AZ

İrandan Azərbaycana narkotikləri indi də dronla daşıyırlar

“Bəla axınının” qarşısını necə alaq; ekspert: “İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki...”
Azərbaycana narkotik ən çox İrandan daşınır. Vaxtilə torpaqlarımız işğalda olanda həmin ərazilərdən nəzarətsiz zona kimi narkoqaçaqçılar istifadə edib, indi bu imkan yoxdur, başqa istiqamətlərdən cəhdləri artırıblar. 
 
Eyni zamanda narkotikin Azərbaycan ərazisində yayılması da sanki bir “molla rejimi” siyasətidir.   
 
Təkcə 27 fevral tarixinə İranın “narkosiyasəti”nə dair 3 xəbər var: 
 
İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan daha bir narkokuryer Yasamal rayonunda saxlanılıb.
 
Bu barədə DİN məlumat yayıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb. Həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. S.Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. 
 
İkinci olay: Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov “Vaz 2106" markalı avtomobildə saxlanılıblar.
 
Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
 
Valeh Əhmədov və Xəyal Əlizadə barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Üçüncü hadisə: Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.
 
“Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib. Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200" mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.
 
Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları, Yusifinecat Mehran Tağı oğlu və Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib. 
 
Fevral ayının 26-da isə saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
 
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
İran Azərbaycanı hədəf seçib, yoxsa onun başqa tranzit imkanları olmadığı üçün bütün imkanlarını bu istiqamətə səfərbər edib? Bu bəlanın qarşısını tamamən almaq mümkündürmü? 
 
Deputat Arzu Nağıyev təltif edildi | 1news.az | Xəbərlər
 
Arzu Nağıyev 
 
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, ölkə ərazisində ələ keçən narkotiklərin İrandan daşınması təsadüfi deyil: “Qarabağ işğaldan azad olunandan sonra 140 kilometrlik İran-Azərbaycan sərhədində vəziyyət tam şəkildə nəzarətə götürülüb. Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, bu istiqamətdə işlər görür, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün addımlar atılır. 
 
Lakin narkoticarətçilərə qarşı aparılan mübarizə, yeni-yeni metodların tətbiqi çox zaman effektiv olmur. Hazırda İran tərəfindən dronlar vasitəsilə Azərbaycan ərazilərinə narkotiklərin daşınması həyata keçirililir. Kiçik ölçülü dronlara narkotik yükləyib neytral əraziyə ötürürlər, drondan narkotiki neytral əraziyə atırlar və yeri barədə ərazimizdə olan narkoşəbəkə üzvlərinə məlumat verirlər.  
 
Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başlandı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - “Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir.
 
Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən qanunsuz narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Qarabağ heroin trafikində önəmli yer tuturdu".
 
“İran Azərbaycan ərazisinə narkotiklərin daşınmasının qarşısını niyə almır” sualına deputatın cavabı belə oldu: “İran bəzi vaxtlarda Azərbaycan ərazisinə narkotiklərin daşınmasının qarşısını almaqda maraqlı olsa da, ümumilikdə bu maraqlı deyil. Çünki narkoşəbəkələrin bəzisi İranın müvafiq orqanları ilə əlaqəlidir. İran narkotiklərə qarşı mübarizədə səmimi deyil”.
 
Oleq Kuznetsov: "Mən Rusiyanın prezidenti deyiləm..." | | Xural qəzeti
 
Oleq Kuznetsov
 
Xatırladaq ki, rusiyalı hüquqşünas və politoloq Oleq Kuznetsov “İnterfaks”a müsahibəsində “Rəsmi Bakı narkotik ticarəti ilə daha effektiv mübarizə aparmaq üçün İran  hakimiyyəti ilə münasibətləri necə qura bilər” sualına belə cavab vermişdi: “Azərbaycan-İran münasibətlərinin təfərrüatları, xüsusən də bu mövzuda xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqə səviyyəsi haqda məlumatlı deyiləm. Ancaq bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz...
 
İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. “Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Və bu mövzuda 2-ci fərqli fikir ola bilməz".
 
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
36
moderator.az

10Mənbələr