AZ

"Çəkiliş zamanı "Göygöz Kosa"dan qorxurduq" - "Bir qalanın sirri"ndəki balaca "Hadı"/FOTO

“Bir qalanın sirri” filmində Hadı rolunu oynamış Telman Əliyev illər əvvəl show.az-a müsahibəsində filmlə bağı danışıb. 

1945-ci ilin aprelində anadan olan Telman Əliyev  Bakıda 26 saylı orta məktəbdə oxuyub.

– Hamı sizi Hadı kimi tanıyıb sevdi.

– Qismətimdən narazı deyiləm. Həmin filmdən sonra məktəbdə elə məni də, Fərhadı da “Hadı, Bıdı” deyə, çağırırdılar. Mən Fərhadla qardaş kimi idim. Biz paralel siniflərdə oxumaqla yanaşı həm də məhəllə uşaqları idik. Oxuduğumuz 26 saylı məktəb indiki Bülbül adına məktəbin binasında yerləşirdi. Məktəbimiz Ceyhun Mirzəyevə görə çox məşhur idi. Onda “Ögey ana” filmi çəkilmişdi artıq. Rejissor Əlisəttar Atakişiyev də çəkəcəyi “Bir qalanın sirri” filmi üçün də uşaq qəhrəmanlarını yenə də bizim məktəbdə axtarmaq qərarına gəlmişdi. Seçilənlər arasında mənimlə Fərhad da vardı. Yəqin bu da bir qismət idi ki, o qədər uşağın içindən bizi təsdiqlədilər. O vaxt Kinostudiyanın bir pavilyonu vardı: o da Azadlıq Meydanının arxasında yerləşirdi.

Filmin bircə kadrı orda çəkilmişdi; xəbər gəldi ki, bəs “Koroğlu” filminin sifarişi gəlib, pavilyonu boşaltmaq lazımdır. Onda məcburiyyət qarşısında qalan rejissor Əlisəttar müəllim Lenfilmlə müqavilə bağladı və biz filmi çəkmək üçün Leninqrada yola düşdük. Orada çox böyük bir pavilyon vardı: eyni zamanda dörd filmin dekorasiyası qurulmuşdu. Biz çəkilişləri axşamlar edirdik. Digər tərəfdə isə Rusiyanın ən məşhur aktyor və rejissoru olan Aleksey Batalov “İtlə gəzən qadın” filmini çəkirdi. Batalov bizim Mətanət bacıya vurulmuşdu. “itlə gəzən qadın” filminin qəhrəmanı olan aktrisa da Batalovu sevirdi. Yazıq kişi gizlicə məktub yazıb, Bıdıya verirdi ki, Mətanətə çatdırsın. Biz uşaq idik, amma başa düşürdük ki, onların arasında nəsə var.

– Uşaq olsanız da, bəxtiniz gətirmişdi: Azərbaycan kinosunun nəhəng sənətkarları ilə eyni filmdə rol almışdız.

 

– Sözün düzü, onda bunu o qədər də başa düşmürdük. Nə deyirdilər, onu da edirdik. Amma uşaq olsaq da, öz qürurumuz vardı… xüsusən də Fərhad… Ona söz demək olmurdu. Filmdə bir səhnə var: əlləri arxadan bağlı olan Hadı ilə Bıdı Elşənin içəri girdiyini görən kimi tez qalxıb, çiyinlərini Mətanət bacının ayağı altına verirlər. Mən bir az cəld idim, amma Fərhad kök idi deyə, yerindən qalxana kimi axşam olurdu. Mən durub qaçırdım, baxırdıq ki, o, hələ oturduğu yerdə vurnuxur. 5 dubl… 6 dubl… Əlisəttar müəllim gördü ki, bu, ləng tərpənir, hirsləndi, nə təhər gəlib şappıltı ilə Fərhadın üzünə bir şapalaq ilişdirdisə…. Fərhad əsəbindən əlindəki ipi qırdı, Əlisəttar müəllimi də itələyib, qaçdı küçəyə… Təsəvvür edin: Leninqradda gecələr süd kimi bəmbəyaz olur. İndi çıxmışam mən də bunun ardınca cağırıram… heç vecinə də deyil. Gecənin qaranlığında ayağında çarıq, əynində də çuxa… baş alıb gedir. Görənlər də  mat-məəttəl baxır ki, gecənin bir aləmi bu uşaq hardan qaçıb belə?! Güclə qaytardım onu. Dedi, mən çəkilməyəcəm, vəssalam. Dedim, onda mən də çəkilmirəm.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
7
azpost.info

10Mənbələr