AZ

““Altın Kelebek” pulla əldə olunur, deyirlər, qısqanırlar...”- müğənni Ayaz Babayev


Dekabrın 3-ü Türkiyədə 49-cu dəfə keçirilən ən prestijli “Altın Kelebek” mükafatları öz sahiblərinə qovuşdu. “Azərbaycanın parlayan ulduzları” nominasiyası üzrə mükafatın sahibləri teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samira Əfəndi və bloger Nəcibə Əhmədi olub. 
Sənətçilərimiz arasında ötən il “Altın Kelebek” mükafatına layiq görülmüş yeganə kişi sənətçi Ayaz Babayev də həmvətənlərini dəstəkləmək üçün gecəyə qatılıb, onların sevincinə şərik olub. O, Türkiyədən dünən geri qayıdıb. Elə möhtəşəm gecə haqqında təəssüratlarını da eksklüziv olaraq, Moderator.az saytı ilə bölüşüb. 
“Dünən Türk İncəsənət dünyasının ən önəmli ödülü “Altın Kelebek”in ödül töreni idi. Mən də ötənilki qalib kimi orda iştirak etdim. Üç ildir ardıcıl olaraq bu tədbirdə iştirak edirəm, möhtəşəm hisslər yaşayıram. İlk dəfə qazana bilməmişdim, ikincisində mənə layiq görüldü, Azərbaycanın parlayan ulduzu oldum. Bu il isə dəyərli dostlarımız qazandı, onları dəstəkləməyə getdik. Hər biri öz peşəsində, öz yolunda uğurlu insanlardır. Hər üçünü təbrik edirəm, hər üçü dostumuzdur. Həqiqətən, Azərbaycanda “influencer”liyi yüksək səviyyəyə gətirən mənim dəyərli dostum Nəcibə Əhmədi, bizi dünyada təmsil edən Samira Əfəndi, istər serialları, filmləri, istərsə də aparıcılığı ilə möhtəşəm sima Kəmalə Piriyeva- hər üçün o ödülə layiqlidir.”
Gənc və istedadlı müğənni Ayaz Babayev vurğuladı ki, bu mükafatla bağlı bəzi insanlarda şübhələr var və bunun da səbəbi qısqanc sənətçilərin söylədiyi fikirlərdir. 
“Arzu edirəm ki, “Altın Kelebek” həyəcanını, arzusunda olan, o möhtəşəm gecədə olmaq istəyən hər kəs yaşasın. Sənətçilərin bəziləri elə sözlər deyir ki, insanlarda da səhv fikirlər formalaşır. Deyirlər, belə uğurlar pulla əldə olunur. Normal məntiqi olan insan başa düşər ki, “Altın Kelebek” 49-cu dəfə keçirilir, yəni yarım əsrlik tarixi olan ödüldən bəhs edirik. Baş sponsoru da “Pantene”dir- Neslihan Atagül, Demet Özdemir kimi ulduzları siması edir, bu gecənin təşkili üçün milyonlarla qonorar xərclənir. Bu o deməkdir ki, orda bizim 5-10 minimiz heç bir rol oynaya bilməz. Səsləndirilən mənfi fikirlər, düşünürəm ki, arzu ilə, qısqanclıqla bağlı olan reaksiyalardır. Arzu edirəm ki, qısqanclıq yaşayan hər kəsə bu ödül qismət olsun. “Altın Kelebek” bizim həyatımızda gözəl bir iz buraxdı. İstəyərdim ki, bu qısqanclıq yox, sənət dostlarım üçün motivasiya olsun.”

Moderator.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
50
moderator.az

10Mənbələr