"Bir neçə çəki dərəcəsi istisna olmaqla, qalan bütün kateqoriyalarda güləşçilər gözləntiləri doğrultdular".

Bu sözləri Offsideplus.az saytına Azərbaycanın yunan-Roma güləşi üzrə sabiq baş məşqçisi Elçin Cəfərov 20 yaşadək güləşçilər arasında keçirilən ölkə çemponatı haqqında danışarkən deyib.

Təcrübəli mütəxəssis Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda perspektivli idmançıların diqqəti cəlb etdiyini bildirib: "Ümumiyyətlə, çempionat çox yaxşı təşkil olunmuşdu. Diqqətimi bəzi güləşçilər çəkdilər. Onlar əsas yığmanın heyətində bu il Avropa və dünya birinciliklərində güləşməyi haqq edirlər. Təbii ki, seçim məşqçilərdən asılıdır. Ancaq 19-20 yaşlı güləşçi indi böyüklərin yarışında qüvvəsini sınamasa, 2028-ci ildə Paris Olimpiadasına necə yollanacaq?".

Əməkdar məşqçi çempionatda fərqlənən güləşçilərin siyahısında konkret ad çəkmək istəməyib: "Bilirsiniz, bunun əks təsiri ola bilər. Kiminsə adını çəksəm, arxayınlaşa bilər. Əksinə, belə idmançılara daima nəzarət olunmalıdır, məşqlərə ciddi yanaşmalıdırlar. Sevindirici məqamlardan biri də odur ki, yeniyetmələr arasında fərqlənən bəzi güləşçilər gənclərin də mübarizəsində fərqləndilər. Bu, həmin idmançıların arxayınlaşmadığını, məşq proseslərinin düzgün aparıldığını göstərir".

Çempionatda neqativ halların da qeydə alındığını söyləyən E.Cəfərov məsələyə anlayışla yanaşmaq lazım olduğunu vurğulayıb: "Təəssüf ki, bir neçə idman cəmiyyəti və klubun nümayəndələri xoşagəlməz halların yaşanmasına səbəb oldular. Biri hakimdən razıdır, digəri narazıdır... Yekun nəticədə belələri idmana və idmançıya yaraşmayan hərəkətlərə yol verdilər. Çempionatda əcnəbi hakimlər də ədaləti qoruyurlar. Əslində, onlar üçün nə fərqi var ki, göy trikoda olan güləşçi Gəncədəndir, qırmızı geyimli idmançı isə Qubadandır. Bunu misal olaraq, deyirəm. Digər tərəfdən, məşqçiləri də anlayıram. Hər kəs istəyir ki, öz yetirməsi qalib olsun, hakim həmişə onların xeyrinə qərar versin".