AZ

Nicat Lənkəranski 23 gündən sonra azad ediləcək - MƏHKƏMƏ QƏRAR VERİB

 

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır ki, davam edən məhkəməsi martın 18-də başa çatıb. Narkotik maddələrin dövriyyəsindəittiham olunan Nicat Lənkəranski 13 ay müddətinə azadlıqdan məhrum edilib. O, elə 13 aya yaxındır ki, həbsdədir və prokuror hökmdən protest verməsə, 23 gündən sonra azadlığa buraxılacaq.

 

 

Yeri gəlmişkən, prokuror məhkəmədən Nicat Lənkəranskiyə 5 illik həbs cəzası istəmişdi.

 

 

Nicat Lənkəranskinin cinayət işi üzrə materiallar məhkəməyə daxil olanda o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə - külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunurdu. Ancaq məhkəmənin yekununda onun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub. Həmçinin eyni məcəllənin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilərək müttəhim Əkbərova 1 il 1 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin müddət barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan – hesablanır. Nicat Lənkəranski ötən ilin martında həbs olunub.

 

Lənkəranskini  niyə öldürmək istəyiblər?


 

Nicat Lənkəranski başqa bir məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınır. Söhbət ondan gedir ki, ona ötən ilin martında (həbsindən bir neçə gün əvvəl) Bakının Nəsimi rayonu ərazisində, daha dəqiq, Bakı Dövlət Sirkinin qarşısında odlu silahdan atəş açılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin iş üzrə Şahmar İsmayılov, Ramal Məmmədov və Vüqar Quliyev mühakimə olunur. Odlu silahdan açılmış atəş nəticəsində ərazidən keçən və münaqişəyə aidiyyəti olmayan iki nəfər yaralanıb.


 

Nicat Lənkəranski bir neçə il əvvəl Türkiyədə güllələnərək qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub.

 

 

Mediada yayılan məlumatlara görə, o, iki il əvvəl Türkiyədə "Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı ondan qisas almaq üçün Şahmar İsmalıyovu silahlandıraraq arxasınca salıb. Şahmar İsmayılov isə Nicat Lənkəranskiyə sui-qəsdlə bağlı məhkəmədə ifadə verərkən vurğulayıb ki, adam öldürmək niyyəti olmayıb.

 

 

"Öldürmək istəsəydim, şansım var idi. Hadisə yerində məni tanıyan yox idi, Nicatın adını çəkdim, dönüb üzümə baxanda atəş açdım. Qohumum Elnur Qasımovun ölümündə Nicat Əkbərovun əli var. Onu qorxutmaq istəmişəm ki, qohumlarımdan, yaxınlarımdan əl çəksin. Elnur Qasımovu Nicat Əkbərov öldürməyib. Ancaq yerini-yurdunu öldürənlərə bildirib, o da Elnuru qətlə yetirənlərlə əlbir sayılır. Onu qorxutmaqla istəmişəm ki, yaxınlarımdan əl çəksin”, - Şahmar İsmayılov deyib.

 

Günel Əliyeva

 

 


www.anews.az
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla