AZ

Hələ “evlənəndə düzələr” deyib, camaatın qızını da bədbəxt edirsiniz…

“Sapı özümüzdən olan balta!”. 

5 nəfəri vəhşicəsinə qətlə yetirən cinayətkara elə bu ad yaraşar. 

“Balta” ilk dəfə 15 yaşında başqasına bıçaqla xəsarət yetirəndə və sonra da ailəsi tərəfindən ört-basdır ediləndə “itilənib”. “Balta” psixoloji problemlər yaşayanda xəstəxana otaqlarında müalicə almalı olduğu halda, atasının ona aldığı “ayrıca ev”də kef çəkəndə “itilənib”. “Balta” sürücülük vəsiqəsi almamalı olduğu halda, taksi sürücüsü kimi fəaliyyət göstərəndə “itilənib”.  25 yaşında “Balta” hər gün məcburi ata-anasından 30-40 manat alanda “itilənib”. “Balta”nı bu qədər itiləyəndən sonra kəskin olması niyə təəccüb doğurur ki? 

Ya əlində silah küçədəki insanlara hücum etsəydi? Ya anasının arxasıyca məktəbə yollanıb şagirdlərə xəsarət yetirsəydi? Fəlakətin miqyasını dərk edə bilirsiniz? Psixoloji problemi olan şəxsin ev şəraitinə buraxılmasını təmin edən həmin həkim kimdir? Taksidə fəaliyyət göstərməsi üçün arayış verən həkim kimdir? “10 manata arayış verən” həkimlərdəndir? Kimdirsə, məsuliyyətə cəlb olunmalıdır!  Aldığınız rüşvətlər bir gün boynunuza dolanacaq! Bir gün elə o sağlamlığına arayış verdiyiniz qatillərin əlində öləcəksiniz! 

Valideynlər, nə qədər ki, təcavüz edən oğlunuzu gizlədəcəksiniz, qoruyacaqsınız onlar tərəfindən zorakılığa məruz qalacaqsınız. Nə qədər ki, ona-buna söz atan, ata puluna dostları arasında yekəxanalıq edən oğullarınızın altına maşın alıb qoyacaqsınız, bir gün onun avtoşluğunun qurbanı olacaqsınız. Nə qədər ki, psixoloji problemi olan övladınızı cəmiyyətə sağlam kimi sırıyacaqsınız, nəticəsi bu qədər dəhşətli olacaq. Hələ “evlənəndə düzələr” deyib, camaatın qızını da bədbəxt edirsiniz. Etməyin! Ruhi xəstə olmaq utanmalı bir şey deyil. Hamımızın başına gələ bilər. Xəstəxanada müalicə alsaydı, bu faciə də yaşanmazdı. Utanmalı olduğumuz məqam övladımızın tərbiyəsizliyini görməzdən gəlməyimiz, yanlışlarında ayağının altına daş qoymağımızdır. Necə deyərlər, əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir! 

Allah ölənlərə rəhmət eləsin! Övladın da xeyirlisini nəsib etsin!

Jalə Həsənli
Telejurnalist
Seçilən
70
Mənbələr
Şərh ()
Bağla