- Hikmət müəllim, bu gün 7 fevral seçkilərində qələbə qazanmış İlham Əliyev and içdi. İcazə verin, bir az əvvələ qayıdaq: Səsvermə necə keçdi? Səsvermədə iştirak etdinizmi?
- 7 fevral növbədənkənar prezident seçkiləri ümumxalq bayramı əhvali-ruhiyyəsində keçdi. Azərbaycan xalqı öz zəfər sevincini özünün hüquqi və siyasi iradəsinə çevirərək seçki məntəqələrinə daşıdı. Bu, Azərbaycanın milli demokratiya tarixində yeni keyfiyyət mərhələsidir. Bu yeniliyi səciyyələndirən əsas məsələ isə ondan ibarətdir ki, seçicilər bu seçkinin nəticələrinə kimin necə qiymət verəcəyini əsla düşünmürdülər. Bu yüksək səviyyəli milli özünə inam və onun mənbəyi əldə etdiyimiz tarixi zəfərlə bağlıdır. Mən də elə bu hisslərlə, yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etdim. Bu qələbəni, sevinci bizə yaşadan prezident İlham Əliyevə səs verdim. Səs verərkən, doğrusu, çox duyğulandım. Bakı şəhərində səs verərkən hiss edirdim, təsəvvür edirdim ki, Xankəndində də mənim soydaşlarım səs verir. Mən Bakıda səs verərkən mənim başqa bir soydaşım Şuşada, Füzulidə, Kəlbəcərdə, Laçında səs verirdi. Görünür elə bu səbəbdən hamının üzündə sevinc vardı.
- Dediniz İlham Əliyevə səs vermisiniz. Bu, bir təşəkkür idimi?
- Bəli. Azərbaycan Prezidentinə 92 faizdən çox səs vermək Azərbaycan xalqının həm təşəkkürü, həm də bütün dünyaya cavabı idi. Xalq bu zəfəri, təntənəni ona yaşadan tarixi şəxsiyyətə, liderə səs verirdi. Hər bir seçici hansı tarixi hadisənin içərisində olduğunun fərqində idi. Tarixi zəfərdən keçən 3 ildən çox müddət ərzində bizi təhdid edən, qələbəmizi əlimizdən almaq istəyən, regionda sülhün əldə edilməsinə maneçilik törədən, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdıran islamofob dairələrə, imperialist mərkəzlərə Azərbaycan xalqı seçki qutusunda qətiyyətli cavab verdi. Bu cavab çox dəqiq, məntiqli, nümayişkəranə idi.
- Sizcə, seçkilərin növbədənkənar olması ümumi prosesə necə təsir etmişdi?
- Seçkilərin növbədənkənar olması, düşünürəm ki, prosesə o qədər də ciddi təsir etmədi və yaxud ümumiyyətlə təsir etmədi. Çünki nəticə etibarilə seçicilər Azərbaycan xalqına tarixi qələbə yaşadan, ərazi bütövlüyünü və suverenliyini bərpa edən bir siyasətçiyə öz minnətdarlığını ifadə etmək üçün fürsət axtarırdı. Seçki bir neçə ay əvvəl, yaxud bir il bundan sonra keçirilsə idi, Azərbaycan xalqı yenə eyni mövqe nümayiş etdirəcəkdi. Çünki xalqımız yaşadığı gerçəkliyin fərqindədir. Müharibədən ötən müddətdə Azərbaycan xalqı bir daha əmin oldu ki, biz təkcə ermənilərə qarşı savaşmamışıq, bu qələbəni təkcə Ermənistana qarşı əldə etməmişik. Biz bu qələbəni Azərbaycan prezidentinin ifadə etdiyi kimi, "Ermənistan + " düsturuna qarşı əldə etmişik.
- Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birgə Xankəndidə səs verdi. Bu xəbəri necə qarşıladınız?
- Doğrusu, hamı kimi mən də çox maraqla gözləyirdim ki, görəsən, Azərbaycan prezidenti harada səs verəcək. Prezident məhz Xankəndinə səs verdi. Bu, hər birimizin qəlbini bir daha böyük fəxarət hissi ilə doldurdu. Çünki bu, tamamilə düzgün verilmiş bir qərar idi. Prezident Xankəndində mesaj verdi ki, bu şəhərimizi əbədiyyətə qədər özümüzə qaytarmışıq. 30 ildən çox müddətdə terror, separatçılıq mərkəzi kimi tanınan "Stepanakert" indi tarixi adını özünə qaytarıb və Xankəndi olaraq bu gün demokratiya mərkəzi kimi çıxış edir.
- Prezidentin ailə üzvləri ilə birgə Xankəndidə səs verməsi İrəvan mediasında çaxnaşma salıb. Axı ermənilərə nə dəxli var Azərbaycan Prezidenti ölkədəki hansı məntəqədə səs verir?
- Azərbaycan prezidentinin öz ailəsi ilə birgə Xankəndində səs verməsinə Ermənistan mediasının isterik və təxribatçı münasibəti əhəmiyyətsizdir. Biz erməniləri etnopsixoloji müstəvidə də məğlub etmişik. Xankəndində Azərbaycan prezidentinin səs verməsi bu baxımdan əlamətdar hadisədir.
- Seçki Azərbaycan cəmiyyətinin iradəsini ortaya qoyaraq qalib xalqın qalib liderinə yenidən dövlət başçısı mandatı verdi. Bəzi beynəlxalq təşkilatların tarixi zəfərimizə və xalqımızın iradəsinə qarşı mövqe tutduğu da bəllidir. Azərbaycanın ərazi bütövlüyünü həzm etmək istəməyənlərin ölkəmizə təzyiq göstərmək cəhdləri hansı nəticələr verə bilər?
- Təbii ki, Azərbaycanın ərazi bütövlüyünü həzm etməyən, tarixi qələbəmizi qəbul etmək istəməyən, Azərbaycan cəmiyyətinin demokratik bir cəmiyyət olduğunu düşünmək belə istəməyən çoxsaylı mərkəzlər var. Onlar xalqın iradəsi üzərindən öz iradələrini qəbul etdirməyə çalışırlar. Bu isə "ixrac demokratiyası"nın əsas fəlsəfəsidir. Qərb demokratiyadan bir imperiya aləti kimi istifadə edir. Ancaq bu, heç nəyi dəyişmir. Artıq Azərbaycan 30 il bundan əvvəlki, hətta 4 il bundan əvvəlki Azərbaycan deyil. İmperalist mərkəzlər yenə bu və digər platformalarda Azərbaycanı şantaj etməyə çalışacaqlar. Ancaq Azərbaycan xalqı öz demokratiyasını özü qurur.
- AXCP və Müsavat seçkilərin nəticəsini tanımadığını bəyan etdi. Özünü Rəsulzadə-Elçibəy yolunun davamçıları adlandıran bu marginal qruplar nə vaxtacan Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatların əlində alət olacaq?
-Bilirsinizmi, Azərbaycan siyasi sistemində bir AXCP- Müsavat tandemi var. Bunlar Azərbaycan milli demokratiyasının üz qaralarıdır. Azərbaycan xalqının göstərdiyi bu seçki fəallığından sonra səsvermənin legitimliyinə şübhə etmək absurddur. Bu, Azərbaycan xalqının gözünün içinə baxıb ağ yalan danışmaq, xalqın üzünə durmaqdır. AXC- Müsavat cütlüyü də, onları idarə edənlər də bilirlər ki, bu seçkidə xalq kimə səs verib. Bunları bilə-bilə Azərbaycan xalqının iradəsinin əleyhinə getmək, AXC və Müsavatın intiharıdır. Azərbaycanın düşmənlərinə bir növ pas verirlər.
- Seçki günü kompromat yaratmaq və yaymaq üçün Anar Məmmədlinin rəhbərlik etdiyi, hüuqi şəxs statusu olmayan Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinə yüzminlərlə pul ayrılması barədə xəbərlər yayıldı. Azərbaycan xalqının iradəsinin ifadə olunmasının əleyhinə qoyulan mayanı batmış saymaq olarmı?
-Əlbəttə, seçkiyə kölgə salmaq istəyən qüvvələr vardı. Bunlar müxtəlif pozuntu faktlarını əldə edərək, videolar düzəldərək öz ağalarına bir növ "kompromat buketi" hazırlayıb göndərməyə çalışırdılar. Ancaq buna nail ola bilmədilər. Çünki 7 fevral seçkilərində nə qədər çalışsalar da, ciddi bir qanun pozuntusunu qeydə ala bilmədilər. Bu isə onları özlərindən çıxarırdı ki, nəyə görə Azərbaycanda bu qədər yüksək səviyyəli seçki baş tutur. Onlardan biri də elə Anar Məmmədlinin rəhbərlik etdiyi mərkəz idi. Lakin bu prosesdə əleyhimizə kompromat yığmaqla Azərbaycan xalqının iradəsinə kölgə salmaq istəyənlərin niyyətləri baş tutmadı. Azərbaycanı şantaj etmək üçün qoyulan maya batmış oldu.
- Seçkçilərdə prezidentliyə namizəd olan siyasi xadimlər İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdilər. Bu təbrikləri Azərbaycanda yeni siyasi mədəniyyətin göstəricisi saymaq olarmı?
- 7 fevral seçkilərində 7 namizəd iştirak edirdi. Məğlub olanların hər biri Azərbaycan prezidentini əldə etdiyi qələbə münasibətilə təbrik etdi. Məğlubiyyəti qəbul etmək, etiraf etmək və qalib gələnin əlini sıxmaq siyasi mədəniyyətimiz üçün vacibdir. Olduqca pozitiv, yaxşı bir təzahürdür. Çünki bu, xalqın iradəsi ilə hesablaşmaqdır. Hətta namizəd olmayan bəzi müxalifətçilər də Azərbaycan prezidentini təbrik etdilər. Məsələn, REAL partiyasının sədri İlqar Məmmədov. Bu da bir göstərici idi. Ancaq AXC - Müsavat cütlüyü özlərində bu cəsarəti tapa bilmədilər. Bu da onların Rəsulzadə irsi ilə, Azərbaycan Xalq Cümhuriyyəti irsi ilə mənəvi-siyasi baxımdan heç bir əlaqələrinin olmadığını bir daha göstərdi. Xalq Cümhuriyyətinin ayrı-ayrı üzvləri mühacirətdə çox müsibətlər gördülər, ancaq vətəni satmadılar, Azərbaycanı müdafiə etdilər. Amma bu gün özlərini məhz həmin şanlı irsimizə bağlamaq istəyənlər Avropa Mərkəzlərinə hər cür "kompromat" ötürürlər ki, Azərbaycana qarşı təzyiq planları qurun. Ona görə mən düşünürəm ki, 7 fevral prezident seçkilərindən sonra AXC- Müsavat cütlüyü mənəvi-ideoloji baxımdan Azərbaycan siyasi sistemindən silinib.
- Seçkidən çıxan əsas mesaj “Zəfərə davam, islahatlara davam” oldu. Bu mesajı alan iqtidar hansı addımları atacaq?
- Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və dövlət sükanını yenidən prezident İlham Əliyevə etibar etdi. Azərbaycan prezidentinin söylədiyi kimi, bundan sonrakı tarixi mərhələdə yeni milli ideyaya ehtiyac var. Dövlətimizin daha da güclənməsi üçün bütün addımlar atılacaq.
Rəfiqə NAMAZƏLİYEVA