Son dövrlərdə Ukrayna müharibəsində vəziyyət daha da ağırlaşıb. Belə ki, tərəflər irəliləməkdə çətinlik çəkirlər. Üstəlik, Qərbdən gələn yardımların azalması Ukrayna üçün vəziyyəti daha da ağırlaşdırıb.
AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko Bizim.media-ya mövzu ilə bağlı açıqlama verib.
Mereşko əvvəlcə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin Qərbin yardımlarını dayandıracağı təqdirdə Ukraynanın vəziyyətinin pisləşəcəyi ilə bağlı fikirlərinə belə münasibət bildirib:
“Fikrimcə, bu bəyanatın məqsədi Konqresi Ukraynaya yardımla bağlı tez qərar qəbul etməyə təşviq etməkdir. Dövlət Departamentinin nümayəndəsi ABŞ-li qanunvericilərə yardımın vaxtından əvvəl veriləcəyi təqdirdə mümkün nəticələrini və həmçinin Ukraynaya dəstəyin ABŞ-nin milli maraqlarına uyğun olduğunu xatırladıb”.
AŞPA rəsmisi Rusiya-Ukrayna müharibəsinin perspektivi ilə bağlı danışarkən qeyd edib ki, Ukrayna artıq strateji baxımdan qalib gəlib:
“İndi cəbhədə kifayət qədər çətin dövrdür. Lakin ən əsası odur ki, Ukrayna öz dövlətçiliyini, müstəqilliyini qoruyub saxlayıb. Bütün Ukrayna torpaqlarının azad edilməsi yalnız zaman məsələsidir. Düzdür, müharibənin nə qədər davam edəcəyini bilmirik. Ukraynanın qələbəsi qaçılmazdır, çünki yalnız bu yolla beynəlxalq hüquq və asayiş bərpa oluna, Avropa və qlobal təhlükəsizliyə təminat verilə bilər”.
Ukraynalı diplomat Zelenskinin adının korrupsiya qalmaqalında hallanması və xalqının ona olan inamının azalması ilə bağlı iddialara da cavab verib:
“Bu cür iddialar üçün heç bir sübut yoxdur. Əksinə, Prezident Zelenskinin sayəsində Ukraynada effektiv antikorrupsiya arxitekturası yaradıldı. Ukraynada deputatların toxunulmazlığı ləğv edilib və artıq heç kim qanundan üstün deyil. Müxtəlif vəzifələrdə çalışan insanların korrupsiyaya görə məsuliyyətə cəlb edilməsinə dair çoxlu nümunələr görürük.
Qərb ölkələri Prezident Zelenskinin korrupsiyaya qarşı mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirirlər. Bu gün o, həm Ukraynada, həm də dünyada ən populyar siyasətçi olaraq qalır”.