AZ

İİTKM və Pakistanın Xarici Əlaqələr Şurası əməkdaşlıq edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Pakistanın Xarici Əlaqələr Şurasının nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə İİTKM-ə istinadən xəbər verir.

Məlumata görə, onlayn görüşdə qurumun icraçı direktoru Vüsal Qasımlı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayıb, qeyd edib ki, iki ölkənin beyin mərkəzləri arasında iqtisadi tədqiqatlar sahəsində əməkdaşlığın həyata keçirilməsi bu münasibələrin inkişaf etdirilməsinə töhfə verəcək. O, Azərbaycanda aparılan iqtisadi islahatlar, beynəlxalq reytinqlərdə ölkənin mövqeyi barədə ətraflı məlumat təqdim edib, Mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyəti, Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az barədə ətraflı danışıb.

V.Qasımlı pakistanlı investorların Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji və dayanıqlı infrastrukturun yaradılmasında Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrin iqtisadi inkişafına müsbət töhfəsini verəcəyini qeyd edib. O, əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) ilə “İƏT ölkələrinin iqtisadiyyatı” adlı kitabın nəşri üzrə birgə layihə icra olunmaqdadır. V.Qasımlı Pakistan Xarici Əlaqələr Şurasının tədqiqatçılarını bu layihədə iştirak etməyə dəvət edib.

Görüşdə Pakistan Xarici Əlaqələr Şurasının sədri, səfir Syed Hasan Habib rəhbərlik etdiyi qurumun Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və imzalanan Anlaşma Memorandumunun gələcəkdə İİTKM-lə Pakistan Xarici Əlaqələr Şurası arasında birgə əməkdaşlıq üçün zəmin rolunu oynayacağını qeyd edib. O, xüsusilə də Pakistan-Azərbaycan ticarət əlaqələrini inkişaf etdirmək üçün birgə tədqiqatlar sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Onlayn müzakirədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova, "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva, Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova, eləcə də Pakistan Xarici Əlaqələr Şurasının icraçı katibi Syed Ghulam Raza iştirak ediblər.

Seçilən
244
6
Mənbələr
Şərh ()
Bağla