AZ

Yeltsinin ürək həkimi: “Ölümünü belə tezliklə gözləmirdim”

1980-ci illərin sonunda SSRİ-nin ziddiyyətli siyasətçilərindən hesab olunan Boris Nikolayeviç Yeltsin keçmiş imperiyanın dağılmasında önəmli rol oynayıb. 1991-ci il çevrilişinin qarşısını alan Yeltsin bununla da birdəfəlik SSRİ-ni tarixin yaddaşına göndərməyə nail oldu. Özü isə Rusiya Federasiyasının ilk prezidenti seçildi. Hakimiyyəti dövründə ziddiyyətli qərarlarıyla yadda qalan Boris Nikolayeviç Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirib. Məhz onun xeyir-duası ilə Azərbaycanın 20% ərazisi işğal altına düşüb. Ermənilərə xüsusi rəğbəti ilə seçilən Yeltsin 2007-ci il aprelin 23-də Moskvanın Mərkəzi Klinik Xəstəxanasında 77 yaşında dünyasını dəyişib. Eks-prezidentin ailə üzvlərinin xahişi ilə onun meyiti yarılmayıb.

Boris Yeltsin həyatının son illərində ciddi xəstəliklə mübarizə aparıb. Həkimlərin diaqnozuna görə Yeltsin ürək-damar sistemi xəstəliyindən əziyyət çəkib. Hələ 1991-ci ildə o, Rusiya Federasiyasının prezidenti seçiləndə ürək xəstəliyindən əziyyət çəkməsi barədə dünyanın aparıcı mətbuat orqanları məlumat yaymışdı. Sonra siyasətçi əla fiziki formada olduğunu bildirərək, xəstəlik faktını qəti şəkildə təkzib etmişdi. Lakin 1995-ci ilin iyul və oktyabr aylarında o, iki dəfə koronar arteriya tutulması ilə xəstəxanaya yerləşdirildi.

1996-cı ildə Boris Nikolayeviç ikinci müddətə prezident seçildikdən sonra səhhətinin ağır olması ilə əlaqədar uzun müddət siyasi səhnədə görünmədi. Yalnız avqustun 9-da andiçmə mərasimində göründü. O, 1997-ci ilin əvvəlində Kremlə gəldi. Prezidentin siyasi səhnədən uzun müddət kənar qalmasının səbəbi səsvermənin birinci və ikinci turları arasında Yeltsinin keçirdiyi infarkt idi. Sonralar məlum oldu ki, ikinci dəfə prezident seçilən Yeltsin infarkt keçirdikdən sonra ürək əzələsinin koronar arteriya şuntlanması əməliyyatına məruz qalıb. Əməliyyatı ürək cərrahı, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Renat Akçurin uğurla həyata keçirmişdi.

2007-ci il aprelin 23-də Boris Yeltsinin ölüm xəbəri yayıldı. Ölümündən 12 gün əvvəl eks-prezident virus infeksiyasından yaranan ağırlaşmalarla Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin fikrincə, Boris Yeltsinin səhhətinin pisləşməsinə onun Yaxın Şərqə son səfəri səbəb olub.

Həkimlər onun həyatı üçün təhlükə görməsələr də, aprelin 20-də Boris Nikolayeviçin ümumi vəziyyəti kəskin şəkildə pisləşməyə başlayıb. Döş qəfəsində şiddətli ağrılardan əziyyət çəkən keçmiş prezident reanimasiya şöbəsinə yerləşdirilib. Ömrünün son günündə Boris Yeltsinin ürəyi iki dəfə dayanıb. Həkimlər bir dəfə ürək əzələsini işləməyə məcbur etsələr də, ikinci dəfə bacarmayıblar.

Eks-prezidentin protokol rəhbəri Vladimir Şevçenkonun sözlərinə görə, Yeltsinin həyatı uğrunda mübarizə yeddi saat davam edib. Akçurin eks-prezidentin ölümünü təsdiqləyəndən sonra Rusiya mətbuatında Boris Nikolayeviçin ölümü haqqında rəsmi məlumat verilib. Akçurin daha sonra deyirdi ki, Boris Nikolayeviçin ölümünü belə tezliklə gözləmirmiş: “Düzdür, mən onu son vaxtlar görmürdüm. Boris Nikolayeviç özünü nisbətən yaxşı hiss etdiyinə görə onu nəzarətdə saxlamağa lüzum yox idi. Amma ürək çatışmazlığı öz sözünü dedi və onu itirdik”. Keçmiş dövlət başçısı Moskvanın Novodeviçye qəbiristanlığında dəfn edilib.

Vəli Həsənov,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
konkret.az

1Mənbələr