AZ

Peyvənd edilməsi qızılcadan qoruyan ən yaxşı vasitədir

Peyvənd

Bakı, 5 dekabr, AZƏRTAC

Qızılca yüksək yoluxduruculuğa malik infeksion xəstəlikdir. Həmin xəstəliyə yoluxan sağlam insanlarla təmasda olarsa, onların da qızılcaya yoluxmaq ehtimalı 90 faiz təşkil edir. Bu o deməkdir ki, qızılcaya yoluxan şəxs daha 16-18 nəfəri həmin virusa yoluxdura bilər.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Nigar Bayramova deyib: “Bəzi valideynlər həkimlərdən övladlarına müxtəlif immun və vitamin preparatlarından təyin olunmasını və bununla qızılcanın qarşısını almaq istəyirlər. Qızılcadan qoruyan virus əleyhinə spesifik müalicə və möcüzəvi siroplar yoxdur. Qızılcadan qorunmağın yeganə yolu iki dəfə peyvənd olunmaqdır”.

“Qızılcaya yoluxan şəxs xəstəliyi gizli keçirərsə və bilmədən peyvənd olunarsa, hər hansı fəsad baş verə bilərmi?” sualına həkim-pediatr belə cavab verib: “Qızılcalı xəstə ilə təmasda olmuş və təmasdan sonra 72 saat ərzində həmin şəxslərə peyvəndin vurulması xəstəliyin ağırlıq dərəcəsini azaldır və başqa şəxslərin yoluxmasının qarşısını alır. 72 saatdan sonra peyvənd vurularsa, onun effektivliyi aşağı düşür, lakin xəstəliyin önlənməsində əhəmiyyətli rola malik olur”.

İlk növbədə ən yaxşı profilaktika valideynlərin övladlarını vaxtında peyvənd etdirməsidir. Mütəxəssislər də xəbərdarlıq edirlər: qızdırma olduqda valideynlər özbaşına hərarətsalıcı dərmanlardan istifadə etməsinlər. Əks halda bir çox fəsadlara səbəb ola bilər.

Qeyd edək ki, qızılcaya yoluxanlar arasında ilk üçlüyə Türkiyə və Rusiya daxildir. Ölkəmizdə isə qızılcaya yoluxan xəstələrin 95 faizi peyvənd olunmayan uşaqlar və məktəblilərdir.

Yaxın zamanda yaşlı əhalinin də qızılcaya qarşı peyvənd olunmasına başlanılacaqdır.

Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair yaydığı məlumatda bildirir ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.

Seçilən
190
50
azertag.az

10Mənbələr