AZ

“Nyukasl”da zədəli Nik Poupu David de Xea əvəz edə bilər

“Mançester Yunayted”in ispan sabiq qapıçısı, hazırda azad agent qismində olan David de Xea yenidən Premyer Liqada oynaya bilər.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, “Nyukasl” rəhbərliyi çiynindəki zədə səbəbindən 5 aya qədər yaşıl meydanlardan kənarda qalması təxmin edilən qapıçı Nik Poupun yerinə məhz De Xeanın gətirmək istəyir.

Mənbənin məlumatına görə, De Xea “Nyukasl”ın nəzərdən keçirdiyi mümkün seçimlərdən biridir. İspan qapıçının İngiltərə klubuna keçidinin maaşında azalma şərti ilə mümkün olacağı da vurğulanır.
Xatırladaq ki, “Nyukasl” qapıçısı Nik Poup İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Mançester Yunayted”lə oyunda (1:0) zədə səbəbindən əvəz edilmişdi. Bu hadisə oyunun 86-cı dəqiqəsində baş verib və Poupun əvəzinə meydana slovak qapıçı Martin Dubravka çıxıb.

De Xea “Mançester Yunayted”dən ötən yay ayrılıb. İspan qapıçı maaşının azaldılması şərti ilə də “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa razı idi, amma o vaxt “Mançester Yunayted” rəhbərliyi De Xea ilə müqaviləsini yeniləmək istəmədi.

David De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.

İspaniya millisində 45 oyun keçirmiş De Xea “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı David de Xeanı 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla