Yol nəqliyyat hadisəsi zamanı qarşı tərəfə dəymiş zərərin ödənilməsi üçün 2011-ci ildən sığorta məcburi olub. Qanuna görə, dəymiş zərərin maksimum 5000 manatını sığorta şirkəti qarşılayır.
Digər tərəfdən əksər sürücülər bu ödənilən sığorta məbləği ilə razı deyillər və onun artırılmasını istəyirlər. Çünki avtoqəza zamanı sığortanın ödədiyi maksimum məbləğ əksər hallarda dəymiş zərəri qarşılaya bilmir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan sığorta eksperti İlkin İbrahimov deyib ki, 5000 manatlıq məbləğ əksər istifadəçini qane etmir:
“Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta kompensasiyası əmlaka dəymiş ziyan üzrə 5 000 manat, sağlamlığa dəymiş ziyan üzrə isə 50 000 manat məbləğində müəyyən edilib. Yəni ölüm halı baş verən zaman hər bir şəxs üçün 5000 manatdan 50000 manatadək sığorta məbləği nəzərdə tutulub.
Lakin qəza zamanı şəxsi və digər avtomobilə ziyan dəyərsə, o zaman maksimal ödəniş 5000 manatdır. Avtomobil sahibi əgər 5 maşını da vursa, 1 maşını da vursa sığorta şirkətindən maksimum 5000 manat ödəyir.
Məsələn, əgər biz 5 maşına xəsarət yetiririksə və onun toplam cəmi 5000 manatı keçirsə onda faiz nisbəti olaraq maksimal ödəniş 5000 manat götürülməklə hər bir şəxsə onun ümumi faiz nisbəti qədərində sığorta kompensasiyası verilir və qalan hissəsi vətəndaşdan geri tələb olunur.
Sığorta kompensasiyasının 5000 manat olması “İcbari sığortalar haqqında” qanunda müəyyən olunub. Yəni bu sığorta növü məcburi xarakter daşıdığı və sosial məqsədlərə xidmət etdiyi üçün bu qanunla tənzimlənir”.
Ekspert bildirib ki, sığorta məbləğinin dəyişdirilməsi üçün qanunvericilikdə mütləq dəyişiklik olmalıdır:
“Eyni zamanda bu sığorta növünə dəyişiklik yalnız qanunla edilə bilər. Bu icbari məbləğ 2011-ci ildən qəbul olunub və hələ də dəyişiklik olunmur. Sosial məqsəd daşıdığı üçün bu kompensasiya zərərçəkənlər üçün nəzərdə tutulub.
Qanunda da qeyd olunduğu kimi, mülki məsuliyyət üçüncü şəxslərə dəyən ziyanı ödəyir. Yəni biz əgər hadisədə günahkarıqsa və bizim icbari məsuliyyət sığortamız varsa, o zaman qarşı tərəfə dəyən ziyanı icbari sığorta qarşılayır. Bu həm məhkəmələrin yükünü azaldır, həm də minimum tələbləri yerinə yetirir.
Ona görə də bu məbləğin artırılması ilə bağlı məsələ isə dövlətdən asılıdır. Əgər kompensasiya məbləği artırılacaqsa, paralel olaraq sığorta haqları da artırılmalıdır. Hazırda praktika onu göstərir ki, kim 5000 manatdan artıq sığorta kompensasiyasını istəyirsə, onda könüllü sığortalara müraciət edə bilər.
Vətəndaş sığorta haqqından əlavə olaraq, 10-50 manat arasında sığorta ödənişi verməklə istənilən məbləğdə sığorta kompensasiyası ala bilər. Bu könüllü sığortaya aiddir. Lakin icbari sığortada qeyd olunan 5000 manatlıq limitin kompensasiyasının artırılması üçün qanunvericilikdə mütləq dəyişiklik olmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız