AZ

Səfirliyimizə hücum edənin edamı - bundan sonra nə olacaq? 

Politoloq: “Yasin Hüseynzadə barəsində Azərbaycanı razı salan hökmün icrası mübahisəlidir”

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində hökm çıxarılıb. İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. 

Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Məhkəmə Yasin Hüseynzadə barəsində edam hökmü çıxarıb.  Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib. Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib. Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər 08:30 radələrində səfirliyə silahlı hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vasif  Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər vətənə qayıdıb.

Cümşüd

 Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Yasin Hüseynzadə barəsində Azərbaycanı razı salan hökmün icrası məsələsi mübahisəlidir. Buna baxmayaraq, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etməlidir: “Azərbaycanın İrandakı səfirliyinin açılması üçün 1-ci şərt Yasin Hüseynzadənin cəzalandırılması idi. İran bu şərti məhkəmə hökmünü çıxarmaqla yerinə yetirib. İndi həmin hökmün icrası məsələsinin nə vaxt olacağı, ümumiyyətlə, olacağını söyləmək çətindir. Əsas odur ki, İran bir dövlət kimi etiraf etdi ki, vətəndaşı ağır cinayət törədib və o şəxsin cinayəti törədərkən İranın müxtəlif vəzifəli şəxsləri ilə əlaqədə olması da ortadadır. Silahı sonradan gətirmək, qaçıb gedəndən sonra bir daha qayıtmaq, terror zamanı İran polisinin əməkdaşının postunu qoyub getməsi və s. məsələlər bunu sübut edir. Yasin Hüseynzadə məhkəmədə susdu, təhrikçilərin adını çəkmədi. İran belə dövlətdir ki, onu proqnozlaşdırmaq mümkün deyil. Yasin Hüseynzadənin ad-soyadını dəyişib aparıb bir ucqar kəndə atacaqlar, orada özü üçün yaşayacaq. Belə addımları İrandan gözləmək olar. Azərbaycan əlavə təhlükəsizlik tədbirləri görməklə, İrandan da eyni təhlükəsizlik tədbirlərini tələb etməklə səfirliyin fəaliyyətini mütləq bərpa etməlidir”.

Cümşüd Nuriyev bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası, səfirlik üzərində Azərbaycan bayrağının dalğalanması İranda yaşayan bütün türkdilli xalqlar üçün vacibdir: “İranda 40 milyonun üstündə azərbaycanlılardan savayı qaşqaylar, xəzərlər, türkmənlər də türk kökənlidirlər. Bu baxımdan, bizin İranda səfirliyimizin olması çox vacibdir. Novruz bayramına qədər Azərbaycan İranda səfirliyini bərpa etməlidir. Bu, bizim üçün çox önəmlidir”.

Politoloq Cümşüd Nuriyev İran-Azərbaycan münasibətlərinin son 5 ildə o qədər də rəvan olmadığını bildirib: “Son 5 ildə İran o qədər rəngini, şəklini dəyişib ki... İran elə bir dövlətdir ki, Vanqa nənə olsa belə onu proqnozlaşdırmaqda çətinlik çəkər. Son 99 ildə İran ancaq türklərin əleyhinə işləyib və bu gün də o siyasəti davam etdirirlər. Görünən odur ki, İranı narahat edən, Rusiyaya, Fransaya yaxınlaşdıran əsas məsələ Turandır.   Ermənistanda Azərbaycanın xüsusi təyinatlılarının adı gələndə girməyə yer axtardıqları kimi İranda da Turan adı gələndə elə çaşqın duruma düşürlər. Turan zamanın tələbidir, dünyada Türkiyəyə qarşı hücumların arxasında da bu maraqlar dayanır. Bütün hallarda İran bizim "mehriban düşmənimizdir". Nə İrana, nə də Rusiyaya sona qədər inam olmamalıdır. Bu iki qonşu dövlətin Azərbaycana qarşı heç zaman dost münasibəti olmayıb, olacağı da gözlənilmir". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”



Seçilən
302
50
musavat.com

10Mənbələr