AZ

Yol azmış əsgərimizə "ömürlük" verildi- rəsmi İrəvan gərginliyi artırır...

Image

Elşən Həsənov: “Qələbədən sonra tərəfimizdən həbs edilmiş daha sanballı separatçıya və yaxud separatçılara dəyişdirmək istəkləri də ola bilər”

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib. 

Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

Birincisi, bu əsgər azaraq Ermənistan ərazisinə keçib. Hətta şər-böhtanla verilən cəzanı belə ağırlaşdırıb ömürlük etməklə Ermənistan nə demək istəyir? Məntiqlə, onlar bir az humanist davranmalıdırlar. Çünki bilirlər ki, bir çox yüksək ranqlı separatçı erməni hazırda  bizim əlimizdədir, onların istintaqı gedir. Ola bilərmi ki, qəsdən belə edirlər ki, biz də Qarabağ  separatçılarına ağır cəza verək? Sanki Paşinyan bir güllə ilə iki  dovşan vurmaq istəyir.

Təhlükəsizlik məsələləri üzrə ekspert  Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mətbuatda gedən materiallara da əsaslanaraq demək olar ki, Hüseyn Axundovun belə bir əməli istər qəsdən, istərdsə də ümumiyyətlə törətməsi heç də əsaslı şəkildə sübuta yetirilməyib: “Hərbçi sadəcə olaraq istiqaməti itirərək azıb Ermənistan ərazisinə daxil olub. Buradan çıxış edərək birmənalı şəkildə demək olar ki, çıxarılmış qərar qərəzli münasibətə söykənir və erməni tərəfinin istər adi azərbaycan vətəndaşı olsun, istərsə də hərbi qulluqçusuna qarşı münasibətin təzahürüdür. Düşünürəm ki, belə bir hadisə digər dövlətin hərbçisinin başına gəlmiş olsaydı, əlbəttə ki, daha fərqli nəticənin şahidi olardıq.

İşin digər tərəfi bəlkə də nə vaxtsa onun Azərbaycan tərəfində əsirlikdə olan erməni millətinə məxsus birisi ilə dəyişdirilməsinə hesablanmış addım olub. İndiki halda bəlkə də cazanın daha da artırılması ilə bağlı atılmış addımların digər variantlara da hesablanması nəzərdə tutulub. Yəni yaddan çıxarmayaq ki, qələbədən sonra tərəfimizdən həbs edilmiş daha sanballı separatçıya və yaxud separatçılara dəyişdirilmək istəkləri də ola bilər.

Paşinyanın marağında bəlkə də sizin də nəzərdə tutduğunuz istək ola bilər. Çünki Ermənistan daxilində gedən siyasi mübarizənin əksi burada da təcəssümünü tapa bilər. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Paşinyanın nə istəməyindən asılı olmayaraq, Azərbaycan ərazisində cinayət törətmiş hər hansı bir separatçı öz layiqli cəzasını mütləq şəkildə almış olacaq”.

Qeyd edək ki, ermənilərin bu addımı beynəlxalq aləmdə də birmənalı qarşılanmayıb.  Gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistanda əsir saxlanılan Hüseyn Axundova ömürlük həbs cəzası verilməsi xəbərini şərh edərkən bildirib ki, pis hava şəraitində azıb Ermənistan ərazisinə keçən sıravi əsgərin ömürlük həbs cəzasına məhkum edilməsi beynəlxalq hüquq prinsipləri və qanunlarına ziddir:

"Ermənistanın atdığı bu addım növbəti qanun pozuntusudur. Onlar girovlarla bağlı Cenevrə konvensiyasının maddələrinə uyğun hərəkət etmirlər".

V.Maysaya əlavə edib ki, atılan addım sülh müqaviləsi öncəsi alver etmək xarakteri daşıyır. Yəni hansısa bir istəyin yerinə yetirilməsi üçün bu addımı atıblar.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
204
baki-xeber.com

1Mənbələr