AZ

“Yeşilçam”ın sevilən aktyoru ilə ÖZƏL MÜSAHİBƏ – “Türkiyənin ən şanslı uşağıyam”

“Yeşilçam” filmləri Azərbaycanda da sevə-sevə izlənilir. Elə özüm də fürsət tapan kimi həm Azərbaycanın, həm də Türkiyənin 1960-70-ci illərdəki filmlərini izləyirəm. İzlədiyim filmlərdə bir uşaq oynadığı rollarla yenidən diqqətimi çəkdi. Həmin uşaq 4 ildə nə az, nə çox, düz 13 filmdə rol alan “Yeşilçam”ın siması Kahraman Kıraldır.

“Canım kardeşim”, “Şaşkın damat”, “Gelin”, “Erkekler ağlamaz”, “Oğul” kimi filmlərdə önəmli obrazları canlandıran aktyordan müsahibə almaq qərarına gəldim. Təklifimə müsbət cavab gəlməsi ilə yanaşı, məni duyğulandıran iki məqam da oldu. Birinci məqam cavab məktubunun Azərbaycan dilində yazılması idi. Digər məqam isə məktubda yazılan cümlə: “Mənim ikinci vətənim üçün etməyəcəyim heç nə yoxdur”.

Musavat.com “Yeşilçam”ın sevilən aktyoru Kahraman Kıralla müsahibəni təqdim edir:

YESİL.jpeg

- Türk filmlərinin uşaq simaları az deyil, amma ən sevilən simalarından biri də siz idiniz deməyəcəm, çünki hələ də sizsiniz. Qısa zamanda 10-dan çox filmdə rol aldınız. Sizi kim kəşf etdi? Necə başladı aktyorluq fəaliyyəti?

- Dövrün uşaq aktyorlarının əksəriyyəti prodüser və rejissorların övladları idi. O zamanlar indiki kimi kastinq agentlikləri olmadığından, qəzetlərdə bir film üçün xalqın içindən yeni uşaq aktyorları axtaran elanlar yayıldı. Böyük bir qrup iştirakçı arasından finala iki nəfər qaldıq. Sınaq çəkilişindən sonra mən qalib gəldim və kino karyeram beləcə başladı.

YESİL

- Demək olar ki, dövrün ən nəhəng aktyor və aktrisalarının əksəriyyəti ilə eyni filmlərdə iştirak etmisiniz. Onların dövrün ən məşhurları olduğunun fərqində idiniz? O zaman nələr hiss edirdiniz, ən əsası, bu gün geriyə dönüb baxdığınız zaman nələr hiss edirsiniz?

- Demək olar ki, rol adığım hər bir filmin heyəti çempionlar liqası kimi idi. Əvvəllər bunun çox fərqində olmasam da, sonradan onların ən tanınmış insanlar olduğunu anladım. Bu səbəbdən çox zaman müsahibələrimdə “Türkiyənin ən şanslı uşağı” olduğumu deyirəm.

- Çəkiliş zamanı çətinlik çəkdiyiniz film hansı olub? Uşaq yaşlarda rejissorlarla işləmək, yola getmək çətin olmadımı?

- O vaxtlar gördüyüm iş yaşıma görə mənə oyun oynamaq kimi gəlirdi. Ancaq filmlərin demək olar ki, hər biri emosional dram filmi idi. Cüneyt Arkınla oynadığım “Oğul” filmi ən çox çətinlik çəkdiyim film idi. Onun xaricində hər hansı bir filmdə nə rejissor, nə də aktyor heyəti ilə problem yaşadım.

CUNEYT.jpeg

YESİL

- Dərinlərə ensək, sizi çəkiliş zamanı, ya da aktyor olduğunuz zamanlarda üzən, yaxud həddindən artıq xoşbəxt edən xatirələr mütləq olub, onları bizimlə paylaşmağınızı istərdik...

- Hər filmin çox sayda xatirələri var. Tək-tək demək çətin olar, amma bütünlükdə məni xoşbəxt edən bir filmim var. Hələ də şah əsər deyə biləcəyim “Canım kardeşim” filmi. Ən pis xatirələrimin olduğu film isə “Oğul”dur.

- Küçədə, yolda sizi görən insanların reaksiyası necə idi?

- Afişalardan düşməyən, gözləniləndən qat-qat istedadlı, rollarını sanki yaşayırmış kimi canlandıran, ən əsası, xalqın içindən çıxan 8 yaşlı uşaq necə reaksiya ala bilərdi? Çox vaxt yolda böyük izdihamla gedirdik.

- Niyə film həyatınızı sonlandırdınız? Ehtiyac duymadınız, yoxsa sizə uyğun rollar yox idi?

- İbtidai sinif dövrümə təsadüf edən 5 ilə yaxın müddətdə filmlərdə rol aldım. Müəllimlərim və məktəb rəhbərliyi buna xoş yanaşırdı və məni o dönəmlər idarə etdilər. Təbii ki, orta məktəbin başlaması ilə vəziyyət dəyişdi, belə bir şəraitdə də pərdə bağlandı. Bundan əlavə, o zamanlar “Yeşilçam”da başlayan “seks çılğınlığı” ilə yaşıma uyğun filmlərdə də ciddi azalma oldu.

ANASİ.jpeg

- “Yeşilçam”ın məşhur uşağı indi nə ilə məşğuldur?

- O uşaq 20 yaşlarından etibarən ticarət həyatının içindədir və uzun zamandır ki, əmisinin mebel şirkətini idarə edir.

- Film dövrü bağlandıqdan sonra həyatınızda bir boşluq hiss etdinizmi?

- Əslində çox da yox. Həyatımda oyun kimi başlayan bir dövr, yeniyetməlik dövrünə keçid zamanı elə hiss etməyə başladım. Artıq tanınmış, çox sevilən bir uşaq idim. Sinif yoldaşlarım, ətrafım, xüsusən də filmlərdə xitab etdiyim yaşlı insanlar mənə heç vaxt unudulmaq imkanı vermədilər. Xüsusilə yollarda, ictimai yerlərdə maraq daha çox artdı.

ANASİ

- Ustadlardan tez-tez görüşüb söhbət etdiyiniz insanlar varmı?

- Təbii ki, orta məktəbə başladığım zamanlardan etibarən kino camiəsindən uzaqlaşdım. Əvvəlcə tez-tez olmasa da, bəlkə də gündəmdə olduğum üçün görüşmək şansı olurdu. Sonradan tədricən əlaqələr kəsilməyə başladı. Onların bəziləri ilə nadir hallarda rastlaşırdım.

- Azərbaycanın “İkinci vətənim” olduğunu söyləməyiniz, xüsusən də məktubu Azərbaycan dilində yazmağınız məni çox təsirləndirdi. Ölkəmizə getmək imkanınız olubmu?

- Təxminən 10 il işimlə əlaqədar Can Azərbaycana gedib-gəldim. Dilinizi müəyyən qədər danışa bilirəm. Çox iş görmüşəm, çox yaxşı dostlar qazandım. Bakı, Qəbələ, Şəki, Gəncə, Quba kimi şəhərlərdə oldum.

EN

- Son olaraq oxuyuculara nə demək istərdiniz?

- İkinci vətənimdə məni tanıyan, tanımayan hər kəsə salamlarımı göndərirəm. Ən qısa zamanda yenidən orada olmağı çox istəyirəm, çünki çox darıxmışam.

Dürrə Həsənova
Musavat.com

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla