Məsələ ilə tanış olan mənbələrə görə, ABŞ-ın mis idxalı tarifləri qarşıdakı həftələr ərzində elan edilə bilər.
Marja.az-ın məlumatına görə, bu xəbər ilə əlaqədar olaraq Nyu-Yorkda ticarət edilən misin qiymətləri rekord həddə yüksəlib.
ABŞ Prezidenti Donald Tramp fevral ayında Ticarət Departamentinə misə görə potensial tariflərlə bağlı araşdırma aparmağı və 270 gün ərzində hesabat təqdim etməyi tapşırıb. Lakin adının açıqlanmasını istəməyən mənbələrə görə, prosesin daha əvvəl yekunlaşacağı gözlənilir.
Bəzi mənbələr, Trampın tez-tez tariflər tətbiq etməyi planlaşdırdığını dediyi üçün araşdırmanın əsasən formal xarakter daşıdığını qeyd edib.
Proseslə tanış olan bir hökumət rəsmisi, hökumətin araşdırmanı sürətlə davam etdirdiyini və nəticənin 270 günlük müddətdən çox əvvəl elan edilə biləcəyini söyləyib.
Ağ Ev xəbərə şərh verməkdən imtina edib. Fevral ayında Ağ Evin ticarət müşaviri Peter Navarro araşdırmanın tez aparılacağını söyləmişdi. "Yeni ticarət katibimiz Hovard Lutnik, araşdırmanın nəticələrini mümkün qədər tez prezidentin masasına çatdırmaq üçün çalışır".
Tramp bütün mis idxalına 25 faizə qədər tariflər tətbiq edə biləcəyini söyləmişdir. Bu addım borular və elektrik naqilləri kimi bir çox sahədə istifadə edilən dünyada ən çox yayılmış metallardan biri olan misin qlobal bazarında qeyri-müəyyənliyə səbəb ola bilər.