35 il öncə Ermənistanda yaşayan soydaşlarımız bu ölkədə baş qaldırmış və hökumət strukturları tərəfindən idarə olunan məqsədyönlü qatı şovinistlik üzündən öz ev-eşiklərindən didərgin düşərək, Azərbaycana sığınanda bizdə onları “qaçqın” adlandırdılar.
Beynəlxalq hüquq belə tələb edirdi. Bu şəxslərin real statusu qaçqın idi. Çünki insan kütləsinin bir ölkəni tərk edərək başqa ölkəyə pənah aparması qaçqınlıqdır.
Daha sonra həmvətənlərimiz Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşdülər. Bu dəfə onlar rəsmi sənədlərdə “məcburi köçkün” adlandırıldılar. Bu da dəqiq ifadə idi. Çünki bu şəxslər vətənlərini tərk etməmişdilər, sadəcə, onun müharibə gedən, işğala məruz qalan bir hissəsindən məcburi olaraq başqa hissəsinə köçmüşdülər.
İctimaiyyət fərq qoymurdu və həm keçmiş Ermənistan vətəndaşı olan, amma Azərbaycana pənah gətirənlərə də “qaçqın” deyirdi, həm də Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilandan olan və ölkənin paytaxtında, aran rayonlarında məskunlaşanlara da.
Rəsmi sənədlərdə, dövlət yetkililərinin açıqlamalarında, eləcə də mediada isə fərq qoyulurdu, ölkədən öıkəyə gələnlərə “qaçqın”, ölkə içində məcburən yer dəyişənlərə isə “məcburi köçkün” deyilirdi.
İndi görək Ermənistanın rəsmi şəxsləri və media qurumları Azərbaycan Respublikasının Qarabağ mahalının dağlıq hissəsində yaşayan və 2023-cü ilin sentyabrında 1 günlük hərbi eskalasiyanın səngiməsindən 2-3 gün sonra Ermənistan dövlətinin və yerli icmanın rəhbərlərinin təhriki və əmri ilə Azərbaycanı tərk edərək Ermənistana sığınan qaçqınlara nə deyirlər?
Onlar bizim kimi etmir, beynəlxalq hüquqa məhəl qoymur, Azərbaycan ermənilərini “məcburi köçkün” adlandırırlar. Elə çıxır ki, Xankəndidə və onun ətrafındakı rayonlarda yaşayan ermənilər Ermənistana başqa bir ölkədən yox, elə Ermənistanın özündən gəliblər. Başqa sözlə, sanki Qarabağ Ermənistanən bir vilayəti imiş və işğala məruz qalıb, bu adamlar da məcburiyyət qarşısında köçüblər.
Ermənistan mediasında, demək olar ki, hər gün aşağıdakı başlıqlarda xəbərlər verilir: “Ermənistanda Dağlıq Qarabağdan olan 42 716 məcburi köçkün qeydiyyata alınıb”; “Dağlıq Qarabağdan olan məcburi köçkünlər məişət texnikası ilə təmin edilib”; “Dağlıq Qarabağdan olan 11 min 785 məcburi köçkün pensiya alıb”; “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 400-ə yaxın müəllim artıq Ermənistanın təhsil sistemində çalışır” və sair və ilaxır.
Göründüyü kimi, ermənilər bilə-bilə “məcburi köçkün” ifadəsi işlədirlər. Kim də bilməsə, onlar “qaçqın” və “məcburi köçkün” terminlərinin və bu terminlərin altında tövsif olunan statusların fərqini əla bilirlər.
Bu, o deməkdir ki, Ermənistan dövlət olaraq hələ də Qarabağı öz ərazisi sayır və Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Bu, Ermənistanın hələ də konstruktiv dialoqdan uzaq olduğunun göstəricisidir. Eyni zamanda bu onun sübutudur ki, 1992-ci 2020-ci illər arasında Ermənistan Azərbaycanın ərazisinin 20 faizini təkcə işğal yox, həm də ilhaq edib özünə birləşdiribmiş.
Düzdür, ötən il bu dövlətin baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib, amma Ermənistanın rəsmi mediasında yer alan bu kimi terminlər, eləcə də ayrı-ayrı şəxslərin hikkəli bəyanatları göstərir ki, onlar Qarabağ sevdasından tam vaz keçmiş deyillər, sadəcə, məcburi taym-aut götürüblər.
Ermənilərin get-gedə kütləviləşən şəkildə revanş xülyasına qapılması açıq-aşkardır. Onlar regiondakı güc balansının dəyişəcəyinə, Ermənistanda hakimiyyətin devriləcəyinə, Azərbaycanın başqa bir güclü dövlətin, məsələn, ya Rusiyanın, ya da İranın qəzəbinə gələcəyinə, bu zaman onlar üçün qisas fürsəti yetişəcəyinə ümid bəsləyə-bəsləyə gözləmə mövqeyi tutublar.
Maraqlıdır ki, ermənilər beynəlxalq təşkilatlara, qüdrətli dövlətlərin parlamentlərinə göndərdikləri şikayət məktublarında da “məcburi köçkün” ifadəsi işlədirlər və həmin dairələr ermənilərin bu ifadəsinə düzəliş etmirlər.
Əlbəttə, Azərbaycan üçün ermənilərin özlərini “qaçqın” və ya “məcburi köçkün” adlandırmasının elə bir isti-soyuğu yoxdur. Adı nə olur-olsun, ölkə xalqı separatizm yuvasının birdəfəlik dağılmasından məmnundur. Ancaq görünür, ermənilər üçün fərqi var, onlar sona çatmış Qarabağ münaqişəsini davam etdirməyin yolunu belə tapıblar, hesab edirlər ki, beynəlxalq güclər Azərbaycanı o “məcburi köçkünləri” geri qaytarmağa məcbur edəcəklər.
Gerçəklik isə belədir: Azərbaycandan qaçqın düşmüş ermənilərin çoxu artıq Ermənistanın və onun havadarlarının əlində maşa olmaq, 200 ildən bəri sülh və əmin-amanlığın dəfələrlə pozulduğu mahalda qalmaq istəmirlər. Onlar anlayırlar ki, təkcə ən yeni tarixdə Qarabağda, xüsusilə də Xocalıda tökülən nahaq qanlar üzündən onların bu bölgədə rahat yaşaması mümkün olmayacaq. Əgər Qərb və Rusiya yenidən cəkici eyni sindana vuracaq mövqeyə gəlsələr, müttəfiq olsalar və ermənilərin bir qismini yenidən Xankəndiyə qayıtmağa məcbur etsələr, bax, o zaman ermənilər gerçəkdən də məcburi köçkün olacaqlar.
Mənbə: haqqin.az