AZ

Bəs futbol?  Futbol sonra da düşünülər...

Millinin son oyunlarından sonra hay-küy qopdu, tezbazar AFFA İcraiyyə Komitəsi yığışdı, yığma ilə turist səfərlərinə çıxan məmurlar qızıldan qiymətli fikirlərini bildirdilər, baş məşqçi De Byazinin 2,1 qramlıq hesabatını tərcüməçi 0,1 milliqramlıq vaxta sığdırdıqdan sonra qapını çırpıb çıxıb getdi, icrakomun yerli/əcnəbi tərəfdarları arqumentlərini səsləndirdilər... Sonda da "iş görürük" adıyla, müqaviləsi bitmiş italyan mütəxəssisi, ictimaiyyətə yönələn, "uzatmırıq, əl çəkin" bəsitliyi ilə millidən "qovdular", milləti sakitləşdirdilər, gələcək "planlar" üçün bir-iki ay vaxt uddular...
Yer boşaldı, müzakirələr qızışdı/coşdu, özünü milliyə namizəd göstərənlərin sayı Azərbaycandan Türkiyə, Rusiya, yenidən İtaliyaya kimi uzandı...

Rəsmilər "milli mental"lığı ilə bağlı ağıllı-ağıllı açıqlamalar verdilər, yığmaya əcnəbiləri sırıyanlar, "yerli olsun" fundamental əsərləri ilə çıxış etdilər, bir-iki həftə emosiyalar, adrenalinlər qalxdı/tükəndi... Və... millinin baş məşqçi təyinatı da "həll edildi", futbol da "düzəldi"!

AFFA növbəti dəfə "damar əməliyyatı" gedişini özləri üçün uğurla həyata keçirdi. Varlığa nə darlıq, maaş/paketlər, vəzifələr, imkanlar  yerində, qarşıdan Yeni İl bayramı gəlir, çox əziyyət çəkilib, yorulublar, istirahətə ehtiyac var. Bir-iki tura çempionatda da fasilə yaranacaq. Yaxşı dincələndən sonra, güc toplayıb seçki konfransına da hərtərəfli hazırlaşmaq olar... Əsas, saktliyin yaranmasıdır, o da təmin edilib. Qalır, kabinetlərdə sövdələşmələr, razılaşmalar, düzüb-qoşamlar. Ehtiyac olsa, "iddialıların" koalisiyası da mümkündür. Niyə də yox?!

Bəs futbol?  Futbol sonra da düşünülər... 15-20 ildir "düşünürlər"...

Sadəlöhvlüklə, emosiyalarla, bir-iki həftəlik çılğınlıqla futbol düzəlməz! Yaşıl meydanlarda məğlubiyyətlər kimi, "mübarizə" aparanlar kabinetlərdə də çox asanlıqla uduzurlar...
Vahid ideya ətrafında birlik, strateji düşüncə bacarığı, niyyət saflığı olmadan - qələbə olmur! Olsa-olsa, kabinet hiyləgərliyi, bir-birilərini satmaq, müvəqqəti qorunmaq görüntüsü, istifadə olunmaq və sonda vurulmaq "işbirliyi" yaranır...

Hələ ki,... nisbi sakitlikdir, Yeni il "bazarlığı" yaxınlaşır... Futbol kabinetlərində kəşfiyyat əməliyyatları davam edir. Bunun isə, həqiqi futbola, gələcəyə heç bir aidiyyatı yoxdur!

Tahir Süleymanov
Seçilən
132
futbolpress.az

1Mənbələr