İtaliya Futbol Federasiyası (FIGC) "Breşia" klubunu peşəkar statusdan məhrum edib və növbəti mövsümdən etibarən klubu peşəkar liqalardan – o cümlədən, Seriya C-dən – kənarlaşdırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu qərar klubun maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbilə verilib.
1911-ci ildə əsası qoyulan və uzun illər İtaliya futbolunda iştirak edən "Breşia" bu mövsümün sonunda Seriya B-dən aşağı liqaya düşmüşdü. Klubun oyunçularına və işçi heyətinə maaş ödənilmədiyi, ümumi borcun isə 3 milyon avroya çatdığı bildirilir.
Məlumata görə, klub sahibi Massimo Çellino azarkeşlərlə yaşadığı gərginliklərdən sonra borcu ödəməkdən imtina edib. Bu da klubun peşəkar statusdan çıxarılması ilə nəticələnib.
Qeyd edək ki, klubun formasını müxtəlif illərdə Roberto Baddjo, Xosep Qvardiola, Andrea Pirlo və Sandro Tonali kimi dünya futbolunun tanınmış adları geyinib.