AZ

Qlobalizmin sonu və yeni siyasi dalğalar: “İdeoloji, ziddiyyətli məqamlar hökumətləri bir sıra addımlar atmağa məcbur edir”

Türkiyədə vəziyyət gərgin olaraq qalır. Martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri  Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə başlayan  etirazlar davam etməkdədir. Bəs Ekrem İmamoğlunun həbsi Türkiyə siyasətində hansı dəyişikliklərə səbəb ola bilər? Dünyada baş verən etirazların  arxasında nə dayanır?
Bu barədə  Moderator.az-a açıqlama verən  Ədalət, Hüquq, Demokratiya  (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyir ki, Əkrəm İmamoğlunun həbsinin arxasında çox ciddi məsələlərin olması ehtimalı kifayət qədər yüksəkdir. Çünki Türkiyə hökuməti yaxşı bilirdi ki, İmamoğlunun həbsi Türkiyədə çox ciddi gərginliyə rəvac verəcək və dövlət buna qarşı təbii ki, hazırlıqlı idi. Bu baxımdan riskli görünən addım atıldı:
“Bir sıra versiyalar mətbuatda müzakirə olunur. Eyni zamanda qarşı tərəfdən də Əkrəm İmamoğlunun prezidentliyə gedən yolu və yaxud prezidentliyə gedən yolunun kəsilməsi, yaxud CHP daxilində baş verən ziddiyyətlərin əsas səbəb olması ilə bağlı fikirlər irəli sürülür. Hesab edirəm ki, təkcə bu səbəblərlə bağlı hökumət addım atdı. Daha ciddi proseslər cəryan edir və yaxın perspektiv üçün Türkiyədə hər hansı gərginliyə yönəlik addımların atılması ilə bağlı dövlətin əlində faktlar, yaxud informasiyalar ola bilər. Bu baxımdan hesab edirəm ki, Türkiyə hökuməti məcburən bu addımı atıb və əlbəttdə ki, yaxın gələcəkdə bununla bağlı daha detallı informasiyalar yayıla bilər. Təkcə Türkiyədə deyil, Macarıstan və müəyyən Şərqi Avropa ölkələrində də gərginliklər  artmaqdadır və bu etiraz dalğasının müxtəlif ölkələrdə baş verəcəyini  gözləmək mümkündür. Çünki artıq dünya elə bir mərhələyə qədəm qoyub ki, burada proseslər geri dönüşü olmayan bir məcrada davam edir.  Birləşmiş Ştatların daxilində baş verən proseslər böyük ölçüdə dünyanın müxtəlif ölkələrində təzahür edir. Çünki ideoloji, ziddiyyətli məqamlar hökumətləri bir sıra addımlar atmağa məcbur edir”.
Siyasi şərhçi hesab edir ki,  Amerika Birləşmiş Ştatları daxilində də Trampa qarşı ciddi təzyiqlərin olacağı ehtimalı yüksəkdir:
“Çünki dünya köklü dəyişim prosesinə qədəm qoyub və burada qlobalizmin çöküş prosesini izləyirik və  müxtəlif məsələlər öz aktuallığını itirir, arxa plana keçir və dövlətlər daha zəruri hesab etdikləri addımları atmağa məcbur olurlar. Bu o deməkdir ki, dünyada siyasi, iqtisadi, eyni zamanda bir sıra istiqamətlərdə paradiqmaların dəyişəcəyini proqnozlaşdırmaq mümkündür. Bu da qlobalizmin formalaşdırdığı beynəlxalq maliyyə təsisatları və onların törəmə təşkilatları vasitəsilə dünyanın idarə edilməsi dönəminin sona çatacağını söyləmək mümkündür. Əlbəttə, bu, asan bir proses deyil. Bu çox ciddi və dünyanın bütün dövlətlərinin xalqlarını və hər bir fərdlərin həyatına birbaşa təsir edəcək hadisələrin fonunda proseslər davam edəcək. Ona görə də hesab edirəm ki, qlobalizmin əlində sonuncu kartlardan biri olan iğtişaşlar yaratmaq cəhdləri və bunun üçün uzun illər ərzində formalaşdırılmış və oturuşmuş çarlxarın işə salınması prosesini müşahidə etmək olar. Təkcə Türkiyə ilə də bağlı deyil. Ümumiyyətlə, Tramp administrasiyası ilə ideoloji müstəvidə tərəfdaş olan bir sıra hökumətlərə qarşı etiraz dalğasının yaranma ehtimalı çox yüksəkdir və biz bu prosesləri yaxın perspektivdə mərhələli şəkildə müxtəlif dövlətlərdə hiss edə bilərik və hesab edirəm ki, bu prosesi izləmək ehtimalımız kifayət qədər yüksəkdir. Türkiyədə baş verən bu proseslər, hökumətin atdığı addımlar tədricən iğtişaşların yatırılmasına və beləliklə də hüquqi müstəvidə proseslərin davam etdirilməsinə gətirib çıxaracaq.  Türkiyədə sabitlik, əlbəttə, ilk növbədə Türkiyə dövləti, eyni zamanda türk dünyası üçün həyati əhəmiyyət daşıyır və indiki məqamda arzuolunmaz bir mənzərənin  olması istər regionda, istərsə də geosiyasi mənada çox ciddi problemlərə gətirib çıxara bilər. Bu baxımdan Türkiyədə baş verən proseslərin  istər Qərb, istər region ölkələri və türk dünyası dövlətləri tərəfindən yaxından izlənilməsi və narahatlıqla müşahidə olunması tam təbiidir. İnanıram ki, Türkiyə dövləti tez bir zamanda nizamlanma mərhələsinə qədəm qoyacaq”.
 
Mehin  Mehmanqızı
 
Seçilən
127
50
moderator.az

10Mənbələr