
Hakim Rasim Sadıxovun nəzərinə çatdırıb ki, ittiham olunduqları maddələri də, oradakı cəzaları da bilirlər. Amma o maddələrin onlara niyə verildiyini anlaya bilmirlər. Çünki o maddələrdə göstərilən cinayətləri törətməyiblər: "Necə olur ki, "Meydan”, "Toplum”, "Abzas” – bunların hamısının əməkdaşları illərlə qaçaqmalçılıq yolu ilə bu qədər pul gətirib, amma gömrüyün xəbəri olmayıb? Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov hara baxırdı? Gəlsin bura, cavab versin görək ki, bu qədər jurnalist sərhəddən qanunsuz pulları necə keçirib?”
Məhəmməd Kekalov da özünü təqsirli bilmədiyini söyləyib.
Nərgiz Absalamova da jurnalist olduğunu və peşə fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb.
Elnarə Qasımova deyib ki, onların hər birinə 7 maddə ilə ittiham verilib, lakin mahiyyəti izah olunmur: "Özümü təqsirli bilmirəm. Siyasi sifarişlə həbs olunmuşam. Qaçaqmalçılıqla, çirkli pulları leqallaşdıranlarla məşğul olanları axtarırsınızsa, o zaman bu ölkədəki idarəçilikdə olanlara tutun üzünüzü…”
Hafiz Babalı deyib ki, 35 ilin jurnalistidir, həm də araşdırma jurnalistikası ilə məşğul olurdu: "Korrupsiyanı araşdıran jurnalisti mütəşəkkil dəstənin üzvü kimi təqdim etmək Azərbaycan hakimiyyəti üçün üz qarasıdır. Həm də heç bir sübut-dəlil olmadan. Cinayət Məcəlləsində məni ittiham edəcək maddə yoxdur. Mən məni tutan şəxsləri, o cümlədən məni ittiham edən prokuroru təqsirli bilirəm, özümü yox”.
Fərid Mehralızadə də həbsinin siyasi sifariş olduğunu vurğulayıb.
O bildirib ki, Cinayət Məcəlləsində göstərilən heç bir əməli törətməyib: "Amma Azərbaycanda qeyri-rəsmi bir Cinayət Məcəlləsi də var. Orada söz və ifadə azadlığı cinayət sayılır. Mən o cinayəti törətmişəm”.
Fərid Mehralızadə Dövlət Vergi Xidmətinin nümayəndəsinin qaldırdığı mülki iddianın əsaslandırılmasını tələb edib. Lakin hakim bu tələbə əhəmiyyət verməyib.
Məhkəmə prosesi isə yanvarın 21-nə qədər təxirə salınıb.
Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Öncə Ülvi Həsənli və Məhəmməd Kekalov, ardınca Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Bir neçə ay sonra ittiham ağırlaşdırılıb.
Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.
Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.