AZ

Rusiyalı həkim: Xroniki stress həzm sistemi pozğunluğu problemlərinə yol açır

Mariya Belyayeva stress və həyəcanın hansı xəstəliklərə səbəb olduğunu açıqlayıb.

“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın ümumi sahə həkimi Mariya Belyayeva pis vərdişlərdən qurtulmaqla, bir sıra xəstəliklərdən azad olmağın mümkünlüyündən danışıb.

“Məlum olduğu kimi, sağlam həyat tərzi yaxşı əhval-ruhiyyəyə və sağlam orqanizmə malik olmağa kömək edir. Həkimlər tez-tez qeyri-düzgün qidalanmanın, az hərəkətli həyat tərzinin, stressin insanın səhhətinə mənfi təsiri barədə danışırlar. Bundan əlavə, pis vərdişlər şəkərli diabet, xərçəng, piylənmə, insult kimi xəstəliklərə yol aça bilər. Halbuki cəmi bir neçə sadə qaydaya əməl etməklə, orqanizmi xəstəliklərdən qorumaq mümkündür. Birincisi, mümkün olduğu qədər şad xəbərlər almaq, müsbət əhval-ruhiyyənin hökm sürdüyü mühitdə olmaq lazımdır. Pozitiv ovqat insana enerji və səmimilik bəxş edir. Stressdən qurtulmaq lazımdır, çünki o, depressiya yaradır, neqativ emosiyaları artırır” – deyə, rusiyalı həkim vurğulayıb.

Onun sözlərinə görə, stress keçirən insanın mədə-bağırsaq sistemində pozğunluq yaranır, tez-tez qan təzyiqi artır, bu isə ürəyin müxtəlif xəstəliklərinə yol açır. İkincisi, siqaretdən, alkoqoldan, həddindən artıq yağlı və şirin qidadan imtina bir çox xroniki xəstəliklərin yaranması riskini azaldır.

“Lakin təkcə sağlam həyat tərzi kifayət etmir. Sizi narahat edən ilk simptomlar meydana gəldiyi an mütləq həkiminizlə məsləhətləşmək və müvafiq mütəxəssislərə müraciət etmək lazımdır” – deyə, həkim qeyd edib.

Seçilən
153
1
ikisahil.az

2Mənbələr