“Mən və yaxınlarım Qarabağda torpaqları öz azadlığına qovuşduran, burada Azərbaycan bayrağını qaldıran, məscidlərdə yenidən azanı səsləndirən fateh sərkərdəyə səs verəcəyəm”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli bu gün məsciddə cümə günü münasibəti ilə keçirilən xütbəsində deyib.
Hacı Surxay deyib: əminəm ki, fevral ayının 7-də Prezident seçkiləri, inşallah çox yüksək səviyyədə keçəcəkdir. Hər kəsin seçim hüququ var və hər kəs seçim hüququnda azaddır. Burada heç bir məcburiyyət yoxdur. Mən isə öz seçimimi etmişəm. 30 ildən çox torpaqlarımız işğal altında olub, burada dədə-babalarımızın yurdları, qəbirləri, dini ibadət yerlərimiz tapdalanıb, vəhşicəsinə dağıdılıb.
Ona görə də seçimim məlumdur. Şəhidlərimizin ruhu qarşısında baş əyərək bildirirəm ki, bizim bu haqq seçimimiz gələcəyimizin, balalarımızın xoşbəxt gələcəyi naminədir. Fikrimi bununla tamamlamaq istəyirəm: Qurani Kərimin Ali İmran surəsinin 103-cü ayəsində Allah Taala buyurur: “Hamılıqla Allahın qırılmaz ipinə möhkəm sarılın səpələnməyin!” Hər kəsi Azərbaycanımız üçün birliyə, vəhdətə dəvət edirəm. Allah dövlətimizi qorusun və bayrağımızı daima uca eləsin.
Mənbə: teref.az