AZ

Ukraynanın Rusiyaya qarşı yeni müharibə konsepsiyası: Kiyev müdafiəyə keçir?

Ukraynanın yeni müharibə konsepsiyası/strategiyası ətrafında müzakirələr davam edir.

* Senatda Ukrayna, İsrail, Tayvan və sərhədə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi ətrafında müzakirələr davam edir, proqres var və ilkin konsensus əldə olunmaqdadır.

* ABŞ Konqresi rekord məbləğdə hərbi büdcəni qəbul etdi.

* Həqiqətənmi ABŞ Konqresi ABŞ-ın NATO-dan çıxmasını qadağan edən qanun qəbul edib?

- Hal-hazırda Ukraynanın Rusiyaya qarşı yeni müharibə konsepsiyası/strategiyası Qərbin ali siyasi dairələrində ən çox müzakirə olunan məsələlərdən biridir. Fikir mübadilələri aparılır, fərqli ölkələrin kəşfiyyat, hərbi kəşfiyyat qurumları öz baxışları ilə bölüşürlər. Bəzən müzakirələr məxfi, bəzən də ictimayyət üçün açıq qaydada gedir.

Müzakirələrin hansı yöndə getməsini təsəvvür etmək üçün misal gətirmək olar. Bir neçə gün qabaq Estoniyanın hərbi kəşfiyyatı(Estoniya kəşfiyyatı, Avropanın ən güclü kəşfiyyatlarından biridir, biləsiniz) Ukraynanı qələbəyə aparan konsepsiya/strategiya dərc edib.

Estoniya hərbi kəşfiyyatının təklif etdiyi konsepsiya nədən ibarətdir?

•2024-cü ili Ukrayna müdafiədə keçirdir.

• Hər ay 50000 rusiyalı öldürülməli və ya yaralanmalıdır.

• Ukrayna, Qərbin(ABŞ başda olmaqla) hərbi sənaye kompleksinə inteqrasiya edib öz ərazisində müasir silahların kütləvi istehsalını təşkil etməldir(bu barədə biz yazmışdıq).

• Estoniya hərbi kəşfiyyatı Ukrayna-Qərb və Rusiyanın hərbi potensiallarını müqayisə edərək bildirir ki, düzgün müdafiə/hücum strategiyanın tətbiqi təqdirdə 2026-cı ildə Rusiyanın müdafiə potensialı tamamilə tükənəcək və Ukrayna birmənalı qələbə qazanacaq.

Ukraynaya təklif olunan və geniş müzakirə olunan konsepsiya/strategiyalar çoxdur, biz bunlardan biri ilə bu dəqiqə tanış olduq.

Bəli, USQ-nin əks-hücumun hədəflənən məqsədlərə çatmaması Qərbi məyus etdi və bir çox planları ləngitdi, amma bu heç bir halda təslimiyyət anlamına gəlmir və gəlməyəcək. Strateji olaraq heç nə dəyişməyib və geosiyasi trend inkişaf etməkdədir. Bütün çətinliklərə və problemlərə rəğmən.

- Ukraynaya, İsrailə, Tayvana hərbi dəstək və ABŞ sərhədlərinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə iş davam edir.

Xatırladaq ki, bu qanun layihəsinin hazırlanması ilk növbədə Senatın üzərinə düşüb. 15 dekabrda ABŞ Konqresində Milad tətilləri başlamalıydı, amma demokratların Senatdaki lideri Çak Şumerin təşəbbüsü ilə senatorların(Nümayəndələr Palatasına aid deyil, onlar tətillərə çıxdılar) tətilləri təxirə salındı(təxmini 22 dekabra qədər). Təbii ki, səbəb-demokratların respublikaçılarla Senatda konsensusun axtarışıdır və qeyd etmək lazımdır ki, pozitiv siqnallar gəlməkdədir. Konsensusun əldə olunması istiqamətində uğurlar əldə olunur.

Dünən ABŞ daxili işlər naziri Senatda idi və senatorlarla sərhədə nəzarətin gücləndirilməsini müzakirə edirdi(bu barədə yazmışdıq).

Çak Şumer ya bu gün(17 dekabr) axşam(gecə), ya da sabah(18 dekabr) səhərə qədər qanun layihənin ilkin variantını hazırlamağa planlaşdırır. Əgər hüquqşunaslar vaxt baxımındam çatdırsalar, sabah Şumer respublikaçı senatorları Senata dəvət edib qanun layihənin ilkin variantı ilə tanış olmağa dəvət edəcək.

Çak Şumer gələn həftə ərzində(22 dekabra qədər) Ukrayna, İsrail, Tayvana hərbi yardım və sərhədə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihənin Senatda qəbul olunmasını planlaşdırır. Uğurlar arzulayaq.

Unutmayaq ki, hətta Senatda qəbul olunsa da, bizi Nümayəndələr Palatası tərəfindən qəbul olunması mərhələsi gözləyir.

- ABŞ Konqresi 2024-cü il üçün nəzərdə tutulan hərbi büdcəni qəbul edib, nəhayət. Hərbi büdcə rekord məbləğ sayılan 886 milyard dollar təşkil edəcək.

12 dekabrda NDAA-nin(hərbi büdcə) lehinə Senat 87-13 nisbətlə səs verib. 13 dekabrda Nümayəndələr Palatası 310-118 nisbətilə hərbi büdcəni qəbul etmişdi.

Hərbi büdcədə Ukraynaya 300 milyon dollar hərbi yardım nəzərdə tutulub. Bu 300 milyon dolların, demokratların hal-hazırda ayırmaq istəyi 61 milyard dollara heç bir aidiyyatı yoxdur.

- Bir çox böyük media platformalarda "Konqres ABŞ-ın NATO-dan çıxmasını qadağan edən qanun layihəsi qəbul edib" başlığı ilə xəbərlər yayılır. Bu şəkildə həmin xəbərin təqdim olunması korrekt deyil. Niyə?

Bu suala cavab verməmişdən qabaq, ABŞ siyasəti və bürokratiyasının müəyyən incəliklərinə toxunmaq lazımdır.

İstənilən qanun layihəsinin qəbulu üçün, həm Senat, həm də Nümayəndələr Palatası lehinə səs verməlidir, bundan sonra sənəd Prezident(Prezidentin də veto hüququ var) tərəfindən imzalanandan sonra qanuni qüvvəyə minir.

Misal üçün: Senatda qanun layihəsi üzrə iş gedir hüquqşunaslar(Senatın, N/P-nin və Ağ Evin öz hüquqşunasları var, fərqli adamlardır) sənədi(qanun layihəni) hazırlayırlar Senat lehinə səs verdikdən sonra HƏMİN sənəd Nümayəndələr Palatasına göndərilir. Təbii ki sənəd bir çox səhifələrdən ibarət olur. İndi isə diqqət edin. Qanun layihəsi ancaq o təqdirdə qəbul olunur ki, Nümayəndələr Palatası Senatın təqdim etdiyi formada söz bə söz eyni sənədin lehinə səs verir. ƏGƏR sənəddə heç olmasa 1 cümlə dəyişdirilir, bu təqdirdə qanun layihəsi qəbul olunmur və 1 cümlə ilə dəyişdirilmiş sənəd yenidən Senata səsvermə üçün göndərilir.

Hüquqi proseduru aydınlaşdırdıq. İndi isə siyasi fona gələk və nəhayət "ABŞ-ın NATO-dan çıxmağını qadağan edən qanun"un nədən ibarət olmasını görəcəyik.

2024-cü il üçün nəzərdə tutulan ABŞ hərbi büdcəsi ətrafında müzakirələr cəmiyyəti yormağa başladı. Respublikaçılar ABŞ ordusunda qadın hərbçilərə aborta qadağanın tətbiqini hərbi büdcəyə daxil edilməsini tələb edirdilər, demokratlar təbii ki razılaşmırdılar və uzun müddət bu məsələ ətrafında fikir mübadiləsi gedirdi. ABŞ ordusu, ordunun büdcəsi hər bir amerikalı üçün müqəddəsdir və cəmiyyətdə büdcə ətrafında mənasız dartışmalar qıcıq yaratmağa başladı. Bu qıcığı böyütməmək üçün respublikaçıların beyin mərkəzləri qadın hərbçilərin abort məsələsini büdcədən çıxararaq Milad tətillərinə qədər hərbi büdcəni qəbul etməyə tövsiyə etmişdi.

Nəticə etibarı ilə Milad tətillərinə saylı günlər qalmış, sənəd Senata təqdim edildi və senatorlar bir hiyləyə əl atıblar. Bilərək ki, Nümayəndələr Palatası siyasi səbəblərdən Senatın qəbul etdiyi qanun layihəyə düzəliş etməyəcək 1 cümlə əlavə etdilər, məhz bu cümlədə deyilir ki, ABŞ-ın NATO-dan çıxması qadağandır. 13 dekabrda N/P elə həmin formada, bu cümlə daxil, qanun layihənin lehinə səs verdi.

Yəni, "ABŞ-ın NATO-dan çıxmaq" qadağası ayrıca qanun layihəsi deyil, sadəcə 1 cümlə ilə hərbi büdcəyə düzəlişdir. Mahiyyət eynidir, amma siyasi bürokratik incəlikləri təhlil etmək, bilmək vacibdir.

Və ən əsası, bu düzəlişin kökündə, Trampın ABŞ-ı NATO-dan çıxartmaq hədəsidir.

Politoloq Kamran Cəfərov

visiontv.az



Seçilən
69
50
visiontv.az

10Mənbələr