Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ”la ev oyunu “Sumqayıt”ın futbolçusu Sənan Muradlı üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Sənan bu görüşdə meydana çıxmaqla Premyer Liqada debüt oyununu keçirib.
“Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Muradlı oyunun 86-cı dəqiqəsində Kamran Əliyevin əvəzinə meydana daxil olub. 2006-cı il təvəllüdlü yarımmüdafiəçinin Premyer Liqada debütü 17 yaş 338 günlüyündə gerçəkləşib.
Xatırladaq ki, Sənan Muradlı əsas komandanın heyətində ilk oyununu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində baş tutmuş “Lerik” – “Sumqayıt” qarşılaşmasında keçirib. Həmin matçda 90 dəqiqə meydanda olan gənc yarımmüdafiəçi 1 qol vurmağa da müvəffəq olub.
“Sumqayıt” – “Qarabağ” oyunu meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb.