AZ

Sülhə açılan atəş!

Ermənistan və havadarları nəhayət anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribata “Qisas”la cavab veriləcək

Ermənilər fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində növbəti dəfə təxribat törətdilər. Düşmən tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun yaralanması Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri həyata keçirməsini zərurətə çevirdi. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də erməni tərəfin təxribatına cavab olaraq “Qisas” əməliyyatı keçirib. Əməliyyat nəticəsində əsgərimizə atəş açan ermənilərin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin məhv edildiyini, yaralıların olduğunu etiraf edib. DSX-nın məlumatında, həmçinin bildirilir ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və Ermənistan tərəfinin iki ölkə arasındakı şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.

Son yarım ilə yaxın müddətdə hökm sürən nisbi sabitliyin pozulması, yenidən qan tökülməsi Ermənistanın və onun Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən havadarlarının regionda vəziyyəti gərginləşdirmək planlarının mövcudluğunu bir daha təsdiq etmiş oldu. Baş verən hadisə həm də Ermənistan hakimiyyətinin ikili siyasət yürütdüyünü və sülh danışıqlarını pozmaq cəhdlərindən əl çəkmədiyini göstərdi.

Bəs şərti sərhəddə törədilən təxribat proseslərin sonrakı inkişafına necə təsir edəcək? Azərbaycanın qətiyyətli cavabından lazımi dərs çıxarmayacağı təqdirdə düşməni nə gözləyir?   

Sərhəd təxribatı Ermənistanın hərbi-siyasi rəhbərliyinin açıq şəkildə vəziyyətin gərginləşdirilməsində maraqlı olduqlarını göstərdi. Çünki Azərbaycanın DSX postundakı müşahidə kameraları baş verən hadisənin əvvəlcədən planlaşdırıldığını sübut edir. Üstəlik, həmin gün Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də bir neçə dəfə atıcı silahlardan atəşə tutulub. Deməli, snayperdən açılan atəş hansısa erməni hərbçinin günahının və ya səhvinin nəticəsi deyil. Baxmayaraq ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hadisədən dərhal sonra bəyanat yayaraq sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırdığını bildirdi: “Yuxarı komandanlığın yazılı əmrlərində hərbi qulluqçunun vəziyyəti qiymətləndirərək atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya borclu olduğu hallar aydın şəkildə müəyyən edilir. Bu hal təsdiq olunarsa əmrin pozulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq.”

Məlum şeydir ki, bundan əvvəl həmişə olduğu kimi, yenə də heç nə araşdırılmayacaq, kimsə cəzalandırılmayacaq. Çünki atəş əmri məhz “yuxarı komandanlıq”dan gəlib, baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Təkcə Ermənistan hakimiyyətimi? Təbii ki, xeyr. Əslində, ermənilərin təxribatına görə həm də bu ölkədə bir ildir “fəaliyyət göstərən”, üstəlik əsas missiyası “atəşkəsin qorunmasına nəzarət etmək olan” Avropa İttifaqının (Aİ) mülki müşahidəçiləri də günahkar və cavadehdirlər. Axı onların işi tez-tez şərti sərhədin Ermənistan hissəsindən binokllarla Azərbaycanı seyr etmək deyil. Normalda Aİ missiyası vaxt itirmədən məsələyə reaksiya verməli, ermənilərin təxribatını qınamalı idi. Ancaq görünən odur ki, həmin cənabların əsl məqsədləri missiyalarından tamamilə fərqlidir. Qərbin regionda sülh maraqları həqiqətən varsa, o zaman Aİ missiyası baş vermiş hadisəyə ədalətli münasibət bildirməli, Ermənistandan cavab tələb etməlidir. Təbii ki, bunun baş verəcəyi inandırıcı deyil...

ABŞ, Fransa başda olmaqla bəzi Qərb dairələrinin vəziyyəti gərginləşdirməklə Ermənistanda, bununla da  Cənubi Qafqaz regionunda mövcudluqlarını saxlamaq istəkləri Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarının gələcəyini ciddi təhlükə altında qoyur. Halbuki, başa çatmış Qarabağ münaqişəsinin yarandığı ilk gündən bəri tərəflər davamlı sülhə nail olmağa və yekun sülh sazişi imzalamağa heç vaxt indiki qədər yaxın olmayıblar. Ermənistan isə bu şansı dəyərləndirmək əvəzinə, onu fəlakətlərə sürükləyən “havadarlarının” diktəsi ilə hərəkət etməyə üstünlük verir. Ancaq Ermənistan və havadarları nəhayət anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribata “Qisas”la cavab veriləcək. Çünki Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bundan əvvəlki “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qətiyyətli cavab” və digər əməliyyatlarda olduğu kimi.

Bundan sonra da həmişə düşmənin istənilən təxribatının qarşısı qəhrəman Azərbaycan əsgəri tərəfindən layiqincə alınacaq. Qoy düşmən arxayınlaşmasın və heç kimə güvənməsin. Çünki Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “Dəmir yumruq” hər zaman yerindədir!

Mahir Rəsuloğlu, “İki sahil”

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla