AZ

İrandan Azərbaycana qarşı ərazi iddiası: Türkmənçay müqaviləsinin 200 illiyinə nə ilə gedirik?

Bir il sonra Milli Hökumətin (Pişəvəri hökumətinin) 80, 4 il sonra isə Türkmənçay sazişinin 200 illik ildönümləri gəlir. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, hər iki mövzu İran təbliğatı tərəfdən xüsusi olaraq istismar edilir, Azərbaycan Respublikasına və ümumən azərbaycanlı kimliyinə qarşı istifadə edilir.

Rusiya imperiyasının süqutu ilə Türkmənçay sazişi 100 il əvvəl qüvvədən düşsə də (müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə deyil və heç bir hüquqi məsuliyyəti əks etdirmir –C.Q), XIX -XX əsr boyunca bir millətin bölünməsinin, milli-siyasi sınıqlığın rəmzi olaraq qalır.

İranda aparılan anti-Azərbaycan təbliğatında daim Türkmənçay sazişinə istinad edilir, “Arazdan şimaldakı” torpaqlar (Azərbaycan Respublikası) itirilmiş, bir gün ana vətənə-İrana qayıdacaq ərazilər, “fars mədəniyyətinin bir parçası”, həyati maraqlar zonası elan olunur. Hətta 31 dekabr sərhəd hərəkatı və 20 yanvar faciəsi haqda belə həyasız təbliğat aparılır, bu faciələr azərbaycanlıların tarixi Vətənlə birləşmək hərəkatı kimi təqdim olunur.

Təbriz Universiteti tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayında (2018-ci il) getmiş “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları: Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalədə deyilirdi ki, İran ictimaiyyəti rus qüvvələri tərəfindən “İranın Qafqazdakı tarixi şəhərləri”nin işğalının acı xatirəsini unutmayıb. 2 əsr keçməsinə baxmayaraq, bu damğa “Arazın hər iki tayındakı İran xalqı”nın ruhunda və zehnində yaşayır. Ziyalılar Araz çayının şimal rayonlarını “böyük İran mədəniyyətinin” ayrılmaz hissəsi hesab edir, mütəxəssislər bu regionları “Şimali İran” adlandırırlar. Vurğulanırdı ki, Xameneinin də İranın Qafqazdakı tarixi torpaqlarına marağı böyükdür. O, İranda Gülüstan və Türkmənçay müqavilələrini açıq şəkildə rədd edən ilk yüksək vəzifəli rəsmi şəxsdir, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonra İranın müxtəlif vilayətlərində, xüsusilə də Təbrizdə bir neçə dəfə bununla bağlı çıxış edib. Sitatlar:

- Tarixə baxırıq və anlayırıq ki, Fətəli şah Qacar necə çirkin varlıq və murdar insan olub. Şəxsi həyatı, şəhvətpərəstlikləri, ürəyinin rəhmsizlikləri, nadanlıqları, öz zamanında Qafqazın 17 şəhərini əldən verməsi, onun zamanındakı Türkmənçay müqaviləsi (7 oktyabr 1992-ci il).
-Şimal qonşumuz tərəfindən müharibəyə sürükləndik. O müharibənin nəticəsi və müharibə zamanı zəifliklər bu idi ki, bu vətənin böyük bir hissəsi ondan ayrıldı və rüsvayçı Türkmənçay müqaviləsi bağlandı(21 oktyabr 1992-ci il).

- Uzaq keçmişdə, əziz ölkəmiz şimal qonşumuzun, yəni rusların hücumuna məruz qalanda Qacar padşahlarının zəifliyi, siyasi və hərbi şəxslərin acizliyi səbəbindən Gürcüstan və Qafqazın 11 şəhəri əziz İrandan ayrıldı, öz qələbələrindən məst olmuş rusları öz yerində oturdan qüvvə Təbriz idi (27 iyul 1994-cu il).

Bu gün rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın zaman keçir. O tarixi oxuyan hər bir iranlı 2 əsr keçdikdən sonra öz ruhunda utanc, həqarət və məğlubiyyət hiss edir və özündən soruşur: O cür böyük hadisə zamanı ölkə başçıları ölkənin milli kimliyinin köməkliyi ilə milli iradəni, ölkənin maddi və mənəvi sərvətlərini niyə ortaya çıxara bilmədilər?! Halbuki, Qafqazın 17 şəhərini İrandan almış və ölkəni öz canının bir parçasından məhrum etmişdilər (27 sentyabr 2000-ci il).

- ...İnqilab ilə nəticələnən 200 illik bu uzun müddət ərzində biz çətin, qaranlıq və əzablı yol keçmişik. Bu 200 illik müddətdə təhqiramiz Türkmənçay, ondan qabaq isə Gülüstan müqaviləsi bağlanmış, Qafqazın 17 şəhərini İrandan ayırıblar (3 iyun 2012-ci il).

Yəni İran parlamentində və digər səviyyələrdə Azərbaycan Respublikasına qarşı açıq iddialar, “İranın Ukraynası” yanaşması hər hansı təsadüfi şəxsdən deyil, birbaşa ölkənin bir nömrəli ali məmurundan qaynaqlanır.
2011-ci ildə İran parlamentinin azərbaycanlı üzvü Nadir Qazipur “müjdə” vermişdi ki, Ərdəbil, Təbriz və Urmiyadan olan Azərbaycan nümayəndələri Şimali Azərbaycanla bağlı “plan” hazırlayıblar. Plana görə, Azərbaycan Respublikası rəsmiləri “münafiqlərə” sığınacaq verərsə və “inqilabçılara” qarşı çıxarsa, İslam Şurası Türkmənçay müqaviləsinə yenidən baxılmasına qərar verməlidir. Bu əndərabi planın tərcüməsi o idi ki, Azərbaycan Respublikası İranın cızdığı xətdən kənara çıxacağı təqdirdə ilhaq iddiası qaldırılmalıdır. Təxminən Rusiyanın Ukraynaya qarşı etdiyi kimi .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
publika.az

10Mənbələr