AZ

Paşinyan revanşistlərdən niyə çəkinir?

“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. Bu fikirlər  Prezident İlham Əliyevə məxsusdur. Bəli, bu gün həqiqətən də Ermənistanda revanşistlər iş başındadırlar. Bu isə o deməkdir ki, Nikol Paşinyan iqtidarı ölkədəki barışmaz meyilləri nəzarətdə saxlamaqda acizdir.  Kim bilir, bəlkə də aciz deyil, sadəcə, onları susdurmaq üçün  addım atmır.

Fakt budur ki, Ermənistanda mövcud siyasi qüvvələr, daha doğrusu, revanşistlər maksimum dərəcədə təbliğat və təşviqat aparırlar ki, hayları yenidən Azərbaycana qarşı qaldırsınlar. Məsələn, üç gün öncə Ermənistanın keçmiş müdafiə naziri, “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan  müsahibəsində iddia edib ki, guya  Azərbaycan heç bir sülh müqaviləsi imzalamaq fikrində deyil. Onun sözlərinə görə, qalib tərəfin, yəni rəsmi Bakının hərbi ritorikasına elə hərbi dildə cavab vermək lazımdır.

Deyəsən, bu sabiq nazirin könlünə “dəmir yumruq” düşüb. Əks halda belə çərənləməzdi. Əvvəla, rəsmi Bakı sülhlə bağlı bütün imkanlardan yararlanmağa çalışır. Belə ki, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sülh sazişinin mətnini  göndərib və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış etməkdə davam edir. Təəssüf ki, Xocalı qatillərindən – Robert Koçaryandan, Serjik Sarkisyandan, Seyran Ohanyandan və digərlərindən təlimatlar alan Arşak Karapetyan kimi revanşistlər hələ də reallıqları görmək istəmirlər. Onlar xaricdəki havadarlarının, xüsusilə Fran­sanın dəstəyi ilə Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasına imkan verməməyə çalışırlar. Məhz bu səbəbdən  Ermənistan müxtəlif bəhanələrlə sülhdən yayınmaq üçün fərqli mövqe ortaya qoymaqdadır. Onun hərbi dildə Azərbaycana cavab vermək fikrinə gəldikdə isə, yəqin, Arşak Karapetyan bilməmiş deyil ki, Ermənistan ordusunun Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməməsi barədə kifayət qədər dəlillər  var.  Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu öz yerində oturtmadımı? Sentyabr ayında keçi­rilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərmədimi? Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusunu tamamilə iflic vəziyyətinə salmadımı, hayları  ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur etmədimi? Bu gün də ordumuz daha güclü, daha əzmkardır. Tə­sadüfi deyil ki, dövlətimizin başçısı andiç­mə mərasimində bildirmişdir:  “Növbəti illər­də qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qara­bağ müharibəsindən sonra bu istiqamət­də çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkin­dən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”. 

Sabiq nazir, həmçinin konstitusiyanın dəyişdirilməsi məsləsinə də toxunub. Bildirib ki, Ermənistan bəlkə də dünyada yeganə ölkədir ki, başqa ölkə deyir ki, konstitusiyanızı dəyişdirin: “Azərbaycan təkcə, bizim konstitusiyamızı dəyişmək istəmir. Onlar bizim tariximizi istəyirlər. Çünki özlərinin tarixi yoxdur.  Azərbaycan ötən əsrin əvvəllərində yaranıb, ondan əvvəl heç bir sənəddə Azərbaycanın adı yox idi. Onların məqsədi bizimlə sülh müqaviləsi imzalamaq deyil, rəhbərliyimizin hörmət bəslədiyi tariximizi mənimsəməkdir”.

Arşak Karapetyan bilməlidir ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olduğundan İrəvan ana yasasına əl gəzdirməli, dəyişiklik etməlidir. Digər tərəfdən, Azərbaycanın son illərdəki tarixi qələbələrindən və özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra isə bu ölkənin konstitusiyasında “Ermənistan Dağlıq Qarabağın təminatçısıdır” ifadəsi saxlanıla bil­məz. Çünki bütün bunlar gələcəkdə növbəti fəsadlara, qarşıdurmalara səbəb ola bilər. Bu barədə Prezi­dent, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində demişdir ki, bundan sonra Ermənistan cəmiyyətin­də real vəziyyətin düzgün təhlili getməlidir: “Artıq mifo­logiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülya­sından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbayca­na və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmə­lidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur". Bu isə o deməkdir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətdir. Bəli, Azərbaycan Ermənistanı bölgədə yaranmış yeni reallıqlara uyğunlaşdırmaqda israrlıdır.  Artıq bunu yaranmış mövcud şərait də diktə edir.

Sabiq nazirin fikirlərindən bəlli olur  ki, onun ümumiyyətlə, nə Azərbaycanın, nə də Ermənistanın həqiqi tarixindən xəbəri yoxdur. Əgər olsa idi, belə çərənləməzdi. Yəqin sabiq nazir bilməmiş deyil ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları üzərində qurulub.  Belə ki, 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra Azərbaycanın müstəqil dövlətləri - xanlıqlar ləğv edilib. Bu da Çar Rusiyasına şərait yaradıb ki, Azərbaycan torpaqlarını istədiyi kimi bölüşdürsün, hətta burada Ermənistan adlı qondarma bir dövlət yaratmaq niyyətini gerçəkləşdirsin. Akademik Yaqub Mahmudovun sözlərinə görə, çar I Nikolay “Erməni vilayəti”nin yaradılması haqqındakı sərəncamı 1828-ci ilin martında imzalayıb. Bununla da Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsası qoyulub.

Bəli, revanşistlər bu kimi cəfəng fikirlərlə hayları yenidən Azərbaycana qarşı qaldırmağa cəhdlər edirlər. Yeri gəlmişkən qeyd edək ki, son günlər  şərti sərhəddə atəşkəsin pozulması hallarının artmasında revanşistlərin  bu kimi təbliğatlarının rolu çoxdur. Nikol Paşinyan isə hələ də susmaqdadır. Bütün bunlar da Fransa Prezidenti Makronun ətəyindən yapışan baş nazirin özünün də avantüraya, revanşa can atdığını deməyə əsas yaradır. Buna görə Prezident İlham Əliyev çox haqlı olaraq Azərbaycana Ermənistanda revanşizm cəhdlərinin olmayacağına dair qarantiya istəyir.

Qvami Məhəbbətoğlu, “İki sahil

Seçilən
286
4
ikisahil.az

10Mənbələr