AZ

Aksolotl - Xulio Kortasarın hekayəsi

Bu gün XX əsrin ən məşhur yazıçılarından biri, ötən əsrin cəlbedici janrlarından olan magik realizmin ustalarından sayılan Xulio Kortasarın anım günüdür.

Kulis.az bu münasibətlə görkəmli Argentina yazıçısının “Aksolotl” hekayəsini təqdim edir.

Bir vaxtlar aksolotllar barədə çox düşünürdüm. Onları izləmək üçün Botanika Bağının akvariumuna gedir, saatlarla baxır, hərəkətsizliklərini, güclə sezilən tərpənişlərini müşahidə edirdim. İndi özüm aksolotl olmuşam.

Bir bahar səhəriydi. Paris uzun qış yuxusundan sonra rəngarəng quyruğunu açmış tovuzquşu kimi canlanmışdı. Port-Royal bulvarı ilə getdim, sonra San-Marsel və L´Hospital tərəfdən keçdim, hər tərəfi bürüyən bozluq arasındakı yaşıllıq dərhal diqqətimi cəlb etdi. Bu, mənə şirləri xatırlatdı. Şirlər və panteralarla aram yaxşıydı, amma heç vaxt akvariumlar olan rütubətli, qaranlıq binaya ayaq basmamışdım. Velosipedimi barmaqlıqlara söykəyib zanbaqlığa tərəf getdim. Aslanlar narazı və kədərli görünürdülər, panteram isə yatmışdı. Akvarium binasına girdim, adi balıqları ötürə-ötürə keçirdim ki, qəfil aksolotlları gördüm. Düz bir saat onları izlədim və çıxanda artıq başqa bir şey düşünə bilmirdim.

San-Jenevyeva kitabxanasında izahlı lüğətdən öyrəndim ki, aksolotllar ambitsoma cinsinin batraxia növünə aid qəlsəməli sürfələrdir. Onların balaca, çəhrayı aztek sifətlərinə baxan kimi meksikalı olduqlarını anlamışdım, elə akvariumun üstündəki lövhədə də belə yazılmışdı. Oxuduğuma görə, Afrikada rast gəlinən nadir növləri quraqlıq dövründə torpağın altına girib yağış mövsümü gələn kimi özlərini suya atırlar. İspanca adının “axolote” olduğunu, yeyildiyini və yağının treskanın ciyərindən alınan yağ əvəzinə istifadə edildiyini (deyəsən, daha istifadə edilmirdi) də öyrənmişdim.

Daha geniş araşdırma aparmaq istəmədim, amma səhəri gün yenidən Botanika bağına qayıtdım. Hər səhər ora baş çəkməyə başlamışdım, hətta bəzən axşamları da gedirdim. Akvariumun gözətçisi hər dəfə biletimi götürəndə çaşqın-çaşqın gülümsəyirdi. Mən akvariumun kənarındakı dəmir məhəccərə söykənib onları izləyirdim. Burda qeyri-adi heç nə yoxdur, çünki elə ilk andan anlamışdım ki, bizi bir-birimizə bağlayan bir şey var, bəlkə çoxdan itirilmiş, uzaqda qalmış, amma eyni zamanda ikimizə də yaxın olan bir şey. Bunun üçün həmin səhər qabarcıqların yüksəldiyi akvariumun önündə ayaq saxlamağım kifayət etmişdi. Aksolotllar akvariumun dibində, daş və mamırla örtülmüş darısqal guşədə (oranın necə darısqal olduğunu yalnız mən anlaya bilərdim) toplaşmışdılar. Doqquz dənəydilər və ən böyükləri başını şüşəyə söykəyib qızılı gözləri ilə akvariuma yaxınlaşanları süzürdü.

Akvariumun dibində toplaşmış bu sakit, hərəkətsiz varlıqları necə acgözlüklə izlədiyimi hiss edəndə lap özümdən utandım. Aralarından birini (bir az sağda, digərlərindən aralıda uzananı) yaxşıca nəzərdən keçirmək üçün fikrən o birilərdən ayırdım. Qırmızımtıl, yarışəffaf bədən (onu görəndə yadıma bəyaz şüşədən hazırlanmış çin heykəlcikləri düşdü) kiçik kərtənkələni xatırladır və qeyri-adi dərəcədə zərif balıq quyruğu ilə tamamlanırdı – deyərdim ki, bu, bədənimizin ən həssas hissəsidir. Belinin üstü ilə uzanan üzgəci quyruğuna birləşirdi, amma diqqətimi ən çox cəlb edən nazik ayaqları idi. Barmaqları bapbalacaydı, dırnaqları isə insanınkilərə bənzəyirdi. Sonra gözüm gözlərinə, üzünə sataşdı. Sancaq ucu boyda bir cüt gözdən başqa heç nəyi olmayan ifadəsiz sifət. Sanki bu şəffaf qızılı gözlərdə heç həyat əlaməti yox idi, amma elə baxırdılar ki, mənim baxışlarım bu qızılı nöqtəciklərdən keçib onun şəffaf sirli dünyasına dala bilirdi. Ətrafındakı nazik qara halə onun gözünü qırmızı daş parçasına bənzəyən qırmızı sifətinə, kənarlarındakı qıvrımlar isə qeyri-bərabər olduğu üçün zamanla aşınmış heykəlcikləri xatırladan üçbucaq formalı başına yaxşıca həkk edirdi. Yastı üçbucaq sifətində ağzı yaxşı seçilmirdi, ancaq yandan baxanda onun necə böyük olduğunu görmək olardı; öndən isə cansız daşı ortadan ayıran nazik çat görünürdü. Başının yan tərəflərində, qulaqların olmalı olduğu yerlərdən mərcan qırmızısı rəngində üç nazik şaxə uzanırdı, yəqin ki, qəlsəmələriydi. Bunlar onun bədənindəki yeganə həyat əlaməti göstərən hissəydi, şaxələr on-on beş saniyədən bir tarım dartılır və yenidən aşağı enirdi. Bəzən pəncəsini tərpədirdi, xırda barmaqlarının yosunun üzərində hərəkət etdiyini görürdüm. Biz hərəkət etməyi çox xoşlamırıq, üstəlik, akvarium da elə darısqaldır ki; bir balaca tərpənmək istəsək, ya quyruğumuz, ya başımız başqasına toxunur; bu isə mübahisə, dava-dalaş, yorğunluq gətirir. Sakit dayananda vaxt daha az hiss olunur.

Aksolotlları görən kimi akvariumun önündə heyrətdən ikiqat olmağımın səbəbi də bu sakitlikləri idi. Mənə elə gəldi ki, onların gizli arzularını, laqeyd hərəkətsizlikləri ilə məkanı və zamanı aradan qaldırmaq istəklərini anlamışam. Getdikcə onları daha yaxşı tanıyırdım, qəlsəmələrin yığılıb-açılması, balaca pəncərələrin daşların üstü ilə sürüşməsi, qəfil üzməyə başlamaları (bəziləri sadəcə bədənlərini dalğalandıraraq üzürdülər) mənə onların saatlarla qaldıqları ətalət halından çıxa bildiklərini sübut etmişdi.

Hər şeydən çox onların gözlərinə heyran olmuşdum. Aksolotlların yanındakı digər akvariumlarda üzən müxtəlif balıqların gözəl, amma bizimki kimi boş baxan gözləri vardı. Bu gözlər mənə tamamilə fərqli bir həyatın, başqa baxış bucağının mövcudluğundan xəbər verirdilər. Qırmızı varlıqların hədsiz ləng və uzaq dünyasına açılan qapıları, bu balaca qızılı nöqtəcikləri daha yaxşı görmək üçün üzümü şüşəyə yapışdırırdım (bəzən gözətçi narazılığını bildirmək üçün öskürürdü). Gözləri önündə şüşəni tıqqıldatmaq faydasız idi, qəti reaksiya vermirdilər. Qızılı gözlər xoş, sarsıdıcı işıqlarını yaymağa, əlçatmaz dərinliklərdən mənə baxıb başımı gicəlləndirməyə davam edirdi.

Heç nəyə baxmayaraq, biz bir-birimizə yaxın idik. Mən bunu aksolotl olmamışdan əvvəl də bilirdim. Onları ilk gördüyüm gündən bəri bilirdim. Meymunun antropomorf cizgiləri onlarla aramızdakı məsafəni aydın göstərir – hərçənd, çoxu əksini düşünür. Aksolotlların insana qətiyyən bənzəməməsi heç də asan olmayan analogiyalarla gəldiyim nəticənin düzgün olduğunun isbatıydı. Bircə balaca əllər… Kərtənkələlərin əlləri də belədir, amma onlar bizə heç oxşamır. Məncə, əsas məsələ aksolotlun qızılı gözlü üçbucaq formalı qırmızı başı idi. O, baxır və bilirdi. O, adamı səsləyirdi. Onlar heyvan deyildilər.

Aydındır ki, burdan mifologiyaya keçmək çox asandır. Mən akstolotla baxanda sirli insan təbiətini inkar etməyən bir metamorfoza görməyə başladım. Onların öz bədənlərinə, səssiz boşluğa və ümidsiz düşüncələrə əbədiyyən məhkum olduqlarını təsəvvür edirdim. Sanki onların boş baxışları, ifadəsiz, lakin hədsiz işıqlı, qızılı gözləri mənə bir ismarış ötürürdü: “Bizi xilas et, bizi xilas et”. Mən isə onlara təsəlli sözləri pıçıldayır, məsum vədlərlə sakitləşdirməyə çalışırdım. Hərəkət etmədən üzümə baxırdılar, bircə qırmızı qəlsəmələri tərpənirdi. Həmin an küt bir ağrı hiss etmişdim; ola bilsin, həyatlarının keçilməz yerlərinə daxil olmaq cəhdimi anlamışdılar.

Düzdür, onlar insan deyildilər, amma indiyədək heç bir heyvanla aramda bu qədər dərin əlaqə duymamışdım. Sanki aksolotllar başqa bir şeyin şahidiydilər, hətta bəzən onları dəhşətli hakimlərə bənzədirdim. Bu şəffaf gözlərdə o qədər ifrat saflıq var idi ki, özümü onların qarşısında lap nalayiq hiss edirdim. Onlar sürfəydilər, amma eyni zamanda həm maskanı, həm də ruhu xatırladırdılar. Bu ifadəsiz və hədsiz qəddar aztek sifətlərinin arxasında ortaya çıxmaq üçün öz vaxtını gözləyən nəydi? Onlardan qorxurdum. Yəqin ki, içəridə o biri ziyarətçilər və gözətçi olmasaydı, onlarla təkbətək qalmağa ürək eləməzdim. “Onları az qala gözlərinizlə yeyəcəksiniz”, gözətçi gülümsəyərək deyirdi. Bəlkə də az-maz dəli olduğumu düşünürdü. Amma bu gözətçinin xəbəri yox idi ki, əslində onlar məni qızılı bir hannibalizm həvəsiylə yavaş-yavaş gözləriylə yeyirdilər.

Akvariumdan çıxandan sonra da onları düşünməkdən başqa heç nə etmirdim, sanki mənə uzaqdan təsir edirdilər. Mən hər gün onları ziyarət edirdim, gecələr isə qaranlıqda hərəkətsiz dayandıqlarını, balaca əlin asta-asta tərpənməyini və tərpənərkən özü kimi başqa balaca ələ toxunduğunu təsəvvür edirdim. Bəlkə də gözləri yalnız gecə görürdü, gündüzlərin isə fərqinə varmırdılar. Aksolotlların göz qapaqları yox idi.

İndi bilirəm ki, burda qeyri-adi heç nə yox imiş, bu, baş verməliymiş. Akvariumun qarşısında keçirdiyim hər səhər onları daha yaxşı tanıyırdım. Onlar əzab çəkirdi və mən bu səssiz əzabı, suyun dibində çəkilən bu işgəncəni bədənimin hər hüceyrəsiylə hiss edirdim. Sanki nəsə axtarırdılar, bəlkə çoxdan dağılmış səltənəti, dünyanın hələ aksolotllara aid olduğu azad vaxtlarını. Ola bilməz ki, daş sifətlərinin məcburi ifadəsizliyini yarıb üzə çıxan bu cür dəhşətli üz ifadəsi ağrıdan, əbədi lənətdən, məhkum olduqları maye cəhənnəmdən xəbər verməsin. Özümü inandırmaq istəyirdim ki, sırf öz həssaslığım ucbatından aksolotlların şüurlu varlıq olduqlarını düşünməyə başlamışam. Amma faydasız idi. Bunu onlar da, mən də bilirdim. Odur ki, baş verənlərdə qəribə heç nə yox idi.

Üzüm akvariumun şüşəsinə yapışmışdı, gözlərim təkrar-təkrar bu bəbəksiz gözlərin sirrini çözməyə çalışırdı. Şüşənin o tayında düz üzümün qarşısında hərəkətsiz bir aksolotl dayanmışdı. Sonra heç bir keçid və təəccüb olmadan üzümü akvariumun o tayında, çölündə, şüşənin o biri tərəfində gördüm, özüm isə akvariumun içindəydim. Üzüm uzaqlaşanda hər şeyi başa düşdüm.

Bircə şey qəribəydi; əvvəlki kimi düşünə bilirdim. Bunu anladığım ilk an məni qəfil ayılıb diri-diri basdırıldığını görən adamlar kimi dəhşət hissi bürüdü. Çöldə isə sifətim yenidən şüşəyə yaxınlaşdı, dodaqlarımı bərk-bərk sıxıb aksolotlları daha yaxşı başa düşməyə çalışırdım. Artıq mən özüm aksolotl olduğum üçün bilirdim ki, başa düşmək mümkün deyil. O, akvariumun çölündəydi və onun düşüncələri də akvariumdan çöldəki düşüncələr idi. Mən onu tanıyırdım, o idim, həm də aksolotl idim və öz dünyamdaydım. Bunu anladığım an canıma qorxu düşdü, mən aksoltlun bədəninə məhkum olmuşdum, amma həm də insan kimi düşünə bilirdim, bundan sonra aksolotl kimi yaşayıb ömrümü hissiz varlıqların arasında qıvrıla-qıvrıla hərəkət edərək keçirəcəkdim. Amma başqa bir aksolotl üzümə baxmaq üçün yaxınlaşanda, mən də onu görmək üçün kənara çəkiləndə hər şey keçib-getdi, artıq bilirdim ki, o da bilir, bunun üçün danışmağa ehtiyacımız yox idi. Ya mən həm də onun içindəydim, ya da burada hamımız insan kimi düşünürdük, heç bir şey ifadə edə bilməsək də, parıldayan qızılı gözlərimizi akvariuma yaxınlaşan insanların üzlərinə dikirdik.

O, dəfələrlə gəlmişdi, amma daha az-az gəlirdi. Həftələr keçsə də, gözə dəymirdi. Dünən onu gördüm, uzun-uzun məni süzdü, sonra da qəfil çıxıb getdi. Mənə elə gəlir, daha bizimlə o qədər də maraqlanmır, sadəcə vərdiş eləyib deyə gəlmişdi. Düşünməkdən başqa heç nə edə bilmədiyim üçün onun barədə çox düşünmək imkanım olurdu. Deyəsən, əvvəllər aramızda bir əlaqə var idi, o, həvəslə öyrənmək istədiyi bu sirrə heç vaxt olmadığı qədər yaxın hiss edirdi. Amma onunla aramızdakı körpülər dağılmışdı, axı bir vaxtlar onun maraqlandığı şey indi öz insan həyatından xeyli uzaqlaşmış bir aksoltldur. Məncə, başlarda müəyyən dərəcədə ona qayıda bilərdim – eh, sadəcə müəyyən dərəcədə – və onun bizi tanımağa olan həvəsini canlı saxlaya bilərdim. İndi isə mən tam aksolotl olmuşam və insan kimi düşünməyimin səbəbi bütün aksolotlların qırmızı başlarının içində insan kimi düşünməsidir. Mənə elə gəlir ki, ilk günlərdə hələ“o” olanda ona bəzi şeylər ötürə bilmişdim. Onun bir daha qayıtmaması ilə başlayan bu sonsuz tənhalıqda bircə fikirlə təsəlli tapırdım: bəlkə də o bizim haqqımızda yazacaq, bir hekayə uydurub aksolotllar haqqında bildiyi hər şeyi qələmə alacaq.

İspancadan çevirdi: İlahə Əkbər

Seçilən
87
kulis.az

1Mənbələr